Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:42

Marquez-in ilham pərisi danışır – «Newsweek»


Newsweek, Silvana de Faria
Newsweek, Silvana de Faria

-

Amerikanın "Newsweek" jurnalı Nobel mükafatlı Kolumbiya yazıçısı Gabriel García Márquez-in hekayələrindən biri üçün ilham pərisi olmuş qadınla söhbət dərc edib.

"Yatmış gözəl və Təyyarə" hekayəsinin.

Silvana de Faria indi 50 yaşında nənədir, o, Marquez-lə 1990-cu il oktyabrın 2-də rastlaşmışdı.

Silvana hazırda Londonda yaşayır, görüş isə Parisin "Charles de Gaulle" aeroportunda baş tutmuşdu.

O, həmin dövrdə aktrisalıq və müğənnilik edirdi.

Britaniyalı yazıçı və bioqraf Nicholas Shakespeare Silvana ilə London kafelərinin birində söhbətləşib.

O, əl çantasından həm bir pasport çıxarıb həmin gün aeroportda vurulan möhürü göstərir, həm də o dövrkü fotolarını.

Həmsöhbətini inandırmağa çalışır ki, hekayədə təsvir edilən naməlum amerikalı qadın (amerikalı ifadəsi burada həm şimali, həm də cənubi amerikalıları əhatə edir) məhz odur.

Marquez hekayəsində yazır ki, aeroportda gördüyü qadın "gözəldi", "biçimli bədən quruluşu, yaşıl badamtək gözləri, çörək rəngli dərisi vardı”, "düz qara saçları çiyinlərinə tökülmüşdü", "incə zövqü vardı", "təbii ipəkdən kofta, parusindən şalvar geymişdi", alçaqdaban ayaqqabısı bugenvilleya çiçəyinin rəngində idi". "Bu mənim indiyəcən gördüyüm ən gözəl qadındı" - yazır həmin hekayədə Marquez.

(Silvana Nicholas Shakespeare-ə özü e-mail yazaraq görüşmək istədiyini bildirib. Onun Marquez-in "Vəba günlərində eşq" kitabına yazdığı ön sözü oxuyubmuş).

Gabriel Garcia Marquez
Gabriel Garcia Marquez

O zaman New York-a uçan 63 yaşlı yazıçı gözləmə zalında yanında əyləşən 26 yaşlı braziliyalı qadınla söhbətə başlayır. Braziliyadan gəlməkdə olan valideynlərini gözləyən qadın təyyarə gecikdiyi üçün burada xeyli gözləməli olur.

Ağzınacan dolu olan, insanların hətta yerdə yatdığı zalda Silvana "altmışlarında olan, şık geyinmiş bığlı bir kişinin" yanında boş yer tapır. Deyir ki, onun özü hekayədə təsvir olunan paltarda imiş, uşaq dünyaya gətirməsindən bir neçə ay keçmişdi və yenə də əvvəlki fiqurasını bərpa etmişdi. “Anam həmişə deyirdi ki, sən çəkici paltarlar geyirsən… O gün geydiyim paltarları sonradan “Oxfam” xeyriyyə təşkilatına vermişdim.”

Silvana deyir ki, ona "bonjour" deyən bığlı kişinin təbəssümünə heyran olub, bir də ağappaq dişlərinə. Marquez Parisdə Amazonun göbəyindən olan braziliyalı qadın görməyindən həm çox məmnun olub, həm də təsirlənib. Silvana ona deyib ki, cəngəllikdə doğulan adam istənilən yerdə yaşayışa uyğunlaşa bilər. Hətta modern şəhərdə də. Şəhər “onun üçün cəngəlliyin bir növüdür”. "Sonra mən ondan soruşdum ki, harasa səfər edir, yoxsa kimisə gözləyir. O cavab vermədi. Mən buna sayğıyla yanaşdım. Düşündüm ki, şəxsi məsələdir".

