Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:36

Pasport seriyası və vətəndaş mövqeyi [Video]


-

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzovun internet mediası və sosial şəbəkələr haqda söylədiklərini Mətbuat Şurası internet mediası komissiyasının üzvü Müşfiq Ələsgərli, media eksperti Qulu Məhərrəmli və «Qafqazinfo» saytının rəhbəri Elbrus Erud müzakirə edirlər.

«İNTERNETİN TƏNZİMLƏNMƏSİ ÜÇÜN AYRICA QANUNA EHTİYAC VAR»

Elbrus Erud şərhlərin şəxsiyyət vəsiqəsiylə yazılması fikrini mücərrəd sayır:

«Səslənən fikirlər hələ təklif formasındadır. Hələ müzakirə olunacaq, qanunvericilikdə hansı şəkildə öz əksini tapacaq, sonra görəcəyik. Həmişə hökumət qanunvericiliyə hansısa dəyişiklik edəndə xarici ölkənin təcrübəsinə söykəndiyini deyir. Siyavuş Novruzov konkret ölkəni açıqlamayıb ki, həmin ölkədə şərhlər şəxsiyyət vəsiqəsiylə yazılır. Bu, olduqca çətin prosesdir. Belə çıxır ki, şərh yazanlar qeydiyyata alınmalıdır? Bir qədər mücərrəd məsələdir. Mən tərəfdarıyam ki, bir insan haqqında, söyüş çıxmaqla, ağır fikirlər də verilməlidir. Xaricdə yaşayan pasport qeydiyyatı ilə şərh yazsa, bunu necə məhdudlaşdıracaqlar?..».

«Azərbaycanda internet məsələsi ölkənin aktual məsələsinə çevrilib. Düşünürəm ki, internet fəaliyyətinin tənzimlənməsiylə bağlı ayrıca qanunvericiliyə ehtiyac var. Bu məsələni ekspertlər müzakirə etməlidir. Məlumdur ki, dövlət, hakimiyyət öz maraqlarını qorumağa çalışır. Media da öz maraqlarını qorumalıdır. Mətbuat Şurası müzakirələr aparmalıdır».

«MİLLƏT VƏKİLLƏRİ CILIZ MƏSƏLƏLƏRLƏ MƏŞĞULDURLAR»

Bloqqer Həbib Müntəzir hesab edir ki, şərhlər, statuslar insanın öz əxlaqına buraxılmalıdır:

«Bu məsələ Azərbaycanın Şimali Koreyaya bənzədilməsinin bir nümunəsidir. Millət vəkilinin belə fikir səsləndirməsi acınacaqlıdır. Ölkədə normal mətbuat azadlığı olmadığı, təhsilin səviyyəsi aşağı olduğu halda, Milli Məclis cılız məsələlərlə məşğuldurlar. Gözlənilir ki, qanunlar sərtləşdiriləcək. Bu qanunlar da ancaq müstəqil düşüncəli insanlara tətbiq edilir. «Lider TV»də müxalif düşərgəyə təhqirlər səslənir, onların intim videoları verilir. Heç bununla bağlı tədbir görülmür. Bu cür hallara etiraz etməyiblər. Heç bir halda şərhlər, statuslar şəxsiyyət vəsiqəsi ilə yazılmamalıdır. Bu məsələ insanın öz əxlaqına qalır. Mən öz səhifəmdə təhqirli şərhləri silirəm. Məsələ bu cür tənzimlənməlidir».

«QANUNVERİCİYƏ DƏYİŞİKLİKLƏR OLMALIDIR»

Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərlinin fikrincə, elə addımlar atılmalıdır ki, ifadə azadlığı məhdudlaşmasın:

«Şərhlərin şəxsiyyət vəsiqəsiylə yazılması sadəcə təkliflərdən biridir. 100 faiz demək olmaz ki, bu təklif qəbul olunacaq. Bu sahədə yeniliklərin edilməsinə həqiqətən ehtiyac var. İnternetlə bağlı ciddi problemlərlə üzləşirik. Bu baxımdan hansısa administrativ tədbir zəruridir. Bu müzakirələr qlobal səviyyədə də aparılır. Elə etmək lazımdır ki, informasiya təhlükəsizliyi təmin olunsun, həm də ifadə azadlığı qorunsun. Bu məslə ATƏT tərəfindən də müzakirəyə çıxarıldı. Belə qərara gəlindi ki, şərhlərlə bağlı müraciət olarsa, administrator ölçü götürməlidir, əks halda məhkəmə prosesinə keçə bilər. Müzakirələr beynəlxalq səviyyədə yekunlaşmayıb. Yekdil bir variant yoxdur. Aktual bir məsələ var ki, qanunvericiliyə dəyişikliyi olmalıdır, boşluqlar varsa, doldurulmalıdır. Bu dəyişikliklər sərt formada olmamalıdır».

XS
SM
MD
LG