Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:19

Rəhim Qazıyev: «Generalların həyat tərzi, yaşamı insanlara açıq olmalıdır»


Rəhim Qazıyev
Rəhim Qazıyev

-

Gözlə

No media source currently available

0:00 0:05:44 0:00
Direct-ə keçid

Oktyabrın 9-da müstəqil Azərbaycan ordusunun yaranmasından 23 il ötür. İkinci milli ordunun üçüncü müdafiə naziri olmuş Rəhim Qazıyev AzadlıqRadiosuna ordu quruculuğunun keçdiyi yolu xatırlayır.

- Rəhim bəy, indiki Azərbaycan ordusunun artıq 23 yaşı var. 23 il öncəylə müqayisədə hansı fərqlərdən danışa bilərsiniz?

- Azərbaycan ordusunun daxilindəki proseslərdən xəbərim yoxdur. Hər halda ordumuzun güclənməsi, qüvvətlənməsi mənim üçün çox önəmlidir. Bununla ancaq fəxr edə bilərəm. Amma bu 23 ildə ordumuzun qabağa getməməsi, torpaqlarımızı işğaldan azad etməməsi məni çox üzür. Ötən paradda hərbi texnikamızı, silahları gördüm, çox möhtəşəm idi. İstəyərdim ki, generallarımız villalardan yox, cəbhə bölgəsindən boylanıb zəfər xəbərlərini versin.

- Milli Ordu quruculuğu siz nazir olmazdan öncə başlanmışdı. Bu quruculuq Qarabağdakı savaşla paralel aparılırdı. Qısaca, ortada nə vardı və siz nəyə öncəlik verdiniz?

- Siz elə yaralı yerimə toxunmusuz ki, bunu 10 dəqiqəyə danışmaq mümkün deyil. Həmin dövrdə Ayaz Mütəllibov quru bir kağızda milli silahlı qüvvələrin yaranması ilə bağlı sərəncam verdi. 18 gün sonra Azərbaycanda olan rus hərbi hissələrinin tabeliyindəki silah-sursatın milli orduya verilməsi barədə fərman imzalandı. Mən müdafiə naziri təyin olunana qədər, yəni 1992-ci il martın 17-nə kimi silah-sursat, hərbi hissələr rus ordusundaydı. Azərbaycanın əlində cəmi bir hərbi şəhərcik və Hərbi Komandanlar Məktəbi verilmişdi. Hərbi şəhərcikdə quru divarlardan başqa heç nə yox idi. Gecə-gündüz Azərbaycandan daşınması mümkün olan silah-sursat maneəsiz daşınırdı, apara bilmədikləri ağır texnikanın üstünə ya sulfat turşusu tökürdülər, ya başqa yolla xarab edirdilər. O əmlakın daşınmasının qarşısını aldıq. Elə bir-iki detalı deyim. Gəncəyə gedəndə yolun sonunda Zazalı aviabomba arsenalı vardı. Bu arsenalda 1985-ci ilin rubl dəyəri ilə 251 milyard rublluq aviabomba vardı. Hələ 1989-cu ildə Şərqi Avropadan, Almaniyadan gətirilən 100 vaqon aviabombanın qiyməti bu məbləğə daxil edilməmişdi.

- Rus hərbi hissələrindən qalan silah-sursat, texnika müasir ordu quruculuğu tələblərinə nə dərəcədə cavab verirdi?

- Şübhəsiz! Bu qədər silah-sursatı, hərbi texnika yeni ordu quran ölkə üçün çox vacib idi.

- Müdafiə Nazirliyinin rəhbərliyində tək mülki şəxs olmusunuz. Məhz mülki şəxsin nazir olmasına necə baxırsınız?

- Bəli, baş qərargah rəisi, əməliyyat rəisi sırf hərbçi olmalıdır. Amma müdafiə naziri həm də siyasi vəzifə olduğu üçün burda mülki şəxs olması daha məqsədəuyğundur. Öz şəxsi təcrübəmdən deyirəm. Hərbçilərdə bir psixologiya var, onlar intizam nizamnaməsi ilə tərbiyə edilmiş adamlar olur, yuxarıdan verilmiş əmrlərin hamısını dinləyib etirazsız yerinə yetirmirlər. Bu da siyasi məkrli adamların ordudan yerli-yersiz istifadə etməsinə gətirib çıxarır. O ki qaldı mülki adamın müdafiə naziri olmasına, əsas odur ki, içində məhəbbət olsun, əlin təmiz olsun, vətəni sevməlisən.

- Orduya hansı ictimai nəzarəti təbii sayır və, ümumiyyətlə, ictimai nəzarətə necə yanaşırsınız?

- Ordu nə qədər açıq olsa, cəmiyyətə faydası dəyər. Düzdür, ordunun məxfiliyi var, bu qorunmalıdır. Amma əsgərin yeməyi-içməyi, geyinməsi, onlara münasibət, generalların həyat tərzi, yaşamı insanlara açıq olmalıdır.

XS
SM
MD
LG