Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:37

Azercell-də prezident qızlarının payı


Prezident İlham Əliyevin qızları Leyla (solda) və Arzu,
Prezident İlham Əliyevin qızları Leyla (solda) və Arzu,

-

AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları layihəsinin (Organized Crime and Corruption Reporting Project - OCCRP) Azərbaycan məmurlarının biznes qurumları barədə yeni araşdırmasını təqdim edirik.

Yeni ortaya çıxan məlumatlara görə, Azərbaycanın ən böyük mobil operatoru Azercell Telekom MMC də müxtəlif ofşor strukturlar və nümayəndələr vasitəsilə İlham Əliyevin qızlarına bağlıdır. Bununla da prezident ailəsi mobil rabitə bazarının 70%-ə yaxınına nəzarət etmiş olur və beləliklə də bazarda ümumiyyətlə rəqabətin mövcudluğunu şübhə altına qoyur.

Bu həm də ölkədə internet və rabitənin təhlükəsiz, azad olması ilə bağlı suallar yaradır. Bundan başqa, şirkətlərin sahiblərinin kimlər olması mobil rabitə bazarında qiymətlərin yüksəkliyinin də izahı ola bilər.

AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) təqdim etdiyimiz yeni araşdırması İsveçin rabitə nəhəngi TeliaSonera-nın keçmiş sovet coğrafiyasındakı ölkə başçıları ilə müəmmalı əlaqələrini də üzə çıxarır.

ÖZBƏKİSTANDA DA HAKİM AİLƏ, AZƏRBAYCANDA DA...

2012-ci ilin sonunda İsveç Televiziyası və OCCRP TeliaSoneranın 3G lisenziyası əldə etmək üçün Özbəkistanın hakim ailəsinə yaxın şirkətə 320 milyon dollar rüşvət verdiyi ilə bağlı sənədləri üzə çıxardı.

Arxiv fotosu: Prezident İlham Əliyevin qızları Leyla (solda) və Arzu
Arxiv fotosu: Prezident İlham Əliyevin qızları Leyla (solda) və Arzu

Azərbacyanın hakim ailəsinin mobil rabitə şirkətləri ilə sirli əlaqələr çoxdan məlumdur. AzadlıqRadiosu hələ 2011-ci ildə 3-cü mobil rabitə operatoru - Azerfon-un 72 %-nin prezident İlham Əliyevin qızlarına məxsus olmasını üzə çıxarmışdı. Yeni məlum olan sənədlər isə Azercell-in də hakim ailə ilə bağlarından xəbər verir.

TeliaSoneranın Azercelldəki payı 40 faizə yaxındır.

Sənədlərə görə prezident İlham Əliyevin qızları ilə ölkənin ən böyük mobil rabitə operatoru Azərcell-i bir-birinə bağlayan mürəkkəb ofşor şirkətlər sxemi var.

Özbəkistanla bağlı qalmaqaldan sonra TeliaSoneranın rəhbərliyi dəyişdi və şirkət bundan sonra biznesdə etika çərçivələrini gözləyəcəyinə söz verdi. Lakin şirkətin rəsmiləri Azərbacyanla bağlı bizneslərini etik çərçivələrə sığdırmaq üçün hansı addımlar atdıqları barədə sualları cavablandırmırlar.

Mobil rabitə bazarının təqribən yarısına hakim olan Azercell 1996-cı ildə Azərbaycan hökuməti və Türkiyənin mobil rabitə operatoru olan Türkcell tərəfindən yaradılıb. Paylar da Türkcellin əsas sahib olduğu AzertelAzərbaycan hökuməti arasında bölünmüşdü.

Sonra TeliaSonera da birbaşa iştirak etməyə qərar verib və o, Turkcell-lə birgə yaradılan Fintur Holding vasitəsilə Azercell-in əsas payçısına çevrilib.

Azərbaycan hökuməti 2008-ci ilədək Azercell-in ortağı olub, bundan sonra payını Azertel-ə satıb.

Hazırda Azərbaycanın telekommunikasiya bazarı Azercell, Bakcell və Azərfon arasında bölünüb. Mobil operatorların sahibləri ilə bağlı sorğumuza Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cavab verməyib. Topladığımız sənədlər nəyi göstərir?

Bakcell-in loqosu
Bakcell-in loqosu
BAKCELL-İN GERÇƏK SAHİBİ NAMƏLUMDUR

Ölkənin ikinci böyük mobil operatoru Bakcell isə mobil rabitə bazarının üçdə-birinə nəzarət edir.

