Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 01:49

«Mirzə Şəfi Tiflisdə Tumanov soyadlı bir erməninin evində Bodenştedə dərs deyirmiş»


Mirzə Şəfi Vazeh
Mirzə Şəfi Vazeh

-

«Ömrümüz boyunca alman xalqının böyük oğlu, professor Fridrix Bodenştedə minnətdar olmalıyıq, axı itkin şairimizi özümüzə qaytarıb».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramında «Gəncəli Ustad» radiostanının bələdçisi, filoloq-alim Fəxrəddin Veysəlli söylədi.

MİRZƏ ŞƏFİ AVROPADA ÖZ VƏTƏNİNDƏN ÇOX TANINIR

Onun sözlərinə görə, bu mövzu son dərəcə maraqlı və Azərbaycan xalqının həm bütövlükdə, həm də ədəbiyyat tarixində sirlərlə doludur: «Doğrudan da, Mirzə Şəfi Avropada, Rusiyada öz vətənindən qat-qat artıq tanınır. Bunun da sirləri, öz səbəbləri var. İş orasındadır ki, Mirzə Şəfinin öz əliylə yazıb-yaratdığı əsərlərdən, demək olar, əlimizə gəlib çatanı yoxdur. Təsəvvür edin ki, dünyanın ən nəhəng bəstəkarları –Çaykovski, Rubinşteyn, Brams onun şeirlərindən ilham alıb əsərlər bəstələyiblər. Almaniyanın özündə «Mirzə Şəfi nəğmələri» kitabı 5 il boyunca 100 dəfə çap olunub».

AH, BODENŞTED! VAH BODENÇTED!..

Fəxrəddin Veysəlli Fridrix Bodenştedin ona uğursuzluq gətirən məlum açıqlamasından da danışdı: «Bodenşted publikaya müraciət edib deyəndə ki, əslində, Mirzə Şəfi adlanan heç bir şair olmayıb, bunlar mənim öz qələmimdən çıxan əsərlərdir və bu əsərlərin almanca yaranışı üçün mənə minnətdar olmalısınız, – ondan sonra bütün dünyada, həm də Almaniyada bu nəğmələrə maraq öldü... Mirzə Şəfi tam unuduldu. Bodenştedin trilogiyası vardı, – «Şərqdə min bir gün» adlı, – birinci cildi Rusiyaya səfərə həsr olunub, Puşkindən, Lermontovdan tərcümələr yer alıb. İkinci cild fransızcadan tərcümələrdir, üçüncü cilddə Qafqazdakı 3 illik həyatını qələmə alıb – onun da böyük bir hissəsində Mirzə Şəfidən söz açılır. Elə ki, 1872-ci və 1874-cü illərdə Bodenşted bir sıra səbəblərdən bu açıqlamanı verdi, ondan sonra Mirzə Şəfi nəğmələrinə maraq öldü...».

BODENŞTED: «MƏN PİS ŞAİRƏM...»

Fəxrəddin bəy aparıcının: «Müəllifin dəyişməsi nədən belə uçurumlar yaratdı» sualını belə cavabladı: «Bu barədə çox maraqlanmışam. Ensiklopediyalara baxmışam, alman arxivlərində illərlə araşdırmalar aparmışam. «Niyə uçurumlar»ın cavabı belədir: Alman oxucusu görürdü ki, Mirzə Şəfi nəğmələri çox romantik, sevgi dolu nəğmələrdir. Birdən-birə Bodenşted oxucuya üz tutub, «o nəğmələrin müəllifi mənəm» deyəndə, alman oxucusu bunun yalan olduğunu anladı... Çünki nəğmələrin deyiliş tərzinin, mövzusunun – hər şeyinin alman beyninin məhsulu olmadığı göz önündəydi... Həm də Bodenşted üçcildlikdə yazmışdı ki, mən özüm pis şairəm. Bu yazdıqlarımın hamısını Mirzə Şəfi deyib və mən də onlara alman donu geyindirib çap eləmişəm...».

YALAN! YALAN! YALAN! BOŞALAN RƏFLƏR... YOX OLAN ERA!

Fəxrəddin Veysəllinin fikrincə, Mirzə Şəfişünaslar məsələni birtərəfli qoyurlar: «Bodenştedi bu yola çəkən obyektiv və subyektiv səbəblər vardı. Alman ədəbiyyatında belə fikirlər dolaşır ki, ömrünün sonlarında Bodenştedin həyatı ağır keçib. Nəşriyyatlara borcu olub. Naşir özü Bodenştedə deyib ki, nə Mirzə Şəfi? Gəl elan edək ki, bütün bu şeirlərin hamısı səninkidir... Bəlkə bundan sonra kitabın nüfuzu artar... Nə oldu? Alman oxucusu ondan üz döndərdi. Bir alman ədəbiyyatçısı yazır ki, bayaqdan bütün almanların kitab rəfində Mirzə Şəfi nəğmələri dururdusa, bu əhvalatdan sonra rəflərdən kitablar yoxa çıxdı... Bununla da, həm Mirzə Şəfi dalğası çəkildi, həm də Bodenşted erası yox oldu».

MİRZƏ ŞƏFİ YARADICILIĞINDA TUMANOV İZİ: NƏ MİRZƏ ŞƏFİ?

Fəxrəddin bəy yerli Mirzə Şəfişünasların diqqət ayırmadığı bir məsələni də qabartdı: «Çox təəssüf ki, bunu qabarıq şəkildə göstərməyiblər. Mən bu məsələdə iki erməni faktoru görürəm. Biri budur: Bodenşted Tiflisdə Tumanov soyadlı bir erməninin evində yaşayırmış. Mirzə Şəfi də gəlib o evdə Bodenştedə dərs deyirmiş. Bodenşted Almaniyaya gedəndən, o nəğmələr Avropada əks-səda yaradandan sonra Rusiyanın dövlət katibi, mənşəcə fransız olan Adolf Berje Tiflisə gəlir və Tumanovun evinə düşür. Ev yiyəsini sorğu-suala çəkir, Mirzə Şəfi barədə öyrənmək istəyir. Amma ev yiyəsi bildirir ki, nə Mirzə Şəfi? Azərbaycan türkləri heç şeir yaza bilmirlər ki... Mirzə Şəfi də bütün ömrünü şərab içib və ömrünü bazar-dükanda keçirməklə məşğul olub...».

ŞƏFİ & ZÜLEYXA VƏ YA «YERİ, DAM ÜSTƏ, YERİ...»

Verilişin bələdçisi ikinci faktoru belə açıqladı: «Gəncədə yaşayarkən Mirzə Şəfi Gəncə xanının qızı Züleyxaya vurulur. O dövrün bir neçə şeir məclisində Mirzə Şəfi qalib gəlir və Züleyxa da bunu izləyir.

Fəxrəddin Veysəlli
Fəxrəddin Veysəlli

Sonra o, qulluqçusuyla Mirzə Şəfiyə xəbər göndərir ki, filan vaxt damın üstündə görüşə gəlsin... Sevənlər görüşürlər və qərara alırlar ki, qoşulub qaçsınlar. Erməni arabaçı Armik, Züleyxanın kənizi Fatma, Züleyxa və Şəfi arabayla qaçırlar. Şamaxıya çatanda, bir kənddə güclü yağış başlayır və onlar dayanmağa məcbur olurlar. Birdən Armik həmin kənddə Avarıstan xanı Əhməd xanı görür və xanın qoçularıyla xəbər göndərir ki, Züleyxa burdadır. Məsələ burasındadır ki, atası Züleyxanı Avarıstan xanına nişanlamışdı... Bax, bu iki paraleli aparanda görürəm ki, doğrudan da, Mirzə Şəfinin ilk sevgilisindən ayrılması, bu günlərə düşməsi və Tiflisdə Tumanovun Berjeyə və sonralar Vanberə deməsi ki – gedin, baxın, görün, o maraqlandığınız adamın heç qəbri də qalmayıb, – Mirzə Şəfinin həyatını, yaradıcılığını faciə və sirlərə bürüyüb...».

MİRZƏ ŞƏFİNİN NİYƏ QƏBRİ YOXMUŞ?

Fəxrəddin Veysəlli bunu belə izah etdi: «İslam qaydalarına görə, öləndən sonra qəbir daşı qalmaz. Mirzə Şəfi 1852-ci ildə dünyasını dəyişib. Onun da orda abidəsi, başdaşı yox idi. Sovet dövründə onun qəbrini Tiflisdə bərpa etdilər. Mərkəzi Komitənin xüsusi qərarıyla».

«MİRZƏ ŞƏFİ NƏĞMƏLƏRİ QOT ƏLİFBASIYLA YAZILIB»

Fəxrəddin Veysəlli Mirzə Şəfi tədqiqatçılarının alman dilini bilməməsinə də diqqət çəkdi: «Mirzə Şəfi nəğmələri Qot əlifbasıyla yazılıb və bizim tədqiqatçılar onu oxuya bilmirlər. Onun ən məşhur tədqiqatçısı Əjdər Seyidzadə də ancaq rus və yerli mənbələrə əsaslanıb. Onlar alman mənbələrinə üz tutmayıblar».

BODENŞTEDİN VƏSİYYƏTİ...

Verilişin bələdçisi Bodenştedin vəsiyyətnaməsi olduğunu bildirdi: «Bodenşted Eçmiadzinə gedib qayıdanadək Mirzə Şəfi ona «Müdrikliyin açarı» adlandırdığı şeirlər kitabı tərtib etmiş və sonra hədiyyə etmişdi. Bodenşted öz xatirələrində yazır ki, bu kitab – «Müdrikliyin açarı» ancaq ölümündən 100 il keçəndən sonra açılsın. 1980-ci illərdə Hannoverdə onun arxivi açılmalıydı. Mən də məsələ qaldırmışdım ki, arxivin açılışında bizlərdən də kimsə olsun. Görək, bizim şairimizin öz dəsti-xətti ilə yazdığı əsərlər varmı? Təəssüf ki, bu təşəbbüs sükutla qarşılandı. Ancaq bundan sonra biz dünyaya tam sübutla deyə bilərdik ki, bizim nakam şairimizin öz yaradıcılığı var... Tədqiqatçılar çox çalışıblar ki, Mirzə Şəfinin o deyilənlərdən savayı əsərlərini tapıb çıxarsınlar, amma təəssüf ki, bu, mümkün olmayıb».

«GƏNCƏLİ USTADIM»

Fəxrəddin Veysəlli Bodenştedlə Mirzə Şəfinin münasibətlərinə də toxundu:

«Onlar otururlarmış divanda. Mirzə Şəfi ayağını qoyurmuş ayağının üstünə» – Bodenşted belə yazıb və deyir «Mirzə Şəfi heç zaman yazmağı xoşlamazdı. Birdən təbi gələndə, bədahətən şeir deyərdi». Bodenştedin böyüklüyü orasındadır ki, o dərhal oturub şeiri yazıb və almancaya çevirib. Yeri gəlmişkən, o, əsər boyunca Mirzə Şəfiyə çox böyük hörmətlə yanaşır. Ona «Hörmətli müəllimim», «Gəncəli Ustad», «Gəncəli Müdrik» deyə müraciət edir. Onun dünyagörüşünü, fəlsəfi fikirlərini geniş açıqlayır».

BİR DƏRSƏ BİR QIZIL MANAT!

Fəxrəddin bəy «Gəncəli Ustad»ın Bodenşteddən nə qədər qazandığına da aydınlıq gətirdi: «Bodenşted yazır ki, biz 5 nəfərdik və Mirzə Şəfidən dərs alırdıq. Mən hər dərs üçün Mirzə Şəfiyə bir qızıl manat verirdim. Bu da, o dövrə görə çox böyük pul idi. Ona görə də, mənimlə ürəklə məşğul olurdu. Mirzə Şəfi Füzulini, Hafizi, Sədini dərindən bilirdi və gözəl təhlil edirdi. O vurğulayır ki, Mirzə Şəfinin şeirləri rusların və tatarların dillər əzbəri olub. Onun müdrik ifadələri vardı. Məsələn deyirdi: «Yüz pis kitab oxumaqdansa, bir yaxşı kitabı 100 dəfə oxumaq daha yaxşıdır».

BODENŞTED – MASABƏYİ VƏ MƏZHƏKƏÇİ?

Alman dili bilən Fəxrəddin Veysəllinin fikrincə, alman mənbələri Bodenştedə ciddi şair kimi yanaşmır: «Çox baxmışam. Alman ensiklopediyalarında ya Bodenşted adında adam göstərilmir, ya da yazırlar ki, Münhen universitetinin professoru olub, tərcüməçilik edib... Hətta onu məzhəkəçi və masabəyi kimi də tanıdırlar. Bodenştedi öz ölkəsində şair kimi qəbul etməyiblər».

BİR DƏFƏ BAKIDA... «BODENŞTEDİ TANIYIRSINIZMI?»

Fəxrəddin bəy ötən əsrin 70-ci illərində Bakıda baş vermiş maraqlı bir hadisəni danışdı: «1976-cı ildə Bakıya bir alman alimi gəlir – Munthenk adlı. O, «İnturist» otelində tərcüməçilərlə görüşəndə, soruşur ki, siz Bodenştedi tanıyırsınız? Bir ağızdan deyirlər ki, «Hə!!! O, plagiator və oğrudur! Onu kim tanımır ki?».. Bu hadisə alman tədqiqatçısına çox pis təsir edir. O, sonralar yazdığı monoqrafiyada yazır ki, alman xalqının özgə xalqın şairini özününküləşdirməyə ehtiyacı yoxdur, axı yetərincə böyük şairləri var. Mən də, öz kitabımda ona cavab vermişəm ki, alman qaynaqları sənin həmyerlin barədə belə düşünmür... Bir də sovet dövründə almanlara yönəlik təbliğat güclü olduğundan, belə fikirlər yayılırdı ki, bax, onların nümayəndəsi plagiatordur. Yəni məsələ dolaşıqdır».

MUNTHENKİN SUALI VƏ YA SƏN VARMISAN, YOXMUSAN, MİRZƏ ŞƏFİ?..

Fəxrəddin Veysəlli Munthenkin monoqrafiyasında qabartdığı bir suala diqqət çəkdi: «O yazır ki, nədən Mikayıl Rəfilinin, Mir Mövsüm Nəvvabın müntəxəbatında o dövrkü Azərbaycan şairlərinin adı çəkilir, amma Mirzə Şəfinin adı yox? O soruşur ki, bunu necə izah edirsiniz? Tutaq ki, biz almanlar səhv etdik. Bəs Azərbaycan ədəbiyyatı tarixində bu məsələ niyə birmənalı şəkildə qoyulub-həll olunmayıb?! Yəni qaranlıq məsələlər çoxdur...».

Mirzə Şəfi nəğmələrinin almanca necə səsləndiyini bilmək istəyirsinizsə, bu «İz»i dinləyin.

İz - «Gəncəli Ustad» radiodastanı
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG