Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Thomas de Waal Leyla Yunus və Andrei Sakharov-un varisləri barədə


Thomas de Waal
Thomas de Waal

-

Qafqaz üzrə tanınmış ekspertlərdən olan Thomas de Waal həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus barədə esse yazıb. Leyla Yunus Avropa Parlamentinin Sakharov Mükafatına 3 əsas namizəddən biridir. Mükafatın qalibi sabah – oktyabrın 16-da açıqlanacaq. Bu yazı Avropa Sabitlik Təşəbbüsü (ESI) təşkilatının başlatdığı kampaniya çərçivəsində yazılıb. Məqsəd Avropa Parlamentini mükafatı məhz Leyla Yunusa verməyə inandırmaqdır.

“Leyla Yunus və əri Arif hazırda həbsdədir. Bu faktın özü sizə İlham Əliyev rejimi barədə hər şeyi deyir”, qurum bildirir.

Thomas de Waal-ın essesi “Siyasətçinin məsuliyyəti: Leyla Yunus və Andrei Sakharov-un varisləri” adlanır. Yazı bu sözlərlə başlanır:

SAKHAROV TƏK İDİ

“1989-cu ildə, perestroykanın ən hay-küylü günlərində, Andrei Sakharov Sovet İttifaqının ilk dəfə seçilmiş parlamenti qarşısında çıxış edərək hakimiyyətdə Kommunist Partiyasının monopoliyasına son qoymağa çağırırdı. Sakharov təsirli danışırdı, ancaq o, tək idi,” müəllif yazır.

Andrei Sakharov Kommunist Partiyasının monopoliyasına son qoymağa çağırırdı
Andrei Sakharov Kommunist Partiyasının monopoliyasına son qoymağa çağırırdı

Daha sonra de Waal Sovet İttifaqının qeyri-rus respublikalarında cəsur fəalların Sakharovdan ilhamlandığını, öz respublikalarının müstəqilliyi, demokratiyaya çatması uğrunda mübarizəyə başladığını vurğulayır:

“Bakıda bir qrup akademik və ziyalı demokratiya barədə ilk danışanlardan oldu. Onlar “provokasiya” təhlükəsi barədə xəbərdarlıq edir, Azərbaycanda yaşayan erməni azlığın müdafiəsindən də danışırdılar. Gənc tarixçi Leyla Yunus, tarixçi əri Ariflə birlikdə həmin dəstənin içindəydi. Yunus Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən idi.”

Müəllif Kommunist nomenklaturasının nəhəngləri ilə milli radikalların cəlb olunduğu yalan və provokasiya nəticəsində 1990-cı ilin yanvarında Bakıda törədilmiş qırğından bəhs edir:

QARA YANVAR

“Qara yanvarın sonunda 90 erməni öldürülmüş, minlərlə erməni qaçmış, 130 azərbaycanlı qətlə yetirilmişdi. Yenə də Leyla Yunus səsini çıxardı, bu dəfə yazı ilə. 1990-cı ilin aprelində “İstiqlal” jurnalında dərc olunmuş “Siyasətçinin Məsuliyyət Dərəcəsi” başlıqlı essedə o, durumu bütün aydınlığı ilə təsvir etdi. Yunus Bakı küçələrində tankları qarşılayanların mərdliyindən bəhs edir, Moskvanın hərbi müdaxiləsini “qırmızı faşizm” adlandırırdı”.

Leyla Yunus həmin məqaləsində Azərbaycanın 1920-ci ildə üzləşdiyi rejim altında daha xoşbəxt olduğunu, Krım tatarları, Mesxeti türklərinin taleyini yaşamadığını da vurğulayırdı.

“Bu gün Kommunist partiyasının biletlərini atanlar, oğullarımız Praqa Baharını əzməyə göndəriləndə hansınız səsinizi çıxardınız? Oğlanlarımız Əfqanıstana göndəriləndə hansınız dilləndiniz?”

Leyla Yunus Xalq Cəbhəsinin ifrat millətçilərini Bakıda müdafiəsiz ermənilərə qarşı nifrət yaratmaqda günahlandırır, eyni zamanda xəbərdarlıq edirdi ki, Azərbaycanın müstəqillik hərəkatını qanda boğmaq istəyənlər var:

SİYASƏTÇİ VƏ HƏKİM MƏSULİYYƏTİ

“Siyasətçinin məsuliyyəti həkim məsuliyyəti ilə müqayisə oluna bilər. Hər iki halda qeyri-peşəkarlıq ölüm və xəsarətə gətirir. Kimsə yazırsa ki, “Qurbanlar milləti təmizləyir! Bu təmizləməyə necə ehtiyacımız olduğunu bilirsiniz...” bu patriot-siyasətçinin bizi hara apardığı mənə gün kimi aydındır”.

Leyla Yunus, Arif Yunus
Leyla Yunus, Arif Yunus

“Lakin Leyla Yunus həmin yazısında siyasi məhbusların buraxılması və demokratiyanın qələbəsinə ümid bəsləyirdi,” Thomas de Waal yazır.

Müəllif Leyla Yunusun 1992-93-cü illərdə Xalq Cəbhəsi hökumətində çalışdığını, 1996-cı ildə Sülh və Demokratiya İnstitutunu yaratdığını xatırladır.

“Son illər, Heydər Əliyevin oğlu İlhamın prezidentliyi dövründə Leyla həmkarlarıyla hakimiyyətin hədəfində olub. Onları sərt, aqressiv və çətin adlandırırdılar. Doğrudan da beləydi. Son bir ildə Azərbaycanda durum sürətlə pisləşir. Köhnə nomenklatura təfəkkürü var gücüylə geri qayıdıb. Leyla Yunusun hazırladığı, indi özünün və əri Arifin də adı olan siyasi məhbus siyahısında 98 nəfər var. Əksəriyyəti də qərbyönlü fəallardır”.

Müəllif yazır ki, Leyla və Arif Yunuslara sovet dövrünü xatırladan gülməli ittihamlar – ermənilərə casusluq irəli sürülüb. Şəkər xəstəsi olan Leyla Yunus həbsxanada fiziki təzyiqə məruz qalıb. Ürək problemləri yaşayan Arif Yunus isə tam təcrid kamerasında saxlanır.

BAXIŞA GÖRƏ CƏZA

“Avropa dəyərləri və insan haqlarına sədaqətinə görə Leyla Yunusun namizədliyi Avropa Parlamentinin 2014-cü il Sakharov Mükafatına irəli sürülüb. Sakharovun üç varisi bu xanımın durumunu və qəhrəmanlığını tanıyıb: Sakharovla işləmiş 3 dissident – Sergei Kovalyov, Lyudmila Alexeeva və Svetlana Gannushkina; bir də Memorial təşkilatının rəhbəri Oleg Orlov. Elə həmin həftə Rusiya Ədliyyə Nazirliyi Memorial-ın bağlanması üçün müraciət edib. Bu insan haqları təşkilatı 2009-cu ildə Sakharov mükafatı alıb”.

Thomas de Waal essesini belə tamamlayır:

“1989-1990-cı illərdə bu şəxslərin bir baxışı vardı, onlar gələcəyi, qarşıdakı bütün təhlükələri, Avropa demokratiyası qazanılarsa, müxtəlif qüvvələrin keçməli olduğu dar cığırı aydın görürdülər.

...Ancaq təəssüf ki, indi, 25 ildən sonra, həm Rusiya, həm də Azərbaycana ən pis qorxular qayıdır. Bu isə Leyla Yunus və Memorialı dəstəkləmək üçün məsuliyyətimizi artırır, çünki onları həmin baxışa görə cəzalandırırlar”.

XS
SM
MD
LG