1994-cü ildə yaradılan Bakcell-də əvvəl Azərbaycan dövlətinin də payı vardı. İndi isə şirkətin yeganə payçısı ofşor zonada - Vircin adalarında qeydiyyatdan keçmiş GTİB 1996 şirkətidir. Bu şirkətin kimə aid olduğu bəlli deyil.

PREZİDENTİN QIZLARINI AZERFON-A BAĞLAYAN OFŞORLAR

Mobil rabitə bazarının dörddə-biri Azerfon-un əlindədir. AzadlıqRadiosu 2011-ci ildə yaydığı araşdırmada Azerfon-un 72 faizinin Panama şirkətləri vasitəsilə Leyla və Arzu Əliyevalara aid olduğunu yazmışdı.

Həmin Panama şirkətlərində daha bir adamın – İsveçrə vətəndaşı Olivye Mestelanın adı çəkilirdi.

Mestelan Əliyeva bacılarının sahib olduğu 7 Panama şirkətində katib vəzifəsini tutur. Həmin şirkətlərdən 3-ü (Hughson Management SA, Gladwin Management SA və Grinnel Management SA) vasitəsilə Əliyevlər ailəsi Azerfon şirkətinə nəzarət edir.

Olivye Mestelan
Olivye Mestelan

Digər 3 şirkət (Hising Management SA, Arblos Management Corp və Lynden Management Group Inc.) isə 6 qızıl yatağını istismar edən AIMROC – beynəlxalq əməliyyat şirkətində payçıdır.

Əliyeva bacıları Hughson Management Inc. şirkəti vasitəsilə Ata Holding şirkətində 51 % pay sahibidirlər, Olivye Mestelan da Ata Holding-in Müşahidə Şurasının üzvüdür.

AZERCELL PREZİDENTİN QIZLARINA NECƏ BAĞLANIR?

Qeyd etdiyimiz kimi, Azercell şirkətinin payının hamısı Azertel-indir. Azertel-in özünün səhmlərinin 42.2%-i isə Cenay İletişim şirkətinin əlindədir. Və... həmin o Olivye Mestelanın adı Cenay İletişim şirkətinin təsis sənədlərində də üzə çıxır. Bu barədə az sonra.

MOBİL RABİTƏ JURNALİSTLƏRƏ QARŞI NECƏ İSTİFADƏ EDİLİR...

Bu, hakim ailənin mobil rabitə, o cümlədən mobil İnternet xidməti göstərən şirkətlərin təxminən 70 faizinə nəzarət etməsi deməkdir. Bu həm də onlara təkcə telefon danışıqları və internet yazışmalarını izləməyə deyil, həmçinin müştərilərin müəyyən saytlara çıxışına məhdudiyyət qoymağa imkan verir.

Media haqları ilə məşğul təşkilatlar deyir ki, mobil rabitə operatorlarının sahibliyi ilə bağlı müəmmalar internet azadlığına ciddi şübhələr yaradır.

Rəşid Hacılı
Rəşid Hacılı

Rəşid Hacılının başçılıq etdiyi Media Hüquqları İnstitutu jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğuldur. O deyir ki, Azərbaycan hökuməti ölkədən internetə çıxışı nəzarətdə saxlayır və tənqidi saytlara girişi məhdudlaşdırmaq təcrübəsi var.

Hacılı deyir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün rabitə provayderlərinə tapşırıq verib ki, izləmə üçün Milli Təhlükəsizlik Nazirliyi də daxil olmaqla bütün hüquq-mühafizə orqanlarına şərait yaratsınlar.

Amma jurnalistlər də daxil olmaqla, haqqı pozulanların məhkəmədə müdafiəsi üçün mobil rabitə şirkətlərindən məlumata ehtiyac olanda vəkillərə həmin məlumatlar verilmir.

Vəkil Elçin Sadıqov deyir ki, bir çox hallarda mobil rabitə şirkətləri qanunda nəzərdə tutulduğu kimi heç məhkəmə orderini də tələb etmədən bütün məlumatları hüquq-mühafizə orqanlarına ötürür:

Elçin Sadıqov
Elçin Sadıqov

“Məsələn, məhkəmədə məlum oldu ki, Əvəz Zeynallının rəhbərlik etdiyi Xural qəzetinin bütün əməkdaşlarının telefon danışıqları qanunsuz dinlənilmişdi – ordersiz-filansız”.

