Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:27

Seymur Baycan. Bizim ölkədə belə ikiüzlülər çoxdu


Seymur Baycan
Seymur Baycan

-

Söhbət ondan getmir ki, qəbilə elə mütləq mağarada yaşamalıdı. Mamont ovlamalıdırlar və ocağın qırağında oturub mamontu yeməlidirlər.

Xeyr. Zahiri təm-təraq, maşın, kostyum, titul sizi aldatmasın...

Seymur Baycan

İNKİŞAFIMIZA CİDDİ ŞƏKİLDƏ MANE OLAN XƏSTƏLİK

Ümumdünya Səhiyyə Təşkilatının yerlibazlığı xəstəlik kimi qeydə alıb-almadığını bilmirəm, amma müşahidələrimə, eşitdiklərimə əsaslanıb qətiyyətlə deyə bilərəm ki, yerlibazlıq həqiqətən də iyrənc bir xəstəlikdi.

Adama doğulduğu yerə görə qiymət vermək ibtidailikdir.

Tutduğu mövqedən, vəzifəsindən, yaşından asılı olmayaraq, əgər bir insan başqa bir insanı doğulduğu yerə görə qiymətləndirirsə, özünə yaxın, doğma hesab edirsə, deməli, onun təfəkküründə problem var.

Yerlibazlıq insanı kiçildir, cılızlaşdırır, onu gülməli vəziyyətə salır. Nə qədər böyük vəzifə, mövqe, karyera sahibi olsa da insan yerlibazdırsa deməli, o, birmənalı olaraq cılız, səviyyəsiz adamdı.

Yerlibaz insan heç vaxt böyük insan ola bilməz. O nə qədər də böyük ideyalardan, bəşəri dəyərlərdən, təriqətdən, mərifətdən danışsa da, əgər yerlibazdırsa deməli, onun danışdıqları sadəcə saxtakarlığın və ikiüzlülüyün nümayişindən savayı bir şey deyil.

Bizim ölkədə belə saxtakarlar və ikiüzlülər çoxdu. Millətdən, xalqdan, ölkədən danışmağı sevirlər, tostlar deyirlər, amma rəhbəri olduğu firmaya, idarəyə süpürgəçi işə götürəndə belə öz yerlilərinə üstünlük verirlər.

Bu adamın xalqdan, millətdən danışmasına, ümumiyyətlə səmimiyyətinə necə inanmaq olar? Əlbəttə, insan doğulduğu kəndi, qəsəbəni, şəhəri, küçəni sevməkdə azaddır. Sevsə də özü bilər, sevməsə də. Heç kimi öz doğulduğu yeri sevməyə, yaxud doğulduğu məkana nifrət etməyə məcbur etmək olmaz. Heç kimə demək olmaz ki, sən əgər burda doğulmusansa mütləq buranı sevməlisən. Yaxud, sən burda doğulmusansa mütləq bura nifrət etməlisən. Doğulduğu kəndi, qəsəbəni, rayonu, bölgəni, şəhəri sevirsə sevsin.

Heç kim bunu qadağan etmir, heç kim bunu qadağan edə, buna gülə bilməz. Təbii, insani hisslərdi. Amma doğulduğu məkanı sevməklə bərabər, həmin məkanda doğulanları ucdantutma başqalarından üstün hesab etmək, başqalarından qorxmaq, başqalarına inanmamaq ibtidailikdir. Özünü ziyalı adlandıran şəxs yerliçilik hissini içində tamam öldürməlidir. Eyni məkanda doğulduğuna görə birini başqasından üstün tutmaq insanın naqisliyindən xəbər verir.

Təəssüflər olsun ki, bizim ölkədə yerlibazlıq xəstəliyinə tutulan, bu xəstəlikdən əziyyət çəkən, qəbilə təfəkkürlü adamların sayı hədsiz dərəcədə çoxdu. Bir tanışım firmaya işə düzəlmişdi.

Hamı onun firmaya necə işə düzəlməyinə mat qalmışdı, buna möcüzə kimi baxırdılar. Çünki ondan başqa firmada işləyənlərin hamısı süpürgəçidən tutmuş qarovulçuya, müsahibdən tutmuş sürücüyə qədər hamı rəhbərliyin yerliləri imiş. İbtidai təfəkkürlü adamlar öz yerlibazlıqlarından utanmaq əvəzinə, bəzən açıq-aşkar yerlibazlıqları ilə fəxr edirlər.

Toyda, yasda adamlardan, yəni öz yerlilərindən xüsusi diqqət tələb edirlər. Arqument isə çox sadədi - mən öz yerlilərimə, öz qohumlarıma iş verirəm, özümünküləri yedizdirirəm. Gərək siz buna görə mənə təşəkkür edəsiniz. Biz bir-birimizi dəstəkləməliyik….

Guya əslində çox yaxşı iş görürlər. Başqaları da onların işindən nümunə götürməlidirlər. Bir sözlə onların cılız təfəkkürünə görə, yerlibazlıqdan heç də utanmaq lazım deyil. Hətta yerlibaz olduğuna görə adamlar ona mütləq və mütləq təşəkkür də etməlidirlər.

Bu cür səviyyəsiz adamlar bizim bir xalq kimi formalaşmağımıza böyük zərbə vururlar. Belə pis nümunələr onsuz da sayı az olan sağlam düşüncəli adamlarda xalq, ölkə məfhumuna qarşı inamsızlıq doğurur. Hətta yerlibazlıqdan uzaq olan adamlar belə qəbilə təfəkkürlü adamların səviyyəsizliyindən davamlı olaraq əziyyət çəkməyin nəticəsində özünü artıq xalqın bir nümayəndəsi kimi yox, hər hansı bir qəbilənin nümayəndəsi kimi hiss etməyi üstün tutmağa başlayır. O görür ki, qəbilənin bir nümayəndəsi olmaq xalqın bir nümayəndəsi olmaqdan daha sərfəlidi.

