Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:37

Hökumətin kommunal borcların yığılması ilə bağlı siyasəti


İstifadəçilər qaza görə köhnə borcların ləğv edilməsini istəyir
İstifadəçilər qaza görə köhnə borcların ləğv edilməsini istəyir
Hökumətin kommunal borcların ödənilməsi ilə bağlı siyasətini köklü sürətdə dəyişməsini müşahidəçilər ən müxtəlif yöndən dəyərləndirirlər. Bir çox müşahidəçilər hesab edirlər ki, hökumət seçki ərəfəsində verilən vədlərdən qaçmağa başlayıb, başqa qisim müşahidəçilərə görə isə hökumət öz addımlarını proqnozlaşdırmadığından kommunal ödəmələr sahəsində yaranan sui-istifadə hallarının qarşısını almaq məcburiyyətində qalıb. Ekspertlərin fikirlərinə keçməzdən əvvəl, prezident İlham Əliyevin ötən il aprelin 26-da, Şamaxıda olarkən rayon sakinləri ilə söhbətdə dediklərini xatırlatmaq yerinə düşər. Prezident o vaxt Şamaxı rayon sakinləri ilə görüşərkən yaşlı bir şikayətçiyə demişdi ki, əgər imkanı yoxdursa qaz və işıq pulunu ödəməsin: «Mən demişəm ki, kasıb şəraitdə yaşayanlardan pul almasınlar. Sizdən istəsələr denən ki, bunu mənə prezident deyib…»

Prezidentin Şamaxıda yaşlı bir şikayətçi ilə bu söhbətindən sonra «Azəriqaz» Səhmdar Cəmiyyəti hətta bir sıra rayonlarda kasıbların müəyyən edilməsi üçün araşdırmalara başlamışdı. Yalnız az bir müddət çəkən bu araşdırmalarda məqsəd imkansız ailələri kommunal ödəmələrdən azad etmək idi. İndi isə «Azəriqaz» məhz qaz pulunun ödənilməməsini səbəb göstərərək təkcə ayrı-ayrı mənzillərə deyil, bütövlükdə rayonlara mavi yanacağın verilməsini dayandırmağa başlayıb. Bir neçə gün qazsız qalan rayonlarda isə hesab edirlər ki, hökumətin belə sərt tədbirlərə əl atması problemdən çıxış yolu deyil. Neftçala rayon 20 Yanvar Əlilləri Cəmiyyətinin sədri Fərman Hüseynovun sözlərinə görə, onun elə qonşuları var ki, kommunal borcları bir neçə milyon manatı ötüb. Evinin əşyasını, həyətinin toyuq cücələrini satmaqla da bu borcu ödəyə bilmirlər. Fərman Hüseynov onlara baxanda özünün 200 min manat borcu ilə necə deyərlər təsəlli tapır: «Köhnə borclar ləğv edilməlidir. Yalnız bundan sonra sərt qaydalar tətbiq edilə bilər…»


«Azəriqaz»ın isə köhnə borcları ləğv etmək niyyəti yoxdur. Qurumun nəzarət xidmətinin rəisi Nüsrət Qasımov deyir ki, heç kim prezidentin humanistliyindən sui-istifadə etməməlidir: «Prezident onu bir nəfər imkansız ağsaqqal haqqında demişdi. Prezident onu deyəndə fərman verməlidir. Bu mailiyə məsələsidir. «Mersedes» sürən də, villa tikdirən də deyir pulum yoxdur, dövləti belə ələ salmaq olmaz axı…»


Ekspertlər hesab edirlər ki, bir il əvvəl yoxsul təbəqənin müəyyən edilməsi istiqamətində araşdırmalar apardığı halda, indi birdən-birə sərt tədbirlərə üstünlük verilməsi hökumətin öz addımlarını proqnozlaşdırmadağının göstəricisidir.


«Turan enerji» məcmuəsinin redaktoru İlham Şaban isə bildirdi ki, «Azəriqaz»ın qaz pullarını yığmaq üçün sərt tədbirlərə əl atmasını başa düşmək lazımdır. Çünki Azərbaycan hökuməti xaricdən aldığı qazı vətəndaşlara az qala yarı qiymətə satır. Üstəlik Azərbaycana əsas qaz idxal edən ölkə Rusiya qiymətləri qaldırmaq istəyir. Ancaq İlham Şaban hesab edir ki, qaz pullarının yığılması tamamilə şəffaflaşdırılmalıdır. Həm bütün evlərə qaz sayğacları quraşdırılmalı, həm də bir sıra dövlət məmurlarına məxsus müəssisə və təşkilatlara güzəştlər edilməməlidir. Məsələdə siyasi çalarla gəldikdə isə, «Mediaforum» saytının redaktoru Azər Qaraçənli hökumətin ötən il kommunal borclarla bağlı yumşaq davranışında siyasi səbəblər görür. Azər Qaraçənli deyir ki, bu siyasətlə hökumət parlament seçkilərində əhalinin rəğbətini qazanmağa çalışırdı.


Üstəlik ekspertlər hesab edirlər ki, qaz pulların tam yığılmamasında təkcə əhalinin günahlandırmaq düzgün olmazdı. Çünki qaz pulları nə qədər yığılır, bundan dövlətə nə köçürülür bu işdə heç də şəffaflıq təmin olunmayıb. Ona görə də hökumət sərt tədbirlərə əl atmaqdansa, yerlərdə ciddi yoxlamalara başlamalıdır.


XS
SM
MD
LG