Vəkil deyir ki, Azercell də daxil olmaqla bütün mobil rabitə şirkətləri hüquqi prosedurları gözləmədən telefon danışıqlarının izlənməsinə şərait yaradır:

“Eyni şey Pərviz Həşimlinin işində baş verib. İşi Milli Təhlükəsizlik Nazirliyi aparırdı və ittiham aktından belə məlum olur ki, telefon danışıqlarına tam çıxışları olub”.

Pərviz Həşimli və Əvəz Zeynallı Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan ediliblər.

Hökumətin mobil rabitə bazarına nəzarətinin daha bir qurbanı da jurnalist Aqil Xəlildir.

"Azadlıq" qəzetinin müxbiri olan Aqil Xəlil Azərbaycan hökuməti ilə birgə Azercell-i də məhkəməyə verib və iş hazırda Avropa İnsan Haqları Məhkəməsindədir. O, 2008-ci ildə bir neçə dəfə hücuma məruz qalandan sonra ölkəni tərk edib.

2008-ci ildə Aqil Xəlil MTN işçilərinin də iştirak etdiyi torpaq sövdələşmələri barədə reportaj hazırlayarkən hücuma məruz qalmış, döyülmüş, sonra isə sinəsindən bıçaqlanmışdı.

Azərbaycan hüquq-mühafizə orqanları bıçaqlanmanın jurnalistin yazıları, yaxud MTN-lə əlaqədar olmadığını göstərmək üçün ona qarşı qaralama kampaniyası başladılar və jurnalistin guya homoseksual olduğu, qısqanc sevgilisi Sergey Strekalin tərəfindən bıçaqladığını iddia etdilər. Aqil Xəlilin işini Media Hüquqları İnstitutu aparırdı.

Aqil Xəlil
Aqil Xəlil

Aqil Xəlil Strekalini həyatında görmədiyini, onunla heç bir əlaqəsi olmadığını desə də, onun əsl cinayətkarları tapmaq çağırışları eşidilmədi. Azərbaycan hüquq-mühafizə orqanları Aqil Xəlilin guya Strekalinə sms yazdığını iddia etdilər. Aqil Xəlil və onun vəkilləri Azercell şirkətindən özünün həqiqi sms tarixçəsini tələb etsələr də, şirkət bu tarixçəni jurnalistə verməkdən imtina etdi.

Prokurorluq iddia edirdi ki, Azercell-dən təqdim olunan sms Aqillə Strekalin arasında yazışmadandır. Buna baxmayaraq, Azercell həmin sms-i nə jurnalistə, nə də onun vəkilinə təqdim etmədi. Aqil Xəlil israrla bildirirdi ki, bu sms saxtadır, heç vaxt Strekalin adlı adama sms yazmayıb. Bir il yarım həbs cəzası alan Strekalin isə bir neçə ay sonra azadlığa buraxıldı.

MÜXALİFƏTÇİLƏRİN KÖNÜLLÜ GƏZDİRDİKLƏRİ DİNLƏMƏ CİHAZI...

Hüquq müdafiəçiləri deyir ki, telekommunikasiya şirkətlərinin qanunsuz fəaliyyətindən əziyyət çəkən təkcə jurnalistlər deyil.

Gənc fəal və Müsavat partiyası başqan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu avtomobil qəzasına görə həbs olunanda məlum oldu ki, həm onun, həm atasının işlətdiyi telefonlar dinlənilirmiş.

İstintaq iddia edirdi ki, dinləmə yalnız qəzadan sonra, order alınaraq həyata keçirilib, amma vəkil Elton Quliyevin sözlərinə görə, məhkəmə prosesində istinad olunan telefon danışıqlarının zamanı qəzadan dərhal sonraya təsadüf edirdi və istintaqın bir neçə dəqiqə ərzində məhkəmə orderi almaq imkanı ola bilməzdi. Bununla da, Yaqublu ailəsinin telefon danışıqlarının məhkəmə orderi olmadan dinləndiyi sübuta yetirilmişdi.

RƏQİB ŞİRKƏTLƏRDƏ EYNİ ADAMIN İMZASI...

1996-cı ildə Azercell Azərbaycan bazarına daxil olanda, o, Türkiyədə qeydiyyatdan keçmiş Azertel və Azərbaycan dövləti arasında birgə müəssisə idi.

Azertel-in sahibləri isə Turkcell və Fintur Holdings (79,8%) və iki türk şirkəti - Cenay İletişim (10,1 %) və Cenay İnşaat (10,1) şirkətləri idi. TeliaSonera da Fintur Holdings-də paya sahib idi.

