Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:50

«İşıq gələn tərəfə gedirik...»


Təhsil naziri Misir Mərdanovla söhbət, 5 sentyabr 2006
Təhsil naziri Misir Mərdanovla söhbət, 5 sentyabr 2006

«Azərbaycan Variantı»nda budəfəki həmsöhbətimiz təhsil naziri Misir Mərdanovdur. Seçimimizin üç əsəas səbəbi var: birincisi, yaşadığımız həftədə ən mühüm dövlət tədbirlərindən biri təhsil işçilərinin «Bu günümüz və inkişaf perspektivlərimiz» mövzusunda konfransı oldu. İkincisi, düz bir həftədən sonra orta məktəblərdə dərslər başlayır. Milyon yarımdan çox, lap dəqiq, son nəfərinədək desək, 1581173 nəfər siniflərə qayıdır. Orada onları 176454 müəllim gözləyir. Təssəvvür edirsinizmi bu rəqəmləri? Bu, ölkə əhalisinin bəlkə də ən böyük təbəqəsi deməkdir. Və ən nəhayət, üçüncüsü: «Azərbaycan Variantı»nın, həmin o inkişaf perspektivlərimizin nədən ibarət olduğunu anlamaqda təhsildə gedən prosesləri dərk etməyin və gələcək hədəfləri düzgün tapmağın böyük rolu var. Biz hara getməliyik və hara gedirik? Necə getməliyik və necə gedirik? Suallarımızı ölkənin baş müəllimi Misir Mərdanova ünvanlayırıq:


Sual: 2005-ci il seçkilərindən sonra sizin də üzvü olduğunuz hakimiyyətin rəhbərliyi bəyan elədi ki, Azərbaycanın öz yolu var və bu, inkişafın Azərbaycan variantıdır. İndi - üstündən bir müddət keçəndən sonra biz o variantın və onun hədəflərinin axtarışına çıxmışıq. Siz ideoloq deyilsiniz, amma bizdə həmişə müəllim sözünə böyük diqqət olub. Ona görə də biz istərdik ki, siz deyəsiniz, bu variant hansı variantdır və onun özəllikləri nədir?


Cavab: Bəli, cənab prezident vəzifəyə başladığı ilk günlərdə bəyan eləmişdi ki, Gürcüstandan, Moldovadan və digər ölkələrdən fərqli olaraq, Azərbaycanın öz yolu var. Və mənə belə gəlir ki, artıq bu üç il ərzində Azərbaycan doğrudan da özünə xas bir yolla gedir. Bir neçə məqamı sadalamaq istəyirəm. Bu üç il ərzində Azərbaycan MDB məkanında yeganə ölkə olub ki, burada təhsil alan bütün şagirdlərə birinci sinifdən on birinci sinifədək bütün dərsliklər pulsuz verilib. Təkcə sayına görə deyil, keyfiyyət, millilik, mənəvi dəyərlər baxımından biz Təhsil Nazirliyi olaraq 246 adda yeni dərslik çap etdirib məktəblərə vermişik. Burada ən vacib Azərbaycan tarixi, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan coğrafiyası, İnformatika ilə bağlı dərsliklər, xarici dil dərslikləri azərbaycanlı müəlliflər tərəfindən hazırlanıb. Əlavə olaraq onu da deyim ki, bu dərsliklərin hamısı rus dilinə tərcümə olunaraq rusdilli şagirdlərə də çatdırılıb. Bunu mən son üç ildə atılan ən ciddi addım hesab edirəm.


Son üç ildə Azərbaycanda 600-ə yaxın məktəb tikilib. Təxminən elə bu qədər də məktəb təmir olunub. Üstəgəl, məktəblərin kompüterləşdirilməsi sahəsində çox ciddi addımlar atılıb. Müəllimlərin hazırlığı baxımından da çox ciddi addımlar atılıb.


Sual: Açığı, bütün bunlar bizim qoyduğumuz fonda xırda məsələ kimi görünür. Çünki bizim araşdırmağa çalışdığımız o idi ki, hara gedirik və necə gedirik. Bu yaxınlarda sizin bir konfrans oldu və o tədbirdə «hara gedirik» sualına Ramiz Mehdiyev belə cavab verdi ki, biz 2010-cu ildə Avropa təhsil sisteminə inteqasiya olacağıq. Bu qədər problemlə biz bunu necə edəcəyik?


Cavab: Mənə elə gəlir ki, hər halda, bizim tutduğumuz yol «işıq gələn tərəfə»dir. Biz ölkədə təhsil islahatları proqramını hazırlayarkən belə nəzərdə tutmuşduq ki, həmin islahatlar inqilabi yolla deyil, təkamül yolu ilə aparılmalıdır. Və bu islahatlar bizim bir neçə yüzillikdə əldə etdiyimiz nailiyyətlərin üzərində olmalıdır. Əlbəttə, ümumbəşəri dəyərlərə, dünyanın inkişaf etmiş ölkələrində təhsil sistemində olan yeniliklərə də söykənirik. O ki qaldı Boloniya sistemi, dünyaya inteqrasiya məsələlərinə, biz təhsilimizi bütövlükdə Avropa sisteminə çevirməyə tələsmirik və mənə elə gəlir ki, düz edirik. Kim nə deyir, desin.


Sual: Dediniz ki, o yolun əsas cəhətlərindən biri də odur ki, təhsil sahəsində ənənələrimizi qoruyaq. Lakin elə ənənələr də var ki, bizi o dəyişikliklər yolunda yayındırsın. Misal üçün rüşvət, korrupsiya, ümumiyyətlə bəzi məsəslələrdə mental gerilik. Bunlar çiynimizdə hədəfə gedib çatacaq, yoxsa qurtulmaq mümkündür?


Cavab: O bizim çiynimizdən yavaş-yavaş atılmaqdadır. Bir neçə ilə gəlirlər artacaq, sosial vəziyyəti yaxşılaşacaq, təhsil işçilərinin əməkhaqqı artacaq, neft sahəsindən çox gəlirlər gələcək. Əsas siyasətimiz də odur ki, qara qızılı insan qızılına çevirək.


Sual: Belə çıxır ki, maaşları qaldırsaq, insanlara öz işindən qazanmaq imkanı yaratsaq, bu problemi kökündən həll edəcəyik. Ancaq bu çox dərin problemdir və biz onun fəsadlarını daha dərindən hiss edirirk. Xüsusilə, təhsildə sabah daha dərindən hiss edəcəyik. Sizə belə gəlmir?


Cavab: Əlbəttə, mən də o fikirdə deyiləm ki, misal üçün bu gün məktəb direktorunun maaşını 5 dəfə artırsaq, sabah o neqativ hallar baş verməyəcək. Ötən illərin bu istiqamətdə atılmış addımları bunu sübut edir. Mən əsasən təhsil sistemindən danışıram. Biz dərsliklərin pulsuz paylanmasına başlayarkən yerli-yersiz çox hücumlar oldu. Mən də araşdırarkən gördüm ki, doğrudan da yerlərdə dövlətin hesabına çap olunmuş kitabları pulla satırlar. Sonra pirat nəşriyyatlar da məlum oldu ki, həmin kitabların surətini çıxarıb satır. Bu gün də nə iqtidar, nə müxalifət mətbuatları yazmır ki, dərsliklər satılır. Daha çox keyfiyyəti və məzmunu ilə əlaqədar iradlar olur. Biz də həmin nöqsanları bir xeyli azaltdıq. Belə halları azlatmaq üçün sadə insanlarla vəzifəlilər arasında yol açıq olmalıdır. Yəni insanlar istər təhsil naziri, istər başqa nazirlərlə istədiyi vaxt görüşə bilməli, dərdlərinə çarə tapmalıdırlar.


Sual: Deyirlər ki, bu korrupsiya və rüşvətin əsas səbəblərindən biri də odur ki, aşağılar yığır və yuxarılara ötürürlər, ötürməlidirlər də. Hətta sizin bu yaxınlarda deyəsən belə bir qərarınız oldu, dediz ki şəhərdə işə götürələcək müəllimlərlə özüm söhbət edəcəm. Mətbuat da bu bəyanatı eyni istiqamətdə izah etdi. Aşağıların yuxarılara ötürməsi – xərac barədə nə deyə bilərsiz?


Cavab: Azərbaycanda demək olar ki, hamı hamını tanıyır. Nə işlə məşğul olduğunu da bilirlər. O mənada, mətbuat da problemlərin həllində əksər hallarda müsbət rol oynayırsa, bəzi hallarda ictimaiyyəti aldadır. Məsələn, dediyiniz məlumatı belə veriblər ki, Misir Mərdanov deyir, Bakı şəhərində bütün müəllimləri özüm təyin edəcəm. Mən belə deməmişəm. Bir halda ki, deyirlər müəllim sıxlığı var və digər tərəfdən də mənə deyirlər ki, bir müəllimi 1000 dollara işə götürürlər. Belə isə mən məsuliyyət daşıyıram ki, mənsiz heç bir məktəb direktoru müəllim işə götürməsin. Əlbəttə, müəllimin əmrini yenə direktoru verəcək. Ancaq o gəlib əsaslandırmalıdır ki, misal üçün məndə riyaziyyatdan bu qədər saat boşdur və mən bu müəllimi işə götürürəm.


Sual: Gəldik çatdıq «divin şüşədəki canı» məsələsinə - kadr məsələsinə. Siz dediz ki, hədəf ondan ibarətdir ki, azərbaycanda təhsil almış şəxs Avropanın istənilən yerində təhsil ala bilsin. Bəlkə də həmin şagirdlərin hazırlanması daha asandır, nəinki onları hazırlayacaq müəllimlərin seçilməsi və dəyişdirilməsi...


Cavab: Bunlar bir-biri ilə bağlı məsələlərdir. Ona görə də biz bir tərəfdən müəllimlərimizin səviyyəsini qaldırmaq, digər yandan da ali məktəblərdə hazırlanan müəllim kadrlarının keyfiyyətini yaxşılaşdırmaq istəyirik. Bu problemlər bir ilin problemi deyil, bəlkə də 60-70 ilin problemidir. Mənim oxuduğum kənddə 7 illik məktəb var idi. 7-ci sinifi bitirəndən sonra bizdən 4 kilometr aralı olan qonşu kəndə orta təhsilimizi davam etdirməyə gedirdik. Məndən 10 il qabaq məktəbi bitirənlərlə söhbət etmişəm, onların dövründə isə 10 kəndin mərkəzində bir orta məktəb olub. Məktəbə gərək tərif verəsən. Şagirdinin sayı, labaratoriyalar nə səviyyədə olsa buna orta, o birinə ibtidai məktəb deyilir. Başlanğıcında Sovet təhsil sistemi çox gözəl olub. Ancaq get-gedə qərar verdilər ki, hətta çoban qışlağında da məktəb olsun. Azərbaycanda bu gün 1142 məktəb var ki, şagirdlərinin sayı 100 nəfərdən azdır. 400-ə yaxın məktəbdə şagirdlərin sayı 30 nəfərdən də azdır. Elə məktəb var ki, 9 şagirdi var. Bu nə Misir Mərdanovun günahıdır, nə də ondan qabaq işləyənin, bu problem neçə illərdir gəlir. Təssəvvür edin, 4500 məktəbin 1142-si belədir.


Sual: Problemin həlli nədədir?


Cavab: Yavaş-yavaş o balaca məktəbləri aradan qaldırmalıyıq. Qoy onlar ibtidai məktəb olsun yalnız. İbtidai təhsil 6-10 yaş arasıdır. O yaşdan yuxarı uşaq özü də gedə bilər o yolu, dövlət də şərait yaratmalıdır ki, getsin.


XS
SM
MD
LG