Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:36

Altmış milyon boş beyin


Sayman Aruz
Sayman Aruz

-

Sayman Aruz

Altmış milyon boş beyin, boş əl...

Sevgilim, gəl bir az kədərlət məni,

gəl məni tərk elə, qoy tənhalaşım.

Gəl otur bax mənə, qoy gözlərinin

dibində boğulub mən dəryalaşım!

Gəl bir az söy məni, gəl tənqid elə,

insan şad olanda vətənsizləyir!

Səni inandırım, mən güləndə də

qəlbimin içində kədər sızlayır.

Gəl bir az, get bir az, qoy küçəmizin

üzünə allahın izi çəkilsin!

Gəl adım üstündən qırmızı xət çək,

üzümə allahın izi çəkilsin!

Gəl tüpür üzümə, de ki, ay axmaq!

nədir axtardığın? Azadlıq? Vəfa?

“Toylar” ölkəsində şad olmaq olmaz,

səni başa düşməz içi boş qafa!

Nəyimə lazımdır bu ev, bu ocaq?

bu altmış milyon boş beyin, boş əl.

Bizim şadlığımız gəldi-gedəridir,

ya keçəl həsəndir, ya həsən keçəl!

Gəl al qələmimi sanc ürəyimə

qoy bir də sevməyim, yara almayım!

Oturub boş vaxtlar yaşamaqdansa,

kağızda azadlıq qaralamayım!

Gəl bir az döy məni, mən kiməm axı!?

Toylar kralıyam? “Rəisəm? Nəyəm?

Bu şadlıq, bu şənlik mənim kimi bir,

vətənsiz insana yaraşar bəyəm!

Vətəndən deyəndə dil edam olur,

dili dilim olur dil çıxardanın!

Nədirsə yoxluğu yaman ağrıdır,

tifağı dağılsın dil çıxardanın!

Gəl çək bu torpağı ayaq altından

geydir ki, tapdanmış bədənim olsun.

Gəl sər bu torpağı sinəmin üstə

vətənim olmadı, kəfənim olsun!

Qəlbimdə yerin ağrıyır

Qəlbimdə yerin ağrıyır,

Bilmirəm darıxır, nədir!

Urmuda Gölün ağrıyır,

Bilmirəm darıxır, nədir!

Bilmək istəsən nə qədər

Yorğunam, istidən soruş.

Dodağımda siqaretin

Yaydığı tüstüdən soruş...

Qayıt getdiyin yollardan,

İzini də götür apar.

Gəl məndə yerə vurduğun,

Dizini də götür apar!

Bəzən heçnəm olmayanda,

Sevgi təskin verir mənə.

Bəzən içib dəm olanda,

Acıqlanıram vətənə!

Niyə bizim ürəyimiz ,

Şadlığı tıxmır, Allahım!?

Niyə bizim ölkəmizdə,

Zindanı yıxmır Allahım?

Təsadüfən doğulsaq da,

Həqiqətən "rədd" oluruq!

Biz həyatın sahilində,

Cəzr oluruq, mədd oluruq!

Küçələrə su səpmişəm,

Yar gəlib çıxmır ki, çıxmır.

Mən cəhənnəm, yataqdaki

Nostaljimizə darıxmır!

Mən, mən, aman mən əlindən

“Mən”in quyusu dərindir.

Dur gəl birlikdə darıxaq,

Tənha darıxmaq çətindir.

*

Mənliyim səninlə gedib,

Sənliyimlə oturmuşuq.

Əlli-əlli dərdləşirik,

Yerin boş, yaxşı vurmuşuq!

ölək müstəntiqin canı sağ olsun

Sən də mənim kimi tənhasan qadın,

Hər gün öz içində qucaqlanırsan.

Tənha güllə kimi, tənha gül kimi,

Ancaq sinələrə sancaqlanırsan!

“Bəlkə”lər içində ömürün keçir

“Amma”lar içində tənhalaşırsan.

Sən ey yer kürəsi, bir nehrə kimi

Həmişə ayrılıq çalxalayırsan!

Səni axtarmasam bil ki, hardasa

Dodağım tikilir və ağlayıram!

Bombanı bağlayıb duyğularıma

Sayın prezidenti qucaqlayıram!

Səni axtarmasam, qəbrimi axtar,

Içində sənsizlik səni büzüşüb.

Məni satmasan da, qəbirimi sat

Ölüm ticarəti yaman qızışıb.

Ruhum quylansa da vətən naminə,

Cismim koç edibdir ana vətəndən.

Başım azadlığa qarışıb, gülüm,

Səni axtarmasam incimə məndən...

Bizi dinləyiblər, ifşa olmuşuq

Indi bilirlər ki, səni sevirəm.

Etiraf edək ki, tənhayıq qadın,

Sabah asılacam, yəni sevirəm!

Azadlıq sadəcə meydan adıdır,

Bunu müstəntiqin təpiyi dedi.

Kağıza yazdım ki, sən, vətən, sevgi,

Məhbəsin divarı başımı yedi...

Gəl ölək, onsuz da öldürəcəklər

Ölüm azadlığı həmişə seçir.

Həqiqət burada qadın adıdır,

Hər gün pəncərəmin önündən keçir!

Həqiqət qadındır, çirkin və xain

Üzü “Azadlığa” gedir həmişə.

Burada Sədaqət, Səadət, Vəfa,

Hər axşam yatağa gedirlər “işə”..

Həblərin gücünə gecə yuxlayıb

Maşın siqnalıyla oyanan qadın,

ölək müstəntiqin canı sağ olsun

Etiraf hökmünə yazılıb adın...

O qədər satdı ki kişinin oğlu...

Allahım, darısqal evlərimizdə,

az qalır qəbir tək sıxılıb ölək.

Torpaq ki vermədin vətən salmağa,

bir qarış torpaq ver, yıxılıb ölək.

Yenə oturmuşuq, siqaret və mən...

Bu rəngli şəhərin adı paytaxtdır.

Yorğunam bir qurdun tənhalığı tək,

“Allahım, qoyunlar necə xoşbəxtdir”!

Hər şeyi bilirsən, amma Tanrıcan,

heç kim olduğumçün məni bilmədin!

Qəlbimdə qəzəb var, gözümdə araq,

yazıq, sən heç gecə yata bilmədin...

Mənim kimilərin nəslin kəsiblər,

sənin göndərdiyin molla “mələklər”!

Bütün bu yolların sonunda “heç” var,

gedənlər bir daha gəlməyəcəklər!

Fontanlar bağında, Qız qalasında

Təbrizi düşünmək, maraqlı işdir...

Bu yetmiş metrəlik bayrağın altda

vətənsiz üşünmək maraqlı işdir...

Bizim payımıza söyüş yazıblar,

bir qrup “ziyalı”, yəni avara!

Bir ovuc vətəni olmayan quşlar

bir ovuc dən üçün qonar divara...

O qədər satdı ki, kişinin oğlu,

and içmək istədi, torpaq tapmadı.

Tanrı yuxarıdan üç alma atdı

səni düşünürdü, heç nə qapmadı...

Bir şeylər vardı ki, sən anlamadan

anlına yazılır və səni seçir...

Görsən küçənizdə polis dayanıb

bil ki, ürəyindən azadlıq keçir



Fuko, mənə kömək eylə

Səsim özümə çatmır heç
Sənə gəlib çata bilməz.
Gəl məni də götür apar
Yoxsa gecə yata bilməz.

Nəsə elə bu ayrılıq
olduğu yerdə dayansın.
Pərdəni çək bu kədərli
şəhər məndən aralansın.

Nəsə elə bu “adamlar”
adam kimi görünsünlər.
Tanrılar da bizim kimi
torpaq üstə sürünsünlər.

Nəsə elə doğramayım
sənlə dolu damarımı.
Bir öpüşlük canım qalıb
gəl bitir intizarımı.

Gözüm baxır dilim amma
nəsə söyləyə bilməyir.
Off məni hətta Mövlanə
adam eyləyə bilməyir!

Neçə vaxtdır güzgüdəki
tənha dam söyür məni
İçimdəki hakimiyyət
qandallayır, döyür məni.

Mən özümdə yorulmuşam
gəl bir az səndə dincəlim.
O qədər qandal gördü ki,
azadlığı tutmur əlim!

Gəl məni də götür apar
o küsüb getdiyin yerə
O mənimlə başladığın
o mənsiz bitdiyin yerə!

Neruda, inqilab ölüb
Səməd düşüb dillərindən.
Fuko, mənə kömək eylə
Markes yapış əllərimdən!

Kimsə aparır ki, geri gəlməyim...

Ömür də boşuna uzanır gedir

Üzümdə saqqalın uzanması tək.

Nəsə kölgəm belə şıltaqlıq edir

Deyir buralardan gəl çıxıb gedək.

Haraya gedək ki, sən olmayasan

Sənə bənzəməsin gözəl qadınlar!

Bütün inqilablar sənə görədir

Bütün küçələrdə sənin adın var!

Bu zindan qoxuyan kədər əlindən

Haraya gedək ki, bir az dincələk?

Bu mini yübkalı şəhər əlindən

Harada uzanıb, abırla ölək!?

Burada hər şeyin bir inkarı var

“Hə”lərin hamısı ölüb inan ki!

Şəhərdə külək var və şam ağaclar

Barmağın tovlayır adama sanki!

Haraya gedək ki, haramız qalıb?

Çoxdan uduzmuşuq ana vətəni

Küləklər şəhəri deyilən yerin

Küləyi götürüb aparıb səni!

Elə gözəlsən ki, günəş yuxudan

Gözünə göz dikir sonra oyanır.

Elə böyüksən ki, mənim sevgilim

Hətta azadlıq da səndən utanır!

Mən isə bir heçəm, küçəndən keçən

O ondan, o yüzdən, mindən biriyəm.

Yarımçız sevgilər diyarındayam

Şükürlər tanrıya, hələ diriyəm!

Çəkirəm ucuzlu siqaretləri

Öpürəm titrəyən ac dodaqları.

Hərdənbir yazıram sərbəst bir şeir

Söyürəm bu millsiz* qurumsaqları!

Harasa gedirəm, tam qaranlıqdı

Həyat and içib ki, mən dincəlməyim!

Meşokun içində pişik kimiyəm

Kimsə aparır ki, geri gəlməyim...

____________

*milsiz: milliyəm deyib millət adına pul və ad qazananlar

XS
SM
MD
LG