Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

İŞİD-ın qurduğu İslam Xilafəti haqda doğrular və miflər


İŞİD lideri Abu Bakr al-Baghdadi, 4 İyul 2014
İŞİD lideri Abu Bakr al-Baghdadi, 4 İyul 2014

İraq və Şam İslam Dövləti – İŞİD qrupu İraqın şimalını ələ keçirib xilafət elan edəndən sonra qoyduğu bir çox qaydalar və atdıqları addımlar Qərb mediasında böyük rezonans doğurub.

Qrupun tutduqları torpaqlarda spirtli içki və tütün satan mağazaları yandırması, vitrinlərdəki manekenlərə belə çadra geydirməsi, xristianlardan cizyə tələb etməsi üzündən onları köçə məcbur etməsi kimi xəbərlər Qərblilər üçün yetərincə dramatik qarşılanır.

Foreign Policy jurnalının redaktor müavini David Kenner yazdığı bloqda Qərb mediasında İŞİD-la bağlı yayılan bəzi xəbərləri yoxlamaq qərarına gəlib və aydın olub ki, onların bəziləri sadəcə mifdir.

QADINLARIN SÜNNƏT OLUNMASI

Kenner ilk olaraq BMT-nin İraqdakı nümayəndələrindən biri olan Jacqueline Badcock-un açıqlamalarına toxunur.

Badcock iyulun 24-də jurnalistlərə dediyinə görə, İŞİD yeni fətva verib ki, xilafətin ərazisində yaşayan yetkinlik yaşına çatan bütün müsəlman qadınlar sünnət olunmalıdır. Frans Press agentliyinin hesablamalarına görə, İŞİD-in nəzarətindəki ərazilərdə olan 4 milyona yaxını bu təhlükə gözləyir.

Ancaq Kenner yazır ki, bu iddia doğru çıxmayıb. NPR-ın Qahirə bürosunun rəhbəri Leila Fadel Mosuldakı mənbələrə görə araşdıranda məlub ki, bu cür fətvadan nə yerli tayfa liderləri , nə də həkimlərin xəbəri yoxdur. Üstəlik, Afrikanın bəzi yerlərində geniş yayılan qadınların sünnət olunması adətinin nə islama, nə də İŞİD-ın bərpa eləmək iddiasında olduğu orta əsr qaydalarına aidiyyəti yoxdur. Bu araşdırmadan sonra BMT-nin İraqdakı nümayəndəliyi də Badcockun açıqlamalarından boyun qaçırıb.

KİLSƏLƏRİN YANDIRILMASI

Kennerin izinə düşdüyü başqa bir iddia isə, Mosulda xristianlara məxsus St. Ephrem məbədinin yandırılması xəbəri olub. Ötən həftə Qərb mediasında yandırıldığı iddia olunan və fotoları yayılan kilsənin Misir və ya Suriyada baş verməsi ehtimalı daha güclüdür. Çünki Mosuldakı yerli mənbələr və jurnalistlər də bundan xəbərsizdirlər.

BANKLARDAN OĞURLANAN 400 MİLYON $

Foreign Policy yazır ki, doğruluğu sübut olunmayan ən böyük iddia isə İŞİD-in Mosulu ələ keçirəndə banklardakı 400 milyon dollar nəğd pulu və qızıl külçələri talan etməsi haqda xəbərlərdir. Mosulun qubernatorunun jurnalistlərə o vaxt verdiyi xəbəri Nyu-York Times və başqa qəzetlər də sürətlə yaymışdılar.

Ancaq ötən həftə elə həmin qubernator Financial Times-a verdiyi müsahibədə o vaxt verdiyi xəbərin hələ də təsdiqlənmədiyini bildirib. İraq Banklar Assosiasiyasının rəhbəri isə ötən həftə Mosulda heç bir bankın qarət olunmadığını və bu günə qədər heç bir parka kağızın da banklardan çıxarılmadığını deyib.

"İNANMAĞINIZ GƏLMİRSƏ…İNANMAYIN"

Foregn Policy jurnalının redaktor müavini David Kenner deyir ki, İŞİD-ın nəzarəti altındakı ərazilərdən informasiya almağın çətinliyini gərək adi oxucular da artıq nəzərə alsınlar. Kennir fikrincə, “Növbəti dəfə, cihadçıların hansısa ağlagəlməz hərəkəti haqda xəbərlər yayılanda, deyilənlərə heç inanmağınız gəlmirsə, inanmaya bilərsiz. Çünki bu doğrudan da sadəcə mif ola bilər”.

XS
SM
MD
LG