Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Naxçıvan sakini: «Ərzaq yararsızdırsa, niyə 2 kilosunu buraxırlar?»


-

Ötən 6 ayda qonşu ölkələrdən gətirilən 95 ton qida məhsulu yarasız olduğundan Naxçıvana buraxılmayıb. Naxçıvan Gömrük Komitəsinin məlumatına görə, vətəndaşlardan saxlanan 10 tona yaxın məhsulu da müvafiq komissiya məhv edib.

Bəzi yerli sakinlər əllərindən alınan qida məhsuluna gömrük komitəsinin gətirdiyi səbəblə razılaşmır. Onların fikrincə, həmin məhsullar bəzi məmurların monopoliya maraqlarına uyğun gəlmədiyindən Naxçıvana buraxılmır.

«BAXDIM, İRANDA QİYMƏTLƏR UCUZDUR...»

Naxçıvan sakini Vaqif Hüseynov deyir ki, bir müddət öncə müalicə məqsədi ilə İrana gedib. İranda nisbətən ucuzluq olduğundan, geri dönərkən ailəsinin biraylıq azuqəsini orAdan almağa qərar verib. Onun bildirdiyinə görə, Naxçıvana gətirmək istədiyi məhsulların bir hissəsi Culfa Gömrük Məntəqəsində saxlanılıb:

«Baxdım, İranda qiymətlər çox ucuzdur. Sevindim ki, evin bir aylıq ərzağını alıb xeyli qabağa düşərəm. Gömrükdə İran tərəfi rahat keçdim. Bizim tərəfə çatınca, aldılar başımın üstünü. Dedilər, hər məhsuldan cəmi 1-2 kilo apara bilərsən, qalanı müsadirə olunacaq. Səbəb kimi dedilər ki, guya yarasızdır. Doğrudan yararsızdırsa, niyə həmin məhsulun 2 kilosunu buraxırlar? Qoy heç buraxmasınlar. Mənimlə bərabər xeyli adamın mallarını əllərindən almışdılar. Bu məhsullar yarasızdırsa, niyə İranda açıq satışdadır? Hamısı öz qurmalarıdır. Hər şey bir-iki nəfərin əlindədir. Həmin şəxslər bu məhsullardan tonlarla gətirir, söz deyən olmur. Gətirib bizə ikiqat, üçqat qiymətinə satırlar. Onlar istəməz ki, camaat ucuz alıb gətirsin».

«XƏBƏRDAR ETMİRLƏR Kİ, HANSI MƏHSULU GƏTİRMƏK OLMAZ»

Digər sakin Sabir Heydərovun sözlərinə görə, gömrükdə əllərindən alınan məhsullar əslində məhv edilmir, müsadirə olunduqdan sonra çeşidlənib bazara çıxarılır:

«Bir neçə dəfə olub ki, İrandan ərzaq alıb gətirmək istəmişəm, buraxmayıblar. Sonuncu dəfə Culfa Gömrük Məntəqəsində 300 manatlıq malımı müsadirə ediblər. Dedilər, yararsızdır, buraxmırıq. Həmin mallara görə sənəd istədim, vermədilər. Heç, İrana gedəndə xəbərdar etmirlər ki, hansı məhsulu gətirmək olmaz. Heç yerə elan da yazmayıblar. Sonradan öyrəndim ki, burada da məqsədləri var. Sən demə, əhalidən müsadirə etdikləri məhsulları yığıb, bazarda baha qiymətə özümüzə satırlar».

«BƏZİ QİDA MƏHSULLARINA QADAĞA QOYULUB»

Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsindən iddialarla bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədilər.

Culfa Gömrük Məntəqəsindən bəzi qida məhsullarına qadağa qoyulduğunu təsdiqlədilər. Lakin müsadirə olunan məhsulların bazarda satılması ilə bağlı səslənən iddiaların əsassız olduğunu bildirdilər.

XS
SM
MD
LG