Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:33

"Əsl oxucular tənbəl deyillər"


John Irving
John Irving

-

"Mən uzun romanlar yazmağa üstünlük verirəm"

"Əgər bəşəriyyəti ayaqda saxlamağa hələ də qadir olan hansısa dəyərin mövcudluğundan danışmaq mümkündürsə, həmin dəyər məhz ailədir"

Tanınmış Amerika yazıçısı John İrving-in Rusiyanın "Kommersant" qəzetinə müsahibəsindən

...- Düzdü, bu, təxmini ümumiləşdirmədi, amma sizin kitablarınızın əsas mövzusunun ailə olduğunu demək olar. Doğrudan hesab edirsiniz ki, ailə, ailədaxili münasibətlər bir fenomen kimi hələ də maraq doğurur?

- Bir institut kimi ailə nə qədər çox təhlükələrə məruz qalırsa, bu institutu müdafiə etməyin əhəmiyyəti mənim üçün bir o qədər artır.

Mən elə bir ictimai təsisat tanımıram ki, öz mövcudluğuna, tam şəkildə bəraət qazandırmış olsun.

Dövlət? Din?

Birincisi elə hey bizi məyus edir. İkincisi isə sadəcə, bizim axırımıza çıxmaq üçün allahı əlində alət edib.

Bəli, bir çoxları bu fikirdədir ki, ailə ideyasının sonu çatıb.

Doğrudan da o qədər ailələr dağılır ki. O qədər uşaq valideynlərindən uzaqda böyüyür ki.

Amma eyni zamanda ideal ailəyə sahib olmaq üçün əlindən gələni edən çoxlu sayda insanlar da var.

Əgər bəşəriyyəti ayaqda saxlamağa hələ də qadir olan hansısa dəyərin mövcudluğundan danışmaq mümkündürsə, həmin dəyər məhz ailədir.

Bəşəriyyətin heç vaxt indiki qədər tolerantlığa, dözümə ehtiyacı olmayıb, dövlət və din isə dəhşətli dərəcədə dözümsüz olduqlarını daim nümayiş etdirməkdən yorulmurlar.

John Irving
John Irving

Halbuki ailə - bağışlamağı bacandır, buna görə də hələ də ümid yeri olaraq qalır.

- Siz həmişə uzun kitablar yazmısınız. Hətta irihəcmli roman dövrünün bitdiyi deyiləndə də. İndi isə əsl roman, deyəsən, yenidən öz mövqeyini qaytarmaqdadır...

- Oxucular maraqlı süjeti, personajları olan uzun romanları sevirlər. Mənim üçün ideal roman modeli həmişə 19-cu əsrin romanları olub. Onlarınsa çoxu uzundur.

Mənim üçün romanda əsas şey - zamanın axarını tutmaq imkanıdır.

Bu mənada mənim predmetim - qısa istirahət günləri yox, kiminsə həyatının otuz ili, ya da uşaqlıqdan yetkinliyə uzun bir keçid dövrüdür. Məni maraqlandıran hekayətləri anlatmağa beş-üç səhifə bəs eləmir.

Tənqidçilər uzun müddət süjetə düşməncəsinə münasibət göstəriblər. Hesab ediblər ki, süjet "köhnəlmiş vasitə"dir.

Onların çevrəsində kiçikhəcmli formalar populyar olub, müəllifləri elə hey daha kiçik ölçülü əsərlər yazmağa çağırmaqdan yorulmayıblar, yəqin ona görə ki özləri oxumağa əriniblər.

Amma əsl oxucular tənbəl deyillər. Məhz buna görə də biz hələ də uzun kitablar yazırıq: Umberto Eco, Gunter Grass, Salman Rushdie,mən. Və insanlar da onları oxuyurlar.

Uzun kitabı yazmaq qısadan çətindir. Uzun bir dövrü, çoxlu sayda personajı əhatə edən hekayəti nəzarətdə saxlamaq qısa əsərlərdən daha çətindir.

Tənqidçilərin çoxundan fərqli olaraq oxucular yazıçıların bu ağır əməyinə qiymət verirlər.

Mən qısa yazmağı da bacarıram, məsələn, ssenarilər yazıram. 125 səhifədən uzun olmayan, şrifti iri, səhifəsi boşluqlarla dolu.

Amma mən roman yazmağa üstünlük verirəm. Özü də uzunundan.

"Kommersant", 2006

Tərcümə: Rövşən

XS
SM
MD
LG