Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:36

Parlamentdəki partiyalar 200 min manatı öz aralarında bölməli olacaqlar


-

Sentyabrın 11-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

PARLAMENT 200 MİN MANATI BÖLMƏK ÜÇÜN QANUNA DÜZƏLİŞ EDƏCƏK

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi meyarlarının dəyişdirilməsi ilə bağlı Milli Məclisin payız sessiyasında qanunvericilik təşəbbüsü irəli sürüləcək. Bu barədə «Trend»ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, «Siyasi partiyalar haqqında» mövcud qanunda qeyd olunur ki, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür: «Lakin bu gün 3 faizlik səddi aşa bilən partiyalar olmadığına görə bir boşluq yaranıb. Parlamentdə təmsil olunan siyasi partiyalar təklif edirlər ki, əgər 3 faizlik səddi aşan partiya yoxdursa, qalan 10 faiz vəsait proporsional şəkildə parlamentdə təmsil olunan partiyalar arasında bölünsün. Bunun üçün isə qanuna mütləq düzəliş edilməlidir».

Siyavuş Novruzov
Siyavuş Novruzov

Parlamentdə təmsil olunan Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə «Yeni Müsavat»a açıqlamasında Siyavuş Novruzovun qaldırdığı məsələni dəstəklədiyini bildirdi və qeyd etdi ki, «Siyasi partiyalar haqqında» Qanuna sözügedən dəyişiklik səsverməyə çıxarılacağı halda lehinə səs verəcək. «Doğrudan da əgər 3 faizlik səddi aşa bilib parlamentdə təmsil olunmayan partiyalar yoxdursa, həmin vəsait parlamentdə təmsil olunan partiyalar arasında bərabər bölünməlidir və çünki o büdcə siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılıb. Odur ki, mən dəstəkləyirəm».

Onu da bildirək ki, Siyavuş Novruzovun dediyi kimi, qanuna dəyişiklik ediləcəyi halda parlamentdə təmsil olunan partiyalar 200 min manatı öz aralarında bölməli olacaqlar.

MEHRİBAN ƏLİYEVA BAKI OLİMPİYA STADİONUNDA OLUB

AzərTAc: Sentyabrın 10-da Azərbaycanın birinci xanımı, «Bakı-2015» Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış olub. Mehriban Əliyevaya məlumat verilib ki, 2011-ci ilin iyununda təməli qoyulan stadionun inşası sürətlə davam etdirilir və tikinti işlərinin böyük hissəsi başa çatdırılıb. Stadion 69 minə yaxın tamaşaçı tutacaq. «Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 62 metr hündürlüyündə, 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən, insanların stadiona daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3103 yerlik avtomobil parkı inşa edilir».

ƏHALİ GƏLİRİNİN 70 FAİZİNİ ƏRZAĞA XƏRCLƏYİR

«Bizim Yol» Azərbaycana qonşu ölkələrdə qiymətlərlə istehlakçıların gəlirlərinin nisbətini araşdırıb. «Statkom»un məlumatına görə, hazırda əhalinin orta aylıq əmək haqqısı 440 manata (560 dollar) çatıb. Əlbəttə, əhalinin bu gəliri ilə qiymətləri müqayisə etdikdə Azərbaycanı bahalı ölkələrdən biri adlandırmaq olar. Gəlirləri artmayan əhalinin gündəlik istehlak xərcləri aydan-aya yüksəlir. Bunu Dövlət Statistika Komitəsinin məlumatından da görmək olur. Belə ki, əgər ötən il gəlirlərin 65 faizi ərzaq məhsullarına sərf edilirdisə, bu rəqəm artıq 70 faizə qalxıb. Bu o deməkdir ki, istehlak mallarının qiymətinin artım tempi gəlirlərin artım tempini üstələyib. İnsanlar vəsaitlərinin daha çox hissəsini ərzağa xərcləməyə məcbur olublar. Hətta qonşu ölkələrlə müqayisədə belə çox bahalı qiymət siyasəti yürüdüldüyü müşahidə edilir.

Məsələn, dövlət büdcəsi bizim büdcəmizdən 5 dəfədən çox kiçik olan Gürcüstanda ötən il üçün orta aylıq əməkhaqqı 515 dollar (898,7 lari) təşkil edib. Büdcəsi bizdəkindən 6 dəfə kiçik olan Ermənistanda isə orta aylıq əmək haqqı 380 dollar (156 min 300 dram) olub.

Yəni büdcələr arasındakı fərqlər «dəfələrlə» olsa da, orta aylıq əmək haqlarındakı nisbət bir neçə «faizdən» ibarətdir.

AZƏRBAYCANLI FƏAL: «ETTELAAT-IN SİFARİŞİ İLƏ MƏHKUM EDİLMİŞİK»

İranda Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə 9 ay həbsə məhkum edilən, ancaq hələ azadlıqda olan Daryuş Əndəlibiyan jurnalistlərə açıqlama verib. «Media forum» saytının məlumatına görə, 9 ay həbs almış Daryuş Əndəlibiyan jurnalistlərə deyib ki, ona və dostlarına qarşı irəli sürülən ittiham əsassızdır: «Bu ittiham tam absurddur. Biz sadəcə olaraq ETTELAAT-ın tapşırığı və sifarişi ilə həbsə məhkum edilmişik. Müəyyən tələblərimiz var. Həmin tələbləri hansı formada irəli sürsək də, bizə separatçı damğası vururlar. Bizim istəklərimiz ölkə konstitusiyasının milli dillərdə təhsil hüququnu tənzimləyən 15-ci və 19-cu bəndlərində əksini tapmış vədlərdən başqa bir şey deyil. Prezident Həsən Ruhani seçkidən əvvəl milli və dini azlıqların hüquqlarının bərpa ediləcəyi haqda müəyyən vədlər vermişdi. Lakin onun verdiyi bu vədlərin heç biri yerinə yetirilmədi. Nəticədə milli və siyasi fəallara qarşı təzyiq gündən-günə artır».

Azərbaycanlı fəallar Daryuş Əndəlibiyan, Həbib Mənafi Azər, Cavad Sudbər, Yusif Muxtari və Muxtar İbrahimi mədəni fəaliyyət adı altında pantürkizm təbliğat aparmaqda günahlandırılır.

XS
SM
MD
LG