Yerlibazlıq bizim inkişafımıza ciddi mənada çox maneçilik törədir. İnsanlar bir-birlərinə inanmırlar. İnsanlar bir-birlərini tanımaq, bir-birinə qaynayıb qarışmaq istəmirlər. Yerlibazlıq xəstəliyinin nəticəsində qəbilə halında yaşayıb, qəbilə təfəkkürü ilə məsələlərə münasibət bildirirlər.

Qızı yalnız qəbilə üzvünə ərə verirlər. Yalnız qəbilə üzvündən qız alırlar. Toy edəndə qəbilənin müğənnisini toya çağırırlar. Xəstələnəndə qəbilənin həkiminə müraciət edirlər. Əgər müdürdüsə yalnız qəbilə üzvlərini işə götürür. Yaxını rəhmətə gedibsə qəbilənin mollasını yasa çağırır. Toyunu, ad gününü, nişan mərasimini qəbilənin restoranında keçirir. Beləliklə, hətta paytaxtda yaşasa belə qəbilə kimi mövcudiyyətlərini davam etdirirlər.

Söhbət ondan getmir ki, qəbilə elə mütləq mağarada yaşamalıdı. Mamont ovlamalıdırlar və ocağın qırağında oturub mamontu yeməlidirlər. Xeyr. Zahiri təm-təraq, maşın, kostyum, titul sizi aldatmasın. Müşahidələr onu göstərir ki, hətta iyirmi birinci əsrdə də qəbilə halında yaşamaq mümkündü. Mən hətta Rusiyanın böyük şəhərlərində də qəbilə halında yaşayan adamlar görmüşəm. Adamın gözünü bağlayıb orda, onların keçirdikləri toyda, nişanda açsalar heç cürə ağlına gəlməz ki, bura Sank-Peterburqdu.

Burda muzeylər, teatrlar, incəsənət mərkəzləri, universitetlər fəaliyyət göstərir. Hətta qəbilələrin yazilmamış daxili nizamnamələri, qayda qanunları var. Məsələn, hər qəbilə üzvü iyirmi qəbilə üzvünün bioqrafiyasını əzbər bilməlidi. Yalnız qəbilə üzvlərinin sahib olduğu restorana gedib xeyiri ona verməlisən. Yalnız qəbilədən qız almalısan. İşdi, başqa qəbilənin qızını sevib alsan, onda bütün qəbilənin təzyiqi ilə üzləşəcəksən. Hətta səni qəbilədən qovub uzaqlaşdıra bilərlər. Ya da səhvini düzəltməlisən.

Başqa qəbilədən aldığın qızı boşayıb təzədən öz qəbiləndən olan qızla evlənməlisən. Qəbilədə mövqe sahibi olan adamlar bir-birlərinin övladları ilə ərkyana davranırlar. Çünki bu ərkyana davranış ümumilikdə qəbilənin maraqlarını qorumaq məqsədi dayanır. Tutaq ki, bir qəbilə üzvü öz övladını qəbilədən olan bir firma rəhbərinin yanında xahişlə işə düzəldir. Həmin firma rəhbəri o gənclə istədiyi formada ərkyana davrana bilər.

Gənc də bu ərkyana davranışı qəbul edir. Çünki o da bilir ki, ümumilikdə bu münasibətlər axır əvvəl qəbilənin maraqlarına xidmət edir. Ölkəmizdə bir neçə böyük qəbilələr mövcuddur. Bu qəbilələrin üzvləri özlərini xalqın bir nümayəndəsi adlandırsalar da əslində onların arasında böyük inamsızlıq, düşmənçilik hökm sürür. Biabırçılıqdır. Adam xəcalət çəkir. Bu cür xırda hisslərlə yaşayaraq heç vaxt bir cəmiyyət olaraq uğurlara imza ata bilmərik.

İnsanı yalnız öz seçiminə görə qınamaq olar. Ata, ana, bacı, qardaş, doğulduğu məkan insanın seçimi deyil. İnsanı əyninə geyindiyi şalvara, aldığı ata, aldığı maşına, aldığı arvada görə haradasa qınamaq mümkündür.

Amma dövlət, doğulduğu məkan, valideynlər insanın öz seçimi olmadığı üçün buna görə onu qınamaq yersizdir. Çünki doğulduğu məkanı, valideynlərini özü seçməyib. İnsanı yalnız və yalnız öz seçiminə görə qınaya bilərlər.

Çox gözəl haldır ki, bir xeyli gənc artıq öz aralarında yerlibazlıq hissini tamam öldürüblər. Onları bir-birilərinə düşüncə, fikir, dəyişmək, dəyişdirmək istəyi bağlayır, hansısa məhəllədə siqaret çəkməkləri, futbol oynamaqları, bir eşşəyi minməkləri, bir bulaqdan su içməkləri yox.

Bu mənada gənclərin yerlibazlıqdan uzaq olmaları çox xoş mənzərədir. Özünə hörmət edən gənc yerlibazlıq xəstəliyindən, qəbilə qayda-qanunlarından uzaq durmağı bacarmalıdı.

Yalnız özünü yetişdirmiş səviyyəli gənclərin sayının artması nəticəsində bizim inkişafımıza həm fərd, həm də cəmiyyət olaraq ciddi şəkildə mane olan yerlibazlıq xəstəliyindən, qəbilə qayda-qanunlarından, qəbilə təfəkküründən yaxa qurtara bilərik.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG