Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:49

Avropa Parlamentinin Azərbaycana sanksiya çağırışlarına Bakıdan cavablar


Avropa Parlamenti rəsmi Bakını insan hüquqlarına sayqı göstərməyə çağırır
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Avropa Parlamenti rəsmi Bakını insan hüquqlarına sayqı göstərməyə çağırır

-

Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar sessiyasında Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti kəskin tənqid edib.

Sentyabrın 18-də aparılan müzakirələrdən sonra AP Azərbaycan hakimiyyətini insan haqları sahəsində islahatlara çağırıb.

Yazı yenilənir. Qətnaməyə ən son reaksiya yazının əvvəlindədir.

«AVROPA OLİMPİADASININ BOYKOTUNA EYHAM VAR»

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qənaətincə, qətnamə həqiqəti, Azərbaycan reallıqlarını əks etdirir. O əmindir ki, Azərbaycanda repressiyalar davam edəcəksə, qətnamədə göstərildiyi kimi konkret vəzifəli şəxslərə qarşı sanksiyalar işə düşəcək:

«Nəhayət, Azərbaycanda repressiyaları həyata keçirən, sifarişli, saxta hökmlərlə vətəndaşları siyasi mövqeyinə görə cəzalandıran vəzifəli şəxslərin cəzalandırılmasından söhbət gedir. Azərbaycan kimi avtoritar, korrupsioner hökumətlərdə öz maraqlarına toxunmayana qədər iqtidara çağırışlar təsirsiz qalır. İkincisi, sənəddə diplomatik şəkildə Avropa olimpiadasının boykotuna eyham var. Çünki Avropa Olimpiada Oyunlarının Təşkilat Komitəsinə müraciət, olimpiada prinsiplərinə əməl olunması ilə bağlı çağırış var».

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli qətnaməni Avropanın ümumi mövqeyi kimi qələmə verir:

«Azərbaycan hökuməti bu qətnamənin qarşısını almağa cəhd etdi. Amma mümkün olmadı. Bu gün həmin sənədi çaşqınlıq içində, cılız arqumentlərlə tənqid etməyin heç bir mənası yoxdur. Bütünlükdə Avropa Birliyini ermənipərəstlikdə ittiham etməyin mənası yoxdur. Necə olur ki, həmin qurum Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edəndə yaxşı olur, öz vətəndaşı ilə insan kimi davranmağı tələb edəndə ermənipərəst olur?».

«AVROPA PARLAMENTİ SƏHV YOLDADIR»

Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov qətnamənin qərəzli və qeyri –obyektiv olduğunu deyib. O, Avropa Parlamentinin bəzi deputatlarının «dar məqsədlər güdən təşəbbüsünü dəstəkləmək kimi səhv yol tutduğunu» bildirib:

«Son illərdə Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşması, fundamental hüquq və azadlıqlarının qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Onların böyük bir hissəsi dəfələrlə Azərbaycanda olublar. Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün kütləvi surətdə pozulan hüquqlarıdır.

Əli Əhmədov
Əli Əhmədov

Təəssüf ki, onların hüquqlarının qorunması, öz doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri hər hansı tələb irəli sürmür».

Baş nazirin müavini qurumun «həqiqətə uyğun olmayan, mahiyyəti təhrif edilmiş faktlar əsasında Azərbaycana qarşı ittihamlar irəli sürməsini ədalətsizlik» adlandırıb:

«Hüquqi anlayışlar heç zaman siyasi anlayışlara, ələlxüsus siyasi konyunkturaya qurban verilməməlidir».

Əli Əhmədov bildirib ki, Azərbaycan müstəqil dövlətdir və taleyini özü həll etmək haqqına sahibdir. «Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycana təsir göstərmək, onun daxili işlərinə qarışmaq mümkün deyil» deyə baş nazirin müavini fikrini yekunlaşdırıb.

«AZƏRBAYCANA QARŞI TƏZYİQLƏR HEÇ VAXT İŞLƏMƏYİB VƏ İŞLƏMƏYƏCƏK»

«Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə əslində daha çox Azərbaycanla deyil, Avropa Parlamentinin özü ilə bağlıdır. Təəssüflər olsun ki, son zamanlar biz Avropa Parlamentində gedən prosesləri müşahidə edərkən Avropa dəyərlərinin, ümumbəşəri prinsiplərin, məhz Avropanın ən vacib olan strukturunda - Avropa Parlamentində pozulub tapdandığını görürük».

Bunu apa-ya Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov
Səməd Seyidov

Onun dediyinə görə, əgər belə olmasaydı, AP-nin qəbul etdiyi qətnamələr sülhə, barışığa və Avropanın inkişafına gətirib çıxarardı.

S.Seyidov deyib ki, Avropa Parlamentinin qətnaməsi qanunun aliliyinə zərər vurur:

«Çünki qanunun aliliyi o deməkdir ki, dövlət tərəfindən, onun parlamenti tərəfindən qəbul olunmuş qərarlara heç kim müdaxilə edə bilməz. Həqiqət naminə deməliyəm ki, orada qətnamə qəbul olunarkən müzakirələr zamanı Çexiyadan olan nümayəndə Azərbaycanın müstəqil və suveren dövlət olduğunu, Avropa Parlamentinin ona konsepsiyasını qəbul etdirmək haqqı olmadığını, Azərbaycanın daxili işinə hörmətlə yanaşmalı olduqlarını dedi. Amma görün qətnamədə nə əksini tapdı: «qanunları dəyişdirin, istintaqı gedən şəxslər üzərindən, - halbuki hələ heç bir nəticəsi yoxdur və istintaq bitməyib, - bütün ittihamlar götürülməli və dərhal azadlığa buraxılmalıdırlar. Hansısa bir iş törədən başqa insanlar isə dərhal tutulmalıdır». Bu, hansı dildə danışmaqdır? Necə yəni göstəriş verilir ki, kimsə azadlığa buraxılsın, kimsə tutulsun? Bəlkə artıq suverenlik, qanunun aliliyi terminləri Avropa Parlamentindən götürülüb, bizim xəbərimiz yoxdur?».

S.Seyidov onu da deyib ki, qətnamənin qəbulunda iştirak edən müxtəlif partiyaların təmsilçilərinin Azərbaycanda gedən proseslərdən, ümumiyyətlə, xəbərləri yoxdur. O, Avropa Parlamentini birbaşa erməni lobbisinin çox ciddi təsiri altında qalmaqda təqsirləndirib:

«Azərbaycana edilən bu təzyiqlərin ən əsas səbəbi də odur ki, Azərbaycan nə Qərbin, nə Şərqin, ümumiyyətlə, heç kimin diktəsi altında yox, millətin maraqlarına uyğun addımlar atır, öz yolu ilə inkişafı edir».

Fazil Mustafa
Fazil Mustafa

AŞPA sədrinin Azərbaycana səfəri ərəfəsində belə bir qətnamənin qəbul edilməsinin düzgün hal olmadığını şərh edən S.Seyidov onu da deyib ki, Azərbaycana qarşı təzyiqlərdən ibarət olan qətnamələr heç vaxt işləməyib, işləmir və bundan sonra da işləməyəcək.

«...HÖKUMƏT İRADLARI DÜZƏLDƏ BİLƏR»

Deputat Fazil Mustafa hesab edir ki, Avropa Parlamenti ölkənin problemlərinə ümumi şəkildə baxmalıdır:

«O bəyanatlarda demokratikləşmə ilə yanaşı, qaçqın-köçkün problemi, Ermənistanın işğalçılığı da yer almalıdır. Kompleks şəkildə baxsalar, hökumət iradları düzəldə bilər. Bu olmadan dəyişikliyə inanmıram».

«BU AVROPANIN STANDARTLARI SİZƏ MƏLUM DEYİL?»

«Azərbaycan Avropanın qulu ola bilməz». Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov Avropa Parlamentinin Azərbaycanı islahatlara çağırmasını şərh edərkən belə deyib.

Deputatın AzadlıqRadisouna söylədikləri qısa olub:

«Azərbaycan Avropa ölkələrinin diktəsi ilə oturub-dura bilməz. Avropa əvvəlcə özünə baxsın, öz ölkəsində gedən proseslərə baxsın, sonra Azərbaycandakı vəziyyətə qiymət versin. Bu Avropanın standartları sizə məlum deyil? Avropa Azərbaycanda demokratiya istəyirsə birinci növbədə Ermənistanı işğalçı adlandırsın, Qarabağı qaytarsın, ondan sonra mitinq istəsin».

Yevda Abramov
Yevda Abramov

Avropa Parlamenti Azərbaycan hakimiyyətindən vətəndaş cəmiyyətinə, müxalifət nümayəndələrinə və müstəqil jurnalistlərə qarşı təzyiqlərin dayandırılmasını, Bakıda kütləvi toplantıların keçirilməsi üçün qadağaların götürülməsini istəyib.

Yevda Abramov isə buna cavab olaraq deyib:

«Azərbaycanda mitinq edən var ki? Mitinqi kim etsin? Azərbaycanda bir müxalifət var ki, mitinq də edə bilsin? Mitinq edəndə öz gözümlə gördüm «Qələbə» kinoteatrının yanında pul paylayırdılar. Qızlar dedilər ki, pul vermədilər iki toyuq alaq balalarımıza yedirdək. Qurtarın bu məsələləri».

Bunları dedikdən sonra Yevda Abramov başqa sualları gözləmədən telefon söhbətinə son verib.

«AZƏRBAYCANDA İNSAN HÜQUQLARI YÜKSƏK SƏVİYYƏDƏ QORUNUR»

Komitənin başqa bir üzvü və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva da Avropa Parlamentinin çağırışları ilə razılaşmayıb. O da həmkarı Yevda Abramov kimi qurumu Azərbaycana ikili standartlarla yanaşmaqda suçlayıb:

«Birincisi, bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı düşünülmüş və ikili standartlarla siyasət yürüdülür. İkincisi, Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur. Mən bunu İnsan Hüquqları İnstitutunun direktoru, müstəqil millət vəkili kimi bəyan edirəm. Mən partiya üzvü deyiləm.

Aytən Mustafayeva
Aytən Mustafayeva

Ancaq partiya üzvü olaraq gedib kimisə döysəm, bina yandırsam, vitrinləri qırsam, bu, xuliqanlıqdır. Cibimdə partiya bileti olması mənim siyasi məhbus olmağım demək deyil. Mən hamı kimi qanun qarşısında cavab verməliyəm».

Aytən Mustafayeva Avropa Parlamentinin Leyla Yunusun azadlığa buraxılması çağırışına da münasibət bildirib:

«O, QHT rəhbəri kimi 15 ildir xaricə işləyir, milli maraqlarımıza zidd gedir, sifarişlə iş görür. Yeganə ona təəssüflənirəm ki, onun bu işlərinin üstünü hüquq-mühafizə orqanları gec açdı. Heç bir ölkə razı olmaz ki, sabitlik əleyhinə işləyən qüvvə azadlıqda qalsın».

Deputat söz azadlığının sıxışdırılması haqda beynəlxalq qurumların tənqidlərini də haqsız sayıb:

«Azərbaycanda nə istəsən danışa bilərsən, internet açıqdır, bütün qəzetlərin saytı var.

AVROPA PARLAMENTİ AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏZİYYƏTİNİ KƏSKİN TƏNQİD EDİR

Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar sessiyasında Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti kəskin tənqid edib.

Sentyabrın 18-də aparılan müzakirələrdən sonra AP Azərbaycan hakimiyyətini insan haqları sahəsində islahatlara çağırıb.

Avropa Parlamenti
Avropa Parlamenti

Parlamentarilər bu islahatların dərhal həyata keçirilməsini, vətəndaş cəmiyyətinə, müxalifət nümayəndələrinə və müstəqil jurnalistlərə qarşı təzyiqlərin dayandırılmasını, Bakıda kütləvi toplantıların keçirilməsi üçün qadağaların götürülməsini istəyib.

AP deputatları Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam ƏliyevHəsən Hüseynlinin həbsini pisləyib, onların dərhal və qeyd-şərtsiz buraxılmasını tələb edib.

AP-nin qəbul etdiyi qətnamədə deyilir ki, Azərbaycanla Strateji Modernləşdirmə Tərəfdaşlığına dair danışıqlarda insan haqlarının müdafiəsi şərt kimi qoyulmalıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Avropa Parlamentinin 18 sentyabr tarixli qətnaməsini «qərəzli» adlandırıb:

«Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin edilib. Siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur».

Bəyanatda daha sonra deyilir:

«Azərbaycana qarşı məqsədyönlü yürüdülən siyasi sifariş və ikili standartlardan qaynaqlanan bu qətnamə Avropa Parlamenti daxilində Avropa İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən qüvvələrin mövcudluğuna dəlalət edir».

XS
SM
MD
LG