Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:37

Kef edin, amma incəsənətə toxunmayın!


Əli Əkbər
Əli Əkbər

-

Qlamur gecələrinizi yaşayın, kef eləyin, amma kültürə və incəsənətə toxunmayın. Sadəcə pul kisəsinin ağzını geniş açın və kənara çəkilin...

Əli Əkbər


PƏNCƏRƏLƏRİ AÇIN!

Tənqidin hədəfi təfəkkür olacaq, konkret şəxs ya da qurumlar yox. Onu da nəzərə alıram ki, “tənqid konstruktiv olmalıdır”. Özüm çox konstruktiv adamam deyə, çətin olmayacaq. Azərbaycanda mədəniyyətə və incəsənətə patronluq edənlərə bir-iki sualım var.

Cavablar mənə dəhşət maraqlıdır. Özlərindən eşitmək istərdim, amma belə bir şansımın olmadığını da bilirəm. Yenə də səsləndirim, heç olmasa bu haqda düşünsünlər, əgər indiyə qədər ağıllarına gəlməyibsə.

İncəsənətin həyatın mənəvi aspektlərinə işıq tutduğunu; protest mahiyyətinin olduğunu (mütləq lokal-siyasi mənada yox, daha geniş, hətta kosmik miqyasda protest); daim tələsdiyini, öz zamanını qabaqlamağa çalışdığını; meyar ölçüsünün, yaradıcı şəxslə istehlakçı arasında interaktivliyin olduğunu bilirlərmi?

Adətən sənət adamlarının yazdıqları və göstərdikləri, sadə insanların dilə gətirməkdən çəkindiyi şeylər olur. İnsanın hər yerdə, hər zaman qorxmağa nəyisə var - fərqi yoxdur despot kralın ölkəsində, yoxsa inkişaf etmiş demokratiya şəraitində yaşayır.

Haneke və Balabanovu, Sorokin və Uelbeki bariz misallar olaraq göstərə bilərik. Öz xalqlarının gizli qorxularını qəddarcasına açıb tökən incəsənət xadimlərindən sadəcə bəziləridir bunlar.

Müraciətim rəsmi ya da qeyri-rəsmi olaraq Azərbaycanda mədəniyyətə “baxan”, mədəni siyasətdən cavabdeh olan; salonlara, layihələrə, qastrollara, səhnələrə, nəşrlərə nəzarət edən adamlaradır.

Rəşid Şerif. Kristal
Rəşid Şerif. Kristal

O adamlara ki, rusca danışır və düşünürlər, zadəganlığa, ali sosial statusa, müstəsna zövqə iddialıdırlar, rus dilində danışa bilməyən sadə azərbaycanlıları görəndə iyrənirlər, böyük sərvətə malikdirlər və incəsənət adına nəsə etməyə çalışırlar.

***

Bortkonun mükəmməl kino əsəri “İt ürəyi”nin parlaq və yaddaqalan səhnələrdən biri, doktor Preobrajenskinin auditoriyada bayılma səhnəsidir. Yadınızdadır Filipp Filippoviçin həmkarı necə yanıqlı-yanıqlı qışqırırdı: “Pəncərələri açın! Pəncərələri açın!”

Bu, sizə də aiddir - açın pəncərələri və incəsənəti rahat buraxın. Siz bu qədər çox və bu qədər hər yerdə olmağa məcbur deyilsiniz. Bütün başlanğıcların, layihələrin, performansların arxasında dayanmalı deyilsiniz. Olsun ki, hər şeyi ürəkdən edirsiniz, niyyətiniz xoşməramlıdır, incəsənətlə nəfəs alıb-verirsiniz – yenə də yaradıcı prosesə bu cür açıq-aşkar müdaxilə edən elita obrazı, simpatik görünmür. Heç səmərəli də deyil.

Problem xalqın nankorluğunda, qanmazlığında, çuşkalığında, sizin səmimi həyəcanınızı başa düşmək istəməməyində deyil. Problem ondadır ki, yaradıcı adamın şəxsiyyəti, onun əxlaqi-mənəvi atributları istehlakçı üçün çox vacib məsələlərdir.

Bunlara hər zaman diqqət edilir, hakim zümrənin yedəyində olan adamlara ciddi yanaşılmır. Hakim zümrəyə mənsub olanların, xüsusən sizin kimi karikatura şərq despotlarının, bilavasitə incəsənətlə məşğul olması isə, sadəcə qəhqəhə ilə qarşılanır. Sizi ələ salırlar. Yatmısınız fil qulağında, xəbəriniz yox.

Sənətkar hədsiz azadlığa ona görə malik olmalıdır ki, aktual problemlərdən ilhamlana bilsin və əzabından sənət doğsun. İstedadlara azadlıq hava, su kimi lazımdır, pəncərələri qapalı olan məkanlarda, onlar yarada bilməzlər. Yaratsalar da darıxdırıcı dramaturgiyalı “kafka” süjetləri alınacaq. Ya da ənənəvi olaraq, milli motivlər üzərindən alver edəcəklər. Bunlar kimə maraqlıdır bu gün?

Sizin mədəniyyət nazirliyiniz rejissorları “toyxana” çərçivəsinə salıb, “polisi tənqid etmək qadağandır” şərti ilə əlini-qolunu bağlayırsa; yoxsulluğu, xarabalıqları, ədalətsizliyi göstərmək olmaz deyib, “balanslaşdırılmış daxili və xarici siyasəti” alqışlamağı tapşırırsa, o zaman təəccüblənməyə dəyməz ki, “Azərbaycan çağdaş kinosu” adlı hadisəni nəinki xaricdə, heç Azərbaycanın özündə bilmirlər, tanımırlar, haqqında danışmırlar.

Rəşid Şerif. Şikayət
Rəşid Şerif. Şikayət

Hakimiyyətdəki azərbaycandilli kəsimə “çuşka” deyib, onlardan fərqli olduğunuzu, onlara ikrah etdiyinizi hər fürsətdə bəyan edirsiniz. Hamıya məlum həqiqətdir ki, əyalətdən çıxan bütün nazir, komitə sədri və iri məmurlar sizin qabağınızda kompleks keçirirlər. Allah qoymasa guya bu hakimiyyətin proqressiv hissəsiniz. Qlamur, nəhəng və milyonluq layihələriniz də “aydınlanmış monarxiya” imicinizi bərkitmək üçündür. Cisminiz Bakıda, ruhunuz Avropadadır. Bəs Avropanın “yaxşı cəhət”lərini niyə götürmürsünüz?

Məsəlçün, sevimli İsveçrənizdən bir sürü “yaxşı cəhət” götürə bilərdiniz, amma götürmədiniz. Dünyanın trillionlarını əlində saxlayan bu ölkədə nə israf var, nə də göstərişli layihələr. Adamlar pulun qədrini bilirlər, daha doğrusu pulu ağılla, savadla xərcləyirlər, daha görməmiş kimi yox. Hər şey də yüksək səviyyədə və zövqlə edilir. Hamımız bilirik ki, bizim elita İsveçrəni çox sevir, burada alış-veriş etməkdən və dincəlməkdən doymur. Bu sevginin nə dərəcə böyük olduğunu, “Montreux Caz Festivalı”na tökdükləri pullardan görmək olar. Maraqlıdır ki, özümüzün Bakı caz festivalımız süni nəfəs aparatına qoşulu vəziyyətdə can verir, bunlar isə Montreyə pul axıdırlar. Halbuki bu festival ayaqda qalmaq üçün Azərbaycanın puluna möhtac deyil, Bakı festivalı isə sizin pulunuz olmadan məhvə məhkumdur, necə ki, məhv olub gedib.

Sözümün canı – sizdən baş açmaq olmur. Nə mal olduğunuz bəlli deyil, paradokslarla dolusunuz, heç özünüz də bilmirsiniz nə istəyirsiniz.

Sayənizdə taleyimiz və kültür kodumuz “paxlava-çay”, “İçəri şəhər”, “Qız qalası”nda ilişib qalıb. Milli ornamentlərlə, muğam və xalçalarla nə qədər alver etmək olar? Lokallığın təbliği ilə nə qədər uzağa gedib çıxmaq olar? Azərbaycan problemli coğrafyada yerləşən, kiçik və zəif bir ölkədir.

Bizi xilas edən isə neftimiz yox istedadlarımız, gizli və kəşf olunmamış potensialımızdır. Bəsdir xalqın istedadı və potensialının üstündə oturdunuz. İmkan verin insanlar özlərini realizə etsinlər. İstedadlar xaricə üz tutmadan, sizə yaltaqlanmadan, qurduğunuz birliklərə, dərnəklərə qoşulmadan da yarada bilsinlər. İddianızdan əl çəkin yetər. İncəsənətin bütün seqmentlərinə nəzarət və başçılıq etmək iddiasından əl çəkin yetər. Bilirik, dünyanın ən kültürlü və nəcib, zövqlü və incəqəlbli xanımları və bəyləri sizlərsiniz. Hamımız bunu kəliməyi şəhadət kimi təkrarlamağa hazırıq, təki incəsənətdən əl çəkin.

***

Rəşid Şerif. Bizim quyu
Rəşid Şerif. Bizim quyu

Pul xərcləməyə isə, davam edin. Sadəcə çalışın sağ əliniz verəndə, sol əliniz xəbər tutmasın. Qoy dedi-qodu səviyyəsində bilinsin xeyriyyəçiliyiniz, eybi yox. Təki başqa oliqarxlara da stimul olsun, onlar da əllərini ciblərinə salsınlar. Xeyirli işlərdə rəqabətdən qorxmayın, onsuz da haram pullardır, geci-tezi var, hamısı burnunuzdan gələcək. Ona görə imkan düşdükcə paylaşın, xərcləyin. Sizin qorxunuzdan yardım etmək, incəsənətə və kültürə pul ayırmaq istəyən oliqarxlar da hərəkət edə bilmirlər. Xeyriyyəçiliyi də monopoliyaya almısınız.

Azərbaycanda eskperimental incəsənət laboratoriyalarının qurulmasına pul yatırın. Bakını regionun gənclik mərkəzinə çevirin. Bütün dünyadan gənc adamları Azərbaycana cəlb edin, onların azərbaycanlı həmkarları ilə yaxınlaşmalarını təmin edin, ortaq layihələrə dəstək verin; forumlar, master-klasslar, seminarlar keçirin.

Bu iki şey, sizə uğur qazandıracaq - yaradıcı prosesə qoşulmayın (sizdə bərbad alınır, bu işi bacarmırsınız) və gəncləri həbsxanalardan azad edin. Əks təqdirdə, nə edirsiniz edin, lap gündə yüz Eurovision keçirib, min sərgi açın, ingiliscə danışıb Ceyms Coysu orijinalda oxuyun - gülməli görünəcəksiniz. Həbsxanalarında yeniyetmələrin, gənclərin əqidəsinə görə cazə çəkdiyi ölkələr, yumşaq əzaları ilə göy dağa dırmaşsalar da, xeyri yoxdur – dünya onlarla məzələnəcək. Məzələnirlər də. Sizin yerinizə isə, biz utanırıq.

Kültür cəhətdən Azərbaycanı cəlbedici etmək mümkündür. Kifayətdir ki, kültür və incəsənət kompetent peşəkarlara həvalə edilsin. Sənət adamlarına öz jurnallarınızda mənasız yazılar yazdırmayın, reputasiyalarını zədələməyin. İmkan verin ölkədə təmiz, sizə bulaşmamamış bir neçə adam qalsın. Heç olmasa ekzotika naminə üç-beş adama əl vurmayın, kirlətməyin. Sizdən əvvəl və sizin dəstəyiniz olmadan uğur qazanan adamları ələ almaqdan vaz keçin (zatən siz adam yetişdirə bilməzsiniz). Hazır üç-beş adamı qamarlayıb dəstə düzəltməyin, onları istismar etməyin, pulsuz-parasız işlədib alçaltmayın, qorxu altında saxlamayın. Hər şeyi bilirik, hər şeydən xəbərimiz var – iddilarınız intellektual imkanlarınızı çox aşır. Çox! Rusca danışsanız da, azərbaycandillilərdən mental cəhətdən fərqlənmirsiniz, hətta bəzən onlardan geri qalırsınız. Vallah.

Sizə xidmət edən incəsənətin, incəsənət olmaqdan çıxdığını anlayın. Belə bir “incəsənət”, heç nə vəd edə bilməz. Siz incəsənətə nüfuz etdikcə o, simasını itirir, “kitç”ə çevrilir, bayağılaşır, qiymətdən düşür. Kitablardan da ƏDV-ni yığışdırın, naşir və kitabçılarla dava eləməyin, paxıl olmayın. Heç olmasa nəyisə siz etməyin bu ölkədə. Olarmı? Mümkündürmü? Heç olmasa nəyisə siz etməyin! Çünki, elə bir şey yoxdur ki, onu siz edəsiniz və o, yaxşı, uğurlu alınsın. Əlinizin dəydiyi hər yer çürüyür, irinləyir, iyrənc pardağın arxasındakı üfünət duyulur, görülür.

Qlamur gecələrinizi yaşayın, kef eləyin, amma kültürə və incəsənətə toxunmayın. Sadəcə pul kisəsinin ağzını geniş açın və kənara çəkilin.

Diqqətinizə görə sağ olun.

kultura.az

XS
SM
MD
LG