Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Avropa İttifaqı yeni liderlərini elan etdi


Donald Tusk və Federica Mogherini
Donald Tusk və Federica Mogherini

Polşanın baş naziri Avropa Şurasının yeni prezidenti, İtaliyanın xarici işlər naziri isə Avropa İttifaqının xarici işlər üzrə komissarı oldu.

-

Avropa İttifaqı ölkələrinin liderləri Polşanın baş naziri Donald Tusk-u Avropa Şurasının yeni prezidenti, İtaliyanın xarici işlər naziri Federica Mogherini-ni isə Avropa İttifaqının xarici işlər üzrə komissarı seçiblər.

Bu barədə bəyanatı Avropa İttifaqının vəzifəsini başa çatdırmaqda olan sədri Herman Von Rompuy ittifaq ölkələri başçılarının şənbə günü keçirilən iclasında verib.

Radikal yox, amma cəsarətli mövqe

Donald Tusk bu görüşdən sonra mətbuat konfransında bildirib ki, Avropa İttifaqı Ukrayna münaqişəsi məsələsində “radikal yox, cəsarərtli mövqe tutmalıdır və son məqsəd sülhün bərqərar edilməsi olmalıdır”.

O həmçnin deyib ki, Avropa İttifaqında maliyyə intizamı ilə iqtisadi artımı əlaqələndirmək mümkündür.

Cənab Tusk həmçinin vəd edib ki, Britaniyanın baş naziri David Cameron-un narahatlıq ifadə etdiyi məsələlərə aydınlıq gətirələcək.

Britaniya baş naziri bundan əvvəl bəyan etmişdi ki, ölkəsinin Avropa İttifaqında üzvlüyünün davam edib-etməyəcəyinə dair referendum 2017-ci ildə keçiriləcək.

Həm sanksiya, həm də diplomatiya

Elə həmin mətbuat konfransında danışan Mogherini bildirib ki, Rusiyaya qarşı sansksiyalara rəğmən, Avropa Ukrayna münaqişəsi məsələsində diplomatik vasitələrdən istifadə etməlidir.

“Sanksiyaların yeni mərhələsi üzərində düşündüyümüz bir vaxtda belə, biz diplomatik həll yolunu açıq saxlamalıyıq” – deyib Mogherini.

O ümid etdiyini bildirib ki, “bu ikisinin müdrik kombinasiyası” istənilən nəticəni verə bilər.

Tusk ingilis dilini öyrənəcək

Donald Tusk-a gəlincə, o, iki müddətdə Polşanın baş naziri olub.

57 yaşlı mərkəz-sağçı Tusk Avropa İttifaqında qitənin ən böyük keçmiş sosialist ölkəsini təmsil edir.

Onun çox böyük qüsuru kimi ingiliscə zəif danışması, fransızca isə ümumiyyətlə bilməməsi sayılır.

Ehtiamal olunur ki, bu çatışmazlıq ona Aİ-nin adından daha böyük auditoriyalarla ünsiyyətdə bir qədər çətinliklər yaradacaq.

Lakin cənab Tusk, əlbəttə polyak dilində etdiyi çıxışında söz verib ki, dekabrda kreslosuna əyləşənədək ingilis dilini “100 faiz təmiz” danışacaq.

Keçmiş sosialist ölkələrinin uğuru

Təhlilçilər bildirirlər ki, Donald Tusk-un Avropa Şurasına rəhbər təyin edilməsi Avropa İttifaqına 10 il əvvəl qoşulmuş 10 keçmiş sosialist ölkəsi üçün böyük uğur sayıla bilər.

Əslində həmin ölkələr öz regionlarından kiminsə Avropa İttifaqının rəhbərliyinə gətirilməsini çoxdan tələb edirdilər.

Ukrayna böhranı məsələsinə gəlincə isə, Polşa və Britaniya bir qayda olaraq Rusiyaya qarşı sərt sanksiyaların tərəfdarıdır.

Avropa İttifaqının yeni xarici işlər komissarı, 41 yaşlı Federica Mogherini İtaliyanın xarici işlətr naziri təyin edilməzdən əvvəl, 2008-ci ilədək millət vəkili olub.

Hesab olunur ki, xanım Mogherini xarici siyasət sahəsində geniş və lazımi təcrübəyə malikdir. O, bundan əvvəl ölkəsini NATO və Avropa Şurasının parlament assambleyalarında təmsil edib.

O ingiliscə və fransızca sərbəst danışır, həmçinin ispan dilini bilir.

Mübahisəli komissar

Sol-mərkəzçi Mogherini-nin Avropa İttifaqının xarici işlər komissarı postuna hələ iyulda sahib olacağı gözlənilirdi, lakin o vaxt onun namizədliyi, Ukrayna böhranı zamanı onun Rusiyaya qarşı yumşaq mövqe tutduğunu iddia edən Polşa və Litva tərəfindən rədd edilmişdi.

İtaliya Aİ sədrliyini qəbul edən kimi Federica Mogherini-nin ilk səfərini Moskvaya etməsi və orada prezident Vladimir Putin-lə görüşməsi namizədlik məsələsini daha da kəskinləşdirmişdi.

Avropa İttifaqının hazırkı xarici işlər komissarı Catherine Ashton vəzifəsini oktyabrın axırlarında başa çatdıracaq.

Herman Van Rompuy-un da prezidentlik müddəti bu il başa çatır.

Avropa İttifaqının bütün 28 komissarı, yəni ayrı-ayrı sahələr üzrə nazirləri Avropa Parlamenti tərəfindən təsdiq olunmalıdırlar.

XS
SM
MD
LG