Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Atadan oğula keçən diktatura...


Haitinin lideri, keçmiş diktator Jean-Claude "Baby Doc"
Haitinin lideri, keçmiş diktator Jean-Claude "Baby Doc"

-

Haiti lideri Jean-Claude (Baby Doc) oktyabrın 4-də 63 yaşında vəfat edib.

“1971-ci ildə Haitinin diktatorluq növbəsi Jean-Claude Duvalier-ə çatanda, o bu vəzifəni istəmirdi.

“Bəs niyə Marie-Denise yox?” – deyə soruşmuşdu. Doğrudan da, onun ötkəm böyük bacısı İspanyol adasının xaraba, günəşin odu altında yanmış, miskin qərb ucqarında yerləşən ölkəyə ideal tiran ola bilərdi. Elə bacının özü də bunu istəyirdi. Bəs niyə anası Simon yox? O ki, sağ-salamat Porto Prins şəhərindəki Milli Sarayda Birinci Ledi olaraq əyləşmişdi. Hətta onun atası, hamının qorxduğu Papa Doc-un özü də deyərmiş ki, şişman, əzvay oğlu hakimiyyət üçün “heç də ən yaxşı variant” deyil.”

“The Economist” məcmuəsində Haiti diktatoru Jean-Claude Duvalier-ə həsr olunmuş nekroloqda daha sonra qeyd olunur ki, bütün bunlara baxmayaraq, atanın seçimi sonda məhz onun üzərində dayanıb.

JEAN-CLAUDE HƏYAT TƏRZİNƏ AZACIQ DÜZƏLİŞ ETMƏLİ OLMUŞDU

“Haiti xalqının isə seçimi yox idi, onlar bu seçimi 2 milyon 391 min 916 leyinə və 1 səs əleyhinə olmaqla referendumda təsdiq etdilər” – “The Economist” yazır.

Bundan sonra isə onun əllərində qamış maşetləri olan tonton makutların (əcinnələr) əhatəsində hakimiyyəti başlanıb.

Məqalədə deyilir ki, əlbəttə, həyatını aramsız içki və seks məclislərində keçirən, ədvalı donuz qızartmasını 7-Up tənəkələri ilə aşıran Jean-Claude həyat tərzinə hər halda azacıq düzəliş etməli olmuşdu.

Onun 19 yaşı vardı və ömürlük hökmdarın gündəlik işinin nədən ibarət olduğunu bilmirdi. Başı tamamilə inqilaba qarışmış atasının ona dərs verməyə vaxtı olmamışdı”.

Jean-Claude-un uşaqlığı başqa varlı balalarının uşaqlığından fərqli olmamışdı.

Məqalədə deyilir ki, o, tüfəngdən atəş açmaqla öz limuzininin sürücüsünü və iki cangüdənini öldürmüş və onun məktəb illəri beləcə başlanmışdı.

HAİTİNİN HÖKMDARI ALLAHDIR VƏ YA UZAĞI ALLAHIN OĞLUDUR

Onun elə bil ki, heç nə vecinə deyildi. Lakin sonradan bəlli olub ki, Jean-Claude atasının bir çox “dəyərli ideya”larını əxz edibmiş: Haitinin hökmdarı Allahdır və ya uzağı Allahın oğludur, yalnız sillələnməklə idarə oluna bilən qanmaz xalqın lideridir və sair. Belə miskin xalqın büdcəsini öz bank hesabına da yatıra bilərsən. O, “janklodizm ideologiyası”nı məhz bu cür başa düşürdi.

Əvvəl-əvvəl o, ətrafındakı qadınlar tərəfindən idarə olunmağından razı idi. Adətkarda olmuşdu. Əvvəllər onu hökumətin iclaslarına anası sürüyür, nazirləri də sağa-sola anası işdən atırdı.

“HƏQİQƏTƏN TƏHLÜKƏLİ” MICHÈLE BENNETT

Məqaləyə görə sonralar, 1980-ci ildə hətta özünün də “həqiqətən təhlükəli” adlandırdığı vəhşicəsinə seksual Michèle Bennett-ə aşiq olanda isə nazirlərin işdən çıxarılması vəzifəsi bu qadının ixtiyarına keçmişdi. Jean-Claude-un sevgilisi çox tezliklə onun anasının