Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:28

Nils Muiznieks: «Avropa Şurası qətiyyətli reaksiya verməlidir»


-

Azərbaycanda vətəndaş cəmiyyətinə son təzyiqlər, insan haqları müdafiəçilərinin həbsilə bağlı Avropa Şurasının insan haqları Komissarı Nils Muiznieks AzadlıqRadiosunun suallarını yazılı cavablandırıb.

Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə hüquq müdafiəçiləri və fəalların həbsinin artmasını necə dəyərləndirirsiniz?

İnsan haqları müdafiəçilərinin keçmişdə başlanan və son aylar artan həbslər dalğası Azərbaycanın Avropa Şurasına daxil olarkən götürdüyü insan haqları öhdəliklərinə daban-dabana ziddir. Bu, tamamilə qəbuledilməzdir.

Son iki ay ərzində barmaqlıqlar arxasına atılan insan haqları müdafiəçiləri, jurnalistlər və fəalların sayı ciddi artıb. Hələlik təcridxanadan kənarda olan az sayda tənqidi səslərə təzyiqlər isə getdikcə artır. Onlara səyahət qadağası yoxdursa və bank hesabları dondurulmayıbsa, ölkəni tərk etmək məcburiyyətində qalırlar. Bu şəxslərin hamısı Avropa Şurası ilə əlaqədar fəaliyyətlə məşğul idilər. Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsində şikayətçiləri təmsil edirdilər, Parlament Assambleyasının sessiyalarında iştirak edirdilər və yaxud da mənim ofisim də daxil olmaqla, müxtəlif təşkilatlara qiymətli informasiyalar çatdırırdılar.

Ötən illər ofisimin təşkilatçılığı ilə keçirilmiş, insan haqları müdafiəçilərinin iştirakıyla keçirilən dəyirmi masaların beş azərbaycanlı iştirakçısından üçü həbs edilib, qalanları isə fəaliyyətini dayandırmağa məcbur olublar. Fikrimcə, bu, həmin şəxslərin ölkədə insan haqlarının durumuna dair apardığı maarifləndirmə işinə bir cavabdır. Mən bu durumdan həqiqətən narahatam. Həmin şəxslərin ədalətli mühakimə olunması, saxlanma şəraiti, səhhəti, qohumlarına yaşadılan stresə görə də narahatlıq keçirirəm.

Siz hakimiyyəti öhdəliklərinə əməl etməyə çağırdınız. Ancaq hökumət həbsləri artırmaqla cavab verdi. Avropa Şurası üzvünün öhdəliklərə əməl etməsinə nail olmaq üçün bəyanatlardan savayı nə etmək mümkündür? Sizcə, Avropa Şurasının baş verənlərə münasibətini adekvat adlandırmaq olarmı?

Mənim işim hakimiyyətlə daimi dialoqa əsaslanır, bu iş hesabatların dərci və hakimiyyətin cavabı ilə məhdudlaşmır. Məqsəd insan haqlarının durumuna dair məlumatı artırmaq və hakimiyyətə nöqsanları müəyyənləşdirməyə və onların həllinə kömək etməyə yardım göstərməkdir. Bəzən dialoq tez nəticə verir, bəzi hallarda daha çox vaxt gərəkdir.

Digər bir fəaliyyət mənim Avropa İnsan Haqları Məhkəməsinə müdaxilə edərək hakimləri bir ölkədə insan haqlarına dair qərəzsiz dəyərləndirmə ilə təmin etmək hüququmdur ki, onlar bir işlə bağlı qərar verəndə əlavə informasiyaya malik olsunlar.

Avropa Şurası həmçinin “ekspert dəyərləndirməsi”nə əsasən işləyir – üzv hökumətlər və parlamentlər bir-birində insan haqlarını monitorinq edirlər və daha yaxşı göstərici üçün bir-birinə siyasi təzyiq göstərirlər. Bir üzv həddi aşanda isə onun klub üzvlüyünə uyğun olmaması qənaətinə gəlirlər. Mənim üzv ölkədə apardığım təhlil də həmin prosesə xidmət edir.

Bəzi hüquq müdafiəçiləri Avropa Şurasını səsini çıxarmamaqda ittiham edir. Buna səbəb nədir? Azərbaycan hakimiyyətini qəzəbləndirməmək?

Məncə, son təzyiqlərlə bağlı Avropa Şurasının bütün orqanları qətiyyətli reaksiya verməlidir. Ancaq Avropa Şurasının səsini çıxarmamasını söyləmək düz olmazdı. Baş katib və Parlament Assambleyasının insan haqları müdafiəçiləri üzrə Məruzəçisi həbslər dalğasına reaksiya verib.

Mən avqustun 7-də narahatlığımı ictimai şəkildə bildirmişəm. Gözləyirəm ki, Nazirlər Komitəsi və Parlament Assambleyası da Azərbaycandakı hazırkı duruma münasibət bildirəcək. Əminəm ki, Avropa Şurasının orqanları məsələyə layiq olduğu diqqəti ayıracaqlar.

Prezident İlham Əliyev bu yaxınlarda deyib ki, heç vaxt Avropa dövlətləri daxili siyasətlə bağlı ona bir kəlmə söz belə deməyiblər. Sizcə, bu, hakimiyyətin vətəndaş cəmiyyətinə hücumunun artmasına əsas səbəb sayıla bilərmi?

Təzyiqlərin artmasının səbəbləri barədə fikir yürüdə bilmərəm. Ancaq tənqidlər və yaxşı əsaslandırılmış iradlar dəfələrlə beynəlxalq səviyyədə səsləndirilib və onları görməzdən gəlmək olmaz. Məsələn, son müşahidələrimdə QHT qanunvericiliyinin və onun tətbiqinin potensial mənfi təsirləri barədə xəbərdarlıq etmişdim. Vurğulayırdım ki, qanunvericiliyin tutarsız tələbləri bir sıra QHT-lərin fəaliyyətini faktiki olaraq qanundan kənar qoyur. Bəzi hallarda mən deyən baş verdi, belə ki, qeydiyyat prosesində yersiz yubanmalar səbəbindən təşkilatlarını qeydiyyata aldıra bilməyən hüquq müdafiəçiləri qaydalara əməl etməməyə görə indi məsuliyyətə cəlb olunur. Mən həmçinin jurnalistlərin ədalətsiz olaraq, tənqidi fikirlər bildirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunması, məhkəmələrin fundamental azadlıqlarla bağlı işləri müstəqil və qərəzsiz araşdırmadığına dair narahatlığımı dəfələrlə bildirmişəm.

Bakıya səfər planlaşdırırsınızmı? Avropa Şurasının üzvü olan ölkədə insan haqlarının qorunması üçün hakimiyyətlə kommunikasiya aparılırmı?

Azərbaycana növbəti dəfə nə vaxt gələcəyimi hələlik bilmirəm. Mandatımın məqsədi insan haqlarının qorunması üçün işləməkdir. Durumun ciddiliyi aşıq-aydın göstərir ki, bu iş davam etdirilməlidir.

XS
SM
MD
LG