2005-ci ilin oktyabrına qədər Azertelin ortaqları

2005-ci ilin noyabrında 2 Panama şirkəti – Dilsan Investment SA və Colville Group SA – Cenay İletişim şirkətini 8.85 milyon yeni Türk lirəsinə (US$ 6.6 million) alır.

Panamada şirkətlərin real sahibinin adını gizlətmək çox asandır. Təsis sənədlərində yalnız hüquqşünasların adı görünür, amma səhifələrin birində Olivye Mestelanın qələmlə çəkilmiş imzası var. Halbuki, nə Mestelanın, nə də onun digər şirkətlərdəki müdirləri Leyla və Arzu Əliyevaların adları və vəzifələri sənədlərdə göstərilmir.

2005-ci ilin noyabrında iki Panama şirkəti Dilsan Investment SA və Colville Group SA Cenay İletişimin paylarını alır. Şirkətlərin ikisinin də təmsilçisi Olivye Mestelandır.

Cenay İletişim şirkətinin Türkiyə reyestrindəki sənədləri ilə bu linkdə, Azertel şirkətinin sənədləri ilə isə burada tanış ola bilərsiniz.

PREZİDENT QIZLARI İLƏ ÇALIŞAN OLİVYE MESETLAN KİMDİR?

2005-ci ildə Azərbaycanın rabitə bazarına Azerfon şirkəti də girir. Hökumət Azerfonu bazara tendersiz buraxır və hər kəsə Almaniyanın Siemens şirkətinin Azerfonda payçı olduğunu elan edir.

Yalnız altı il sonra 2011-ci ildə Azadlıqradiosunun araşdırması Siemensin payçı olmadığını, Azerfonun səhmlərinin 72 %-nin Panama şirkətləri vasitəsilə prezident Əliyevin qızlarına məxsus olduğunu üzə çıxardı.

Leyla və Arzu Panama şirkətlərində prezident və xəzinədar vəzifələrini tuturlar, Olivye Mestelan isə onların şirkətlərində katib qismində imza atır.

Mestelan Azərbaycan elitasında tanınan adamdır. İncəsənət qalereyası var və Əliyevlər ailəsinə yaxınlığı ilə seçilir. Wikileaks teleqramlarında onun adı “xüsusi maraq doğuran şəxslər” siyahısında keçir.

Mestelan barədə geniş məlumatı elə Leyla Əliyevanın Moskvada nəşr etdiyi Baku jurnalından oxumaq olar. Məqalədə isveçrəli Mestelan incəsənətin himayədarı kimi təqdim edilir.

Mestelan həmçinin Əliyeva bacılarının yenə də Panama şirkəti vasitəsilə sahib olduğu Ata Holdinqin Müşahidə Şurasının da üzvüdür.

İMZANIN ŞƏKLİ

Mestelanın imzası, qeyd etdiyimiz kimi, Azercellin sahiblərinin təsis sənədlərində də görünür. Dilsan İnvestment SA şirkətinin təsis sənədlərinin birində onun əllə çəkilmiş imzası var. Amma sənədlər Mestelanın şirkətə necə aid olduğunu göstərmir.

Türkiyənin dövlət reyestrində olan sənədlər isə Mestelanın iki Panama şirkətinin - Colville Group SA və Dilsan İnvestment SA şirkətlərinin təmsilçisi olduğunu, onların əvəzinə imza atdığını göstərir.

2008-ci ildə Azərbaycan hökuməti özünə məxsus 35.7 % payı satanda Mestelanın təmsil etdiyi şirkətlərin də Azercelldəki payı artır. Mütəxəssislərin dediyinə görə, çox ucuz, cəmi 180 milyon dollara satılan payı almaq üçün şirkətlər nizamnamə fondunu artırırlar və artımdan sonra Azercell/Azertelin səhmləri belə bölüşdürülür:

  • Fintur Holding – 51.3 faiz
  • Cenay İletişim – 42.2 faiz
  • Cenay İnşaat – 6.5 faiz

2008-ci ildə Azertel Azercell-in vahid sahibi olandan sonra Artel-in özünün pay strukturu.

3G LİSENZİYASI İLƏ DƏYİŞƏN DAHA BİR ORTAQ

Cenay İletişim üçün kifayət qədər sərfəli sövdələşmə idi. Azertelin Türkiyə dövlət reyestrinə göndərdiyi hesabatlardan belə məlum olur ki, 2006-2012-ci illər arasında Cenay İletişim şirkəti 95 milyon dollar sərmayə qarşılığında azı 249 milyon dollar dividend götürüb.

Amma hakim ailə ilə yaxınlığına baxmayaraq, Azercell üçün hər şey çox da asan olmayıb. Məsələn, şirkət 3G lisenziyasını almaq üçün bir neçə il gözləməli olub. Bu müddət ərzində 3G lisenziyası yalnız prezident qızlarının daha çox paya sahib olduğu Azerfon şirkətində olub.

Elə 2011-ci ildə Azercell-in nəhayət ki lisenziyanı alması da şirkətin pay bölgüsündə dəyişikliklə müşayiət olunur. Bu dəfə üçüncü ortaq - Türkiyədə Güldamla ailəsinə məxsus Cenay İnşaatın 6,5 faizlik payı yeni yaradılmış FA Invest Malta Limited adlı şirkətə keçir. Maltada yaradılmış FA İnvest şirkətinin də sahiblərinin kim olduğu bəlli deyil.

2011-ci ildə 3G lisenziyası alınandan sonra Azertelin pay bölgüsü

PREZİDENTİN MÜHAFİZƏSİNDƏ AZERCELL-İN TƏMSİLÇİSİ?

Malta vəTürkiyə dövlət reyestrinin sənədlərinə baş vururuq. Türkiyə reyestrindəki sənədlərdən öyrənirik ki, Azərbaycan vətəndaşı Həmzəyev Rəşad Firudin oğlu bu şirkəti Azertel İdarə heyətində təmsil edir.

Axtarışlarımız eyni ad, soyad və ata adına sahib yalnız bir şəxsi üzə çıxardı.

Onun adına 2010-cu ilin avqustunda Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının təltif olunması barədə prezident sərəncamında rast gəlirik. Mayor Rəşad Həmzəyev prezident sərəncamı ilə “Vətənə xidmətə görə” medalı ilə təltif olunub. Xatırladaq ki, Xüsusi Dövlət Mühafizə xidməti prezidentin mühafizəsi ilə məşğul olur.

Olivye Mestelan və Rəşad Həmzəyevə Azercell, Cenay İletişim şirkətləri vasitəsilə suallarımızı göndərdik. Cavab gəlmədi. Həmzəyevin qeydiyyatda olduğu ünvanda da suallarımıza cavab verəcək bir kimsə tapılmadı. Həmin ünvanda yaşayan kirayənişinlər ev sahibləri ilə ünsiyyətdə olmadıqlarını söylədilər.

TELİASONERADAN CAVAB GƏLDİ

Sorğularımıza cavab verən elə bircə TeliaSonera şirkəti oldu.

2013-cü ilin hesabatında TeliaSonera yeni Dayanıqlılıq və Etika Komitəsi yaratdığını, “korrupsiya ilə mübarizəni” fokusda saxlayacağını, “müvafiq tədbirlər görəcəyini” bəyan edib.

Azercellin sahibləri barədə sorğuda şirkətin “müvafiq tədbirlər” çərçivəsində Azercelldəki ortaqlıqla bağlı da hər hansı addımlar atıb-atmayacağını soruşduq.

Belə ki, şirkətin özünün apardığı araşdırmanın nəticə hissəsində korrupsiya izi olan sövdələşmələrin pozulması və yenidən bağlanmasından söz açılır.

TeliaSoneranın ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Salomon Berkele cavabında hesabatda deyiləndən artıq detallara vara bilməyəcəyini bildirib.

Hesabatda TeliaSoneranın bir sıra keçmiş sovet ölkələrindəki sövdələşmələr üzrə hələ də istintaq getdiyi bildirilir.

RƏQABƏT OLMAYANDA KASIBLAR DAHA ÇOX XƏRCƏ DÜŞÜR

Mobil rabitə bazarındakı monopoliya həm də qiymətlərə təsir edir. Bakı sakini Cahangir Əlibəyzadənin 3 telefon aparatı saxlamasının səbəbi də qiymətlərdir. O, deyir ki, Azərbaycanda operatorlararası zənglər baha olduğundan yeganə çıxış yolu hər operatorun bir sim-kartını saxlamaqdır.

Amma bu səylər də kömək eləmir. Cahangir Əlibəyzadə mobil rabitə haqqının çox yüksək olmasından şikayətlənir.

