Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:26

«Bir də kitab yarmarkası keçirməyəcəm»


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

-

"Gəlib kitaba baxır, sonra da stolun üstünə atıb gedir, ya şikayətlənirlər ki, çox bahadır".

Bir aydır Bakının 2 mərkəzi parkında kitab yarmarkası keçirən «Qanun» nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu «facebook» profilində bundan məyus olduğunu açıqlayıb. O, bir daha kitab yarmarkası təşkil etməyəcəyini bildirib.

Şahbaz Xuduoğlu AzadlıqRadiosuna müsahibəsində bu qərarının səbəblərini açıqlayıb:

- İcazə verilən bəlli parklarda yarmarka təşkil etsək də, ən müxtəlif hadisələrin şahidi olduq. Sakinlərin kitaba laqeyd münasibətindən bu nəticəyə gəlmişəm ki, yarmarka keçirməyə dəyməz. Çünki bunu dəyərləndirmirlər, ya gəlib kitaba baxır, sonra da stolun üstünə atıb gedir, ya şikayətlənirlər ki, çox bahadır. Təxmini hesabım var: Ölkədə ilboyu 200-250 adam kitab oxuyur. Biz ona görə parklarda kitab yarmarkaları təşkil edirik ki, yeni oxucular qazanaq. Amma adamlar piştaxtaya yaxınlaşıb, aşağılayıcı münasibət göstərirlər. Könüllülər cəlb etmişik kitab satışına yardımçı olsunlar. Axı yaydır, qüvvəmizi toplayıb çıxmışıq... Dünya dillərində olan məşhur əsərləri Azərbaycan dilinə tərcümə etmişik... Di gəl, camaatımız kitab oxumur.

- Bəlkə yeri düz seçməmisiniz? Statusunuzun altında bir nəfər şərh yazıb ki, metro stansiyalarında qızğın kitab alveri gedir və çoxlu oxuyanlar var...

- Metroda pirat kitablar satırlar. Elə bizi çıxılmaz vəziyyətimiz həm də pirat kitabların satışından qaynaqlanır. Bir kitab çap edirsən, 4-5 gündən sonra həmin kitabın nüsxəsini çıxarırlar. Pirat kitabların da ən çox satıldığı yer metrolar, bir də «28 may»dakı bəzi topdansatış kitab mağazalarıdır. Mübarizə apara bilmirsən...

- Ayrı-ayrı parklarda yarmarkanı eyni vaxtda təşkil etmisiniz?

- Eyni vaxtda iki parkda yarmarka keçiririk. Özü də 20 faiz endirim qoymuşuq. Hətta elə kitablar var, 1 manata satırıq. Bilirsiniz, elə adam olur, gəlir, 1 manatlıq kitabı əlinə götürüb deyir ki, nə barədədir. Sən də 10 dəqiqə danışıb məlumat verirsən. Sonra almayıb gedir. Qəribə bir mühitdir, çox qəribə bir oxucu çevrəsində biz kitab nəşr edirik. Məsələn, müştəri Milan Kunderanın (Çex əsilli Fransa yazıçısı-red.) kitabını götürür, qiymətinə baxır, deyir, bahadır. Deyirəm, onun türkcə, rusca kitabı bundan iki dəfə, ingiliscəsi daha bahadır. Gah kağızının sarılığına qulp qoyur, gah da üz qabığına. Bütün suallarına səbirlə cavab verirsən, sonra da üzünü çevirib gedir...

- Bir ayda nə qədər kitab sata bilmisiniz?

- Zabitlər Bağındakı yarmarkada dünən 280 manatlıq kitab satmışıq. Həmin yarmarkaya 10 min kitab aparmışıq. Bu kitabları ora daşımağın xərci var... Satışa könüllülər kömək etsə də, onların naharının pulunu ödəmək var, əlavə xərclər çıxır. Yəni, astarı üzündən baha başa gəlir bu yarmarkanın. Biz bu yaxınlarda «Xalqlar Dostluğu»nda yarmarka təşkil etdik. Elə adamlar yaxınlaşırdı ki, inanın, kitabı necə açmağı da bilmirdi...

- Yaxşı, indən belə kitab yarmarkalarına davam edəcəksiniz, yoxsa daha bu ənənəyə son qoyursunuz?

- Növbəti kitab yarmarkalarının qrafikini hazırlamışıq, amma bu nəticə bizi qane eləmir. Ona görə də artıq tərəddüd içindəyik.

XS
SM
MD
LG