Marquez qadından soruşur ki, niyə məhz Parisdə yaşayır.

"Biz latın amerikalılar aşiq olanda yalnız Parisdə yaşaya bilirik".

"Parisə aşiq olanda?"

"Yox, ilk baxışdan aşiq olanda. Məncə sevginin yalnız bir növü var, o da ilk baxışdan sevgidir" - deyə cavab verdim. O da hekayədə bu barədə danışır. Mənim sözlərimi sorub canına hopdurmuşdu (Marquez hekayədə aeroportda bileti yoxlayan qadından soruşur ki, ilk baxışdan sevgiyə inanırmı? – N.S.) Bunu oxuyanda tüklərim biz-biz oldu. Bu sənin öz sözlərin deyil axı. Bütün yaramaz yazıçılar kimisən. Vampirsən!"

"Məndən soruşdu ki, nə işlə məşğulam. Hiss etdim ki, saçlarıma, üzümə, əllərimə, bədənimə baxır. Düşündüm ki, məni nahara dəvət etməyə, sonra da yatağa salmağa çalışacaq. Kişilərə münasibətdə həmişə belə şübhələrim olub. Onlarla bir fincan qəhvə içirsən, başlayırlar ki, bəs, sizə vurulmuşam. Sən axı necə aşiq ola bilərsən, biz yalnız kofe içmişik?"

"Ona dedim, yəqin düşünürsünüz ki, əgər braziliyalıyamsa, deməli, Bois de Boulogne-da fahişəlik edirəm, hə?" Silvananın bunu deməsinin səbəbi vardı. O zaman Parisdəki braziliyalılar arasında tələbə qız tapmaq olmazdı.

"Mən elə demədim."

"Amma fikrinizdən keçirdiniz. Mən sizin fikirlərinizi oxuyuram."

Daha sonra Marquez soruşur ki, Braziliya rejissoru Ruy Guerra-nı tanıyırmı? Silvana cavab verir ki, onun yalnız Gabriel García Márquez-in hekayəsi əsasında çəkilmiş filminə baxıb. Fransada. Kinoteatrda tək imiş, xoşuna gəlməyib, zəhləsi gedir.

Marquez ona diqqətlə qulaq asırmış, bir az da rahatsız imiş. Silvana bunun səbəbini anlamırmış.

O zaman Silvana film haqda dediklərinə bunu da əlavə edib ki, "Gabriel García Márquez-in romanı əsasında film çəkmək mümkün deyil. Bunun üçün daha bir dahi lazımdır. Siz mənimlə razısınızmı?"

Qadının bu sözlərindən sonra Marquez-in ona marağı artır və onun həyatı haqda sualları bir-birinə calayır.

GERÇƏK SİLVANA

Aeroportdakı söhbət zamanı Silvana ona ürəyini açır, “bığlı kişinin” elə bir sualı qalmır ki, ona cavab verməsin.

Silvana aktrisa olmaq istəyirdi, amma işləri elə də yaxşı getmirdi, müğənnilik karyerası da alınmırdı. Parisə Sarbonne Universitetində oxumaq üçün gəlmişdi, təhsil haqqını ödəmək üçün modellik də edirdi. Amma o, təhsilini başa vura bilmir.

Daha sonra rejissor Gilles Béat ilə tanış olur. Bu, ilk baxışdan sevgi idi. Amma ailə qurandan sonra günləri dava-dalaşla keçir. İki ildən sonra onlar Parisin 40 kilometrliyində böyük bir evə köçürlər. 12 it və bir tutuquşu ilə. Amazondan uzaq düşmüşdü deyə əri onun üçün almışdı tutuquşunu. “Dostlarım deyirdi ki, tutuquşu Amazonun yerini verə bilməz, tutuquşu elə sən özünsən. Qəfəsdə yaşayırsan".

İLK BAXIŞDAN MƏHƏBBƏT

1-2 saatdan sonra Maquez-lə Silvana artıq deyib-gülür. zarafatlaşırdılar: "Qarşımdakı sanki qoca kişi deyildi".

Silvana deyir ki, aeroportda olanları hekayədə oxuyanda şoka düşüb.

7 saat ərzində o, Marquez-lə hər şey haqda danışır: sevgidən tutmuş, təsadüflərə, filmlərə, ailə dəyərlərinə, ölümə qədər.

"Məndən soruşdu ki, səncə, sən öləndən sonra nə baş verəcək?"

"Kabusa çevriləcəm, azadlığa qovuşacam, gəlib sizi qorxudacam. Niyə lap əvvəldən yalnız mənim barəmdə suallar verirsiniz?"

"Dedi ki, səncə, mən kiməm, səfərim hayanadır?"

"Dedim, bircə onu bilirəm ki, səfəriniz hələ ki mənim içimdən keçir, ancaq bilmirəm ki, harda dayanacaqsınız. O güldü: "Sənin ağzından çıxan sözlərin səmimiliyinə heyranam".

"Mən jurnalistəm. Kolumbiyadanam"

"Hansı qəzetdən?"

"Mən qəzetlər üçün yazmıram".

Silvana məhz o anda ayılır: "Ona diqqətlə baxıb ucadan dedim: "Mən sizi tanıyıram. Siz Gabriel García Márquez-siniz. Anamın mənə verdiyi "Vəba günlərində eşq"də sizin də şəkliniz vardı. Niyə kim olduğunuzu mənə əvvəlcədən demədiniz"?’

"Necə şəkil idi?"

"Ax, kişilər… hamınız bir bezin qırağısınız, düzələn deyilsiniz" – dedim.

"Çox məyus olmuşdum, sanki xəyanət etmişdilər mənə. Onun mənə özü haqda heç nə danışmamasının səbəbini anladım".

Bundan sonra Silvana çıxıb getmək istəyir.

“Təyyarəm enmişdi, valideynlərim gəlməkdə idilər. “Mən getməliyəm" dedim. Amma o, qolumdan möhkəm yapışıb məni dayandırdı. "Sənin üçün mən Qaboyam. Bu da mənim ünvanım, telefonum və faksım"- dedi”.

Silvana çantasını axtarıb bir vərəq çıxarır, orada qırmızı qələmlə yazılıb: QABO. MEKS. Faks 5686043 Tel 5682947. Poçt 20736. Mexiko, 01000”.

“O, gözlərimin içinə baxaraq dedi: "Mənə yaz, xahiş edirəm!"”

"Yalnız o halda ki, mənimçün bir hekayə yazacaqsınız".

"O diqqətlə mənə baxdı. Çox inamsız və kövrək görünürdü. "Zarafat edirəm. MƏN GETMƏLİYƏM" dedim və biz sağollaşdıq, fransızlar kimi bir-birimizin hər iki yanağından öpdük".

"O, dediklərini bir də təkrarladı: "Sən mənə yazacaqsan, elə deyilmi?" Sonra əlavə etdi: "Mən heç sənin adını da bilmirəm".

"Siz öz adınızı dedniz ki? Birlikdə bu qədər vaxt keçirdik. bir-birimizi bu qədər yaxından tanıdıq, amma bir-birimizin adını bilmirik. Mən də bunu deyib ondan ayrıldım".

Silvana deyir ki, bundan sonra onu sadəcə, unutmağa çalışıb: "Müəyyən mənada ona inanım qırılmışdı. Daha onun heç bir kitabını oxumadım. Ona nə zəng eləmək arzum qalmışdı, nə də məktub yazmaq".

"Aeroport haqda hekayə o, vəfat edəndən sonra qabağıma çıxdı".

"Oxuya-oxuya sanki onun səsini eşidir, tonunu duyurdum. Onun mənə baxdığını, gözünü mənə zillədiyini hiss edirdim. Bir anlığa mənə elə gəldi ki, o mənə ismarıc yollayır".

XS
SM
MD
LG