Beynəlxalq rabitə araşdırmaları da Azərbaycandakı qiymətlərin bölgədəki başqa ölkələrdən baha olduğunu göstərir:

Ölkə

Əvvəlcədən ödənilmiş qiymət (hər dəqiqə üçün Avro ilə)

Azərbaycan

0.09

Gürcüstan

0.09

Latviya

0.07

Ermənistan

0.06

Litva

0.06

Ukrayna

0.05

Estoniya

0.05

Qazaxıstan

0.05

Rusiya

0.03

Iran

0.03

Mənbə: NUMBEO

3 SİM-KART DAŞIYAN AZƏRBAYCANLILAR

Kamal Məhəmmədli də 3 sim-kart işlədir. Deyir ki, əsl rəqabət olsaydı, mobil operatorlar eyni qiymətlər qoymazdı. Rəqabətə girib, xidməti ucuzlaşdırardılar. Əlibəyzadə və Kamal Məhəmmədli kimi Ağdaş sakini Əhməd Mahmudov da azad bazarın olmamasının keyfiyyətə də, cibə də təsir etdiyini düşünür. Onun 3 operatordan birini seçə bilməməsinin səbəbi:

“Hamısı adamın cibinə girir. Deyirlər qiymətləri salmışıq. Amma elə formada pulum gedir ki, yerini də tapa bilmirəm”.

Bəs, məntiqlə 3 şirkətin mövcudluğu rəqabət deyilmi? Bu suala Mahmudovun cavabı sərt oldu:

“Sizin məntiq Azərbaycanda işləmir. Bizim məntiq başqadir”.

RƏQABƏT VARSA, HANI?

Azərbaycan hökuməti də, şirkətlər də ölkə mobil rabitə bazarında rəqabətin olduğunu iddia edirlər. Amma sənədlərin danışdığı hekayə başqadır.

Məsələn, Bakcell şirkətinin Azerfonla rəqabətə o qədər də bənzəməyən münasibətləri suallar doğurur.

Bu sualları Bakcell Müşahidə Şurasının üzvü Məmməd Abbasova yönəltdik. Sualımız belə idi:

“Bakcell şirkətinin 2011-ci ildə təqdim etdiyi İstiqrazların emissiya prospektindən görürük ki, siz həmin şirkətin Müşahidə Şurasının üzvüsünüz. 2011-ci ildə əldə edilmiş digər bir sənəddə isə sizin 5 oktyabr 2009-cu ildə qeydə alınmış, Azertelekomun həmtəsisçisi olduğu C-RING Telekom şirkətinin hüquqi təmsilçisi olduğunuzu görürük.

Azertelekom Azerfon-a məxsusdur. Bakcell isə Azerfonla rəqib şirkət hesab edilir. Belə olan halda sizin iki rəqib şirkətdə eyni vaxtda oynadığınız rolu necə izah edə bilərik?”

Məmməd Abbasov Facebook səhifəsi vasitəsilə göndərdiyimiz suallara cavab vermədi.

Onun, Olivye Mestelanın və Rəşad Həmzəyevin suallarımıza cavabını hər zaman dərc etməyə hazırıq.

Azercell şirkəti də suallarımızı Cenay Telekom şirkətinə ünvanlamağı məsləhət görüb. Cenay Telekoma yazdığımız məktuba cavab almamışıq.

İstifadə edilmiş önəmli sənədlər:

  1. Hising Management SA şirkətinin Panama reyestrindən təsis sənədləri Əliyevalar və Mestelan
  2. Ata Holdinq səhm emissiya prospekti - Olivye Mestelan MŞ üzvüdür
  3. 2008-ci ildə Azecellin dövlətə məxsus payının özəlləşdirilməsi barədə TeliaSoneranın bəyanatı
  4. Azercell Telekom, TeliaSonera və Cenay İletishim şirkətlərinə sorğular
  5. Rəşad Həmzəyev vətənə xidmətə görə medalı ilə təltif olunub
  6. Fintur Holding payçıları. Mənbə: şirkətin internet səhifəsi
  7. Azerteldə maliyyə dövriyyəsi, ortaqlar və illər üzrə sərmayə və dividendlərin bölgüsü
  8. Panama reyestrindən Dilsan İnvestment Sa şirkətinin sənədləri
  9. FA Invest şirkətinin Türkiyə və Malta reyestrindən və Türkiyə reyestrindən sənədləri
  10. Türkiyə reyestrindən Azertel şirkətinin sənədləri
  11. Türkiyə dövlət reyestrindən Cenay İletişim şirkətinə aid olan sənədlər
  12. Bakcell şirkətinin emissiya prospekti və təsisçi şirkət barədə məlumat
  13. Bakcell-in Vircin Adalarında qeydiyyatdan keçmiş təsisçisi
XS
SM
MD
LG