Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:42

İslam Dövləti Amerikalı jurnalistin başını kəsdiyini bildirir


İslam Dövləti adından avqustun 19-da yayılmış videodan görüntü. Videoda yaraqlılar iddia edirlər ki, ABŞ jurnalisti James Foley-in başını kəsirlər.
İslam Dövləti adından avqustun 19-da yayılmış videodan görüntü. Videoda yaraqlılar iddia edirlər ki, ABŞ jurnalisti James Foley-in başını kəsirlər.

İslam Dövləti (İD) yaraqlıları Amerikalı jurnalistin başının kəsilməsini göstərən video yayıb. «Amerikaya Mesaj» adlı video avqustun 19-da sosial media saytlarında yerləşdirilib. Yaraqlılar onun James Foley olduğunu bildirirlər.

James Foley Fransanın AFP informasiya agentliyinin və ABŞ-ın GlobalPost media şirkətinin əməkdaşı olub.

O, naməlum qüvvələr tərəfindən 2012-ci ilin noyabrında Suriyada oğurlanmışdı.

5 dəqiqəlik videoda Britaniya ləhcəsində danışan maskalı yaraqlı bildirir ki, Foley ABŞ-ın İraqın şimalında İslam Dövlətinin mövqelərinə hava zərbələrinə cavab olaraq öldürülür.

James Foley İdlib
James Foley İdlib

Videoda daha bir girov görünür. Yaraqlılar ABŞ-dan reportyor Steven Sotloff kimi təqdim edirlər. Sotloff da 2013-cü ilin yayında Suriyada itkin düşüb.

Bu videonun həqiqiliyini müstəqil mənbələrdən dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Ancaq Foley-in ailəsi facebook-da yazıb:

«Oğlumuz Jimlə bundan artıq fəxr etdiyimiz olmamışdı. O, həyatını Suriya xalqının iztirablarını dünyaya yaymağa həsr edib.

Biz adam oğrularından digər girovları azad etməyə çağırırıq».

Ağ Ev bildirib ki, ABŞ kəşfiyyatı videonu tədqiq edir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Caitlin Hayden bildirir ki, əgər video doğru olsa, ABŞ “bu qəddar qatillərə layiqli cavablarını verəcək.”

Britaniyanın Xarici İşlər naziri Philip Hammond da videoda “çox qəddar bir qətl” törədildiyini, bunun İslam Dövlətinin qəddarlığının daha bir nümunəsi olduğunu deyib.

James Foley
James Foley

Məlumatlara görə Britaniyanın Baş naziri David Cameron bu videodan sonra tətilini yarımçıq kəsərək Londona dönüb.

Fransa prezidenti Francois Hollande də deyib ki, İraqda İslam Dövləti yaraqlılarına qarşı mübarizəyə dair beynəlxalq konfrans çağırılmasını təklif edəcək.

Hollande “Le Monde” qəzetinə deyib ki, “İraq, Suriya və Livanı təhdid altında saxlayan bu qripa qarşı mübarizə üçün qlobal strategiya müəyyən etməliyik”.

Yaraqlı qrup olan İslam Dövləti xilafət qaydaları altında sərt qadağalar təbiq etməyə çalışır. Bu qrup İraq və Suriyanın böyük ərazilərini zəbt edib. Onun nəzarət etdiyi ərazilərdə kütləvi qətllər törətdiyi bildirirlir.

Yaraqlılar Yezidi Kürdlər, Xristianlar kimi müsəlman olmayanları, elcə də şiə müsəlmanları təqib edirlər.

Qrupun son vaxtlar İraqın şimalında irəliləməsi ABŞ-ı 2011-ci ildə İraqı tərk etməsindən bəri bəri ilk dəfə olaraq hava zərbələri endirməyə məcbur edib.

XS
SM
MD
LG