Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:32

Seymur Baycan. Boşboğazların məhvi


Seymur Baycan
Seymur Baycan

-

Çünki sayt rəhbərlərinin, qəzet redaktorlarının da əksəriyyəti ciddiliyə, zəhmətə deyil, folklora, boşboğazlığa üstünlük verməkdədirlər...

Seymur Baycan

İSTEDAD VƏ BORC

Çox təəssüf ki, seyid cəddinə arxayın olan kimi, bizim sənət adamlarımız da öz istedadlarına çox arxayındırlar (nə gizlədim, bu cümləni yazanda güldüm).

Sartrın yaxşı bir sözü var. Deyir ki, istedad insana verilmiş borcdur. İnsanın sonrakı həyatı onun həmin borca layiq olub-olmadığını müəyyən edir. Söz yadımda təxminən belə qalıb.

Bizim ölkədə istedad sənət adamlarının qəniminə, daha doğrusu qəbrinə çevrilir. Çünki onların sonrakı həyatı bu borca, yəni istedada layiq olmadıqlarını ortaya qoyur.

Çaykovski kimi əjdaha deyir ki, uğur doxsan doqquz faiz zəhmət, bir faiz istedaddır. Bizimkilərin isə fəaliyyətindən belə hiss olunur ki, onlar üçün sənətdə uğur doxsan doqquz faiz istedaddan, bir faiz zəhmətdən ibarətdir.

Bizim sənət adamlarımız istedadlarına həddindən artıq çox inanırlar və sonra da bu istedad onların faciəsinə səbəb olur.

Tutaq ki, cavan bir uşağın şeirlər kitabı çıxıb. Bu uşağın da iyirmi iki yaşı var. Biz onun şeirlərini oxuyub, onun haqqında nə deməliyik? Deməyəcəyik ki, sən yaxşı şairsən, sən dahisən. Deyəcəyik ki, istedadlısan. Gözləyək görək yeddi-səkkiz ildən sonra bu şair nə qoyacaq ortalığa.

Amma əlli yaşında adamın kitabı çıxanda durub ona istedadlı şairsən demək nə qədər düzgündür? Düzdür, o, bunu kompliment kimi qəbul edəcək. Ancaq ağlı varsa bunu söyüş kimi qəbul etməlidir. Ya ona yaxşı şair, ya da pis şair deməlisən. Bizdə yetmiş yaşlı insan "istedadlısan" sözünü hələ də kompliment kimi qəbul edir.

Bizim ölkənin sənət dünyasında dəhşətli bir savadsızlıq hökm sürür.

Bu dəqiqə Azərbaycanda azı beş yüz adam şair-yazıçı adına iddialıdı.

Hər şeyi qoyaq bir kənara, elə Yazıçılar Birliyinin min altı yüz üzvü var. Bu qədər şair, yazıçı adına iddialı adamların arasından cəmi on adamı seçib onlarla ədəbiyyat haqqında bir balaca ciddi söhbət etmək olar. Şair var, on dörd kitab müəllifidi, amma soruşsan on dörd şairin adını sadalaya bilməz.

Bir dəfə şairlərdən biri Markesin “Yüz ilin tənhalığı” əsərini oxumusunuz sualına, yox oxumamışam, amma o əsəri mənə danışıblar cavabı vermişdi.

Tək ədəbiyyat sahəsində deyil, başqa sahələrdə də bu biabırçılıq, bu savadsızlıq hökm sürməkdədi.

Zəhmətə üstünlük verənlər, özünü yetişdirmək istəyənlər azdı. Hər kəs istedadına arxalanır. Məhz zəhmət çəkmədiklərinə, zəhmət çəkmək istəmədilklərinə görə də sənət adamlarının da söhbətləri folklor səviyyəsindədi.

Ədəbiyyata, rəssamlığa, teatra, kinoya ayaq basan adam, bir yeniyetmə, bir gənc qısa müddətdə ədəbiyyat, rəssamlıq, teatr, kino sahəsində yüz ildə baş vermiş bütün söhbətləri əzbərləyir.

Ortada ciddi sənət söhbəti, fikir, müzakirə, ən nəhayət kitab yoxdu. Ortada ancaq lətifə janrında yüz ildi çeynənmiş söhbətlər var: "Bir dəfə Hüseyn qaqa yolla gedirmiş .... ha ha ha. Bir dəfə Səttar Bəhlulzadə girir mağazaya... ha ha ha. Bir dəfə Yaşar Nuri gedir Sumqayıta teatra... ha ha ha". Vəssalam.

Bütün söhbətlər təxminən bu janrdadı. Bütün günü lətifə danışmaqla məşğuldurlar. Yorulmurlar. Düzdü, lətifə də lazımdı, amma bütün həyatı, bütün sənəti, bütün yaradıcılığı lətifə danışmağın üzərində qurmaq olmaz.

Bəs onların bu qədər folklora üstünlük verməyinin səbəbi nədi? Səbəb işə ciddi yanaşmamaq. Kitab oxumamaq. Öyrənməmək. Zəhmət çəkməmək. İşin asanından yapışmaq.

Ən pisi də odur ki, bizim qəzet redaktorlarının, sayt rəhbərlərinin çoxu da lətifə janrına, folklora üstünlük verirlər. Sənətdə belə boşboğazlıqla məşğul olanlar redaktorlar, sayt rəhbərləri üçün daha doğma hesab olunur.

Çünki sayt rəhbərlərinin, qəzet redaktorlarının da əksəriyyəti ciddiliyə, zəhmətə deyil, folklora, boşboğazlığa üstünlük verməkdədirlər. Nəticədə durumu, vəziyyəti, mühiti bir balaca düzəltmək, ciddiləşdirmək istəyənlər bütöv bir savadsız, boşboğaz ordusunun hücumuna məruz qalır.

Çünki onlar muhitin belə biabırçı gündə qalmasının, ilham pərisi haqda gic-gic söhbətlərin tərəfdarıdırlar. Onlar zəhmətə, kitaba, əziyyət çəkməyə nifrət edirlər. Avtomatik olaraq zəhmət çəkənlərə də nifrət etməkdədirlər.

Onlar öz boşboğazlıqlarına, öz tənbəlliklərinə haqq qazandırmaq üçün istedad haqqında nağıllar uydururlar. Boş söhbətdi. Zəhmət hər şeyə qadirdi. Hər bir insan özü-özünü yetişdirə bilər.

Şəxsən mən orta məktəbdə oxuyanda inşa yaza bilməmişəm. Tam ciddi deyirəm və heç bir əhvalat filan da uydurmuram. Əhvalat uydurmağa ehtiyac yaransa, daha maraqlı əhvlatlar uyduraram.

Deyirlər Seymurun müşahidə qabiliyyəti güclüdü. Bunu da zəhmətlə qazanmışam. Oxuduqlarım müşahidə qabiliyyətimin güclənməsinə səbəb olub. Həyatda az-çox qazandığım varsa, bunu kitabların sayəsində qazanmışam.

Başqaları istedad, ilham pərisi haqqında gic-gic danışanda, çeynənmiş lətifələri təzədən çeynəyəndə oturub kitab oxumuşam. Gözümün qarşısında istedadına hədsiz dərəcədə arxayın olan adamlar bir-bir məhv oldular.

Halbuki onların aqibətini görürdüm. Deyirdim, belə olmaz. Kitab oxuyun, zəhmət çəkin, axtarın, araşdırın. Eşitmədilər, nəinki eşitmədilər, dediklərimə lağ etdilər. Güldülər. Guya Allah onları istedadlı yaratmışdı və bu istedad ömürlərinin sonuna qədər onlara bəs edəcəkdi.

Onlar özlərinə həqiqi istedad sahibi, mənə isə ədəbiyyatda təsadüfi adam kimi baxırdılar. Daha çox zəhmət çəkməklə, oxumaqla, araşdırmaqla, axtarmaqla onlara sübüt etdim ki, istedad filan boş şeydi, əsas zəhmətdi. Bunu ona görə yazmıram ki, o adamların uğursuzluğuna, məhv olmaqlarına sevinirəm. Əsla.

Kinayəylə deyilmiş “GÖRDÜN” sözündən zəndeyi zəhləm gedir. İstedadına güvənən adamların məhv olmasına ən azı təəssüf edirəm. Onlar ölkəyə, vətənə, millətə xeyli fayda verə bilərdilər. Yalnız, iradəcə zəif adamlar zəiflərin arasında güclü olmağa üstünlük verər.

Özünə güvənən insanlar isə güclülərin arasında rəqabətə, yarışa girməyə üstünlük verərlər.

Bu cümlələri gənclər, yeniyetmələr üçün yazıram. Zəhmət çəkməkdən, oxumaqdan, işdən qorxmayın. İlham pərisi haqqında boş-boş söhbətlərdən, folklordan, lətifələrdən uzaq durun. Bu sözlər tək sənət dünyasına qədəm basan gənclərə aid deyil, hamıya aiddir. Vaxtınızın qədrini bilin. Oxuyun. Öyrənin. Axtarın. Araşdırın.

Gəncliyin ən aldadıcı cəhətlərindən biri də odur ki, elə bilirsən hər şey əbədidi. Özünü heç cür yaşlı təsəvvür edə bilmirsən.

Bir də görürsən, yaş gəlib çatın otuza, otuz beşə, ortada da bir şey yox. Daha o zaman deməyəcəklər qardaş hansı oyunda nə qədər xal yığmısan? O zaman təfəkkür, fikir, ümumən baqaj lazım olacaq.

Heç kim demir çayxanada oturmaq olmaz. Xeyir, çayxana söhbət etmək, paylaşmaq istirahət etmək üçün əla yerdi. Sadəcə, məsələ çayxanada kimlə oturub söhbət etməkdədi. Gərək elə adamla oturub çay içib söhbət edəsən ki, ondan nəsə öyrənə biləsən. Nəsə paylaşa biləsən. Başıboş, avara adamdan nə öyrənmək olar? Yalnız axmaqlıq. Boşboğazlıq.

Flober haqqında deyirlər: Bəziləri anadan dahi doğulmuşdu, Flober isə özü-özünü dahi etdi. Düzdü, ənənənin də öz rolu var, amma bununla belə zəhmətsiz uğur qazanmaq çətin məsələdi.

Əgər siz həyatda uğur qazanmış adamların bioqrafiyasını diqqətlə araşdırsanız qazanılmış uğurun arxasında çəkilən zəhməti mütləq görəcəksiniz.

Uğur adlı maşının motoru yalnız bir yanacaq növüylə işləyir. Həmin yanacaq növünün adı alın təridir.

Reytinq

XS
SM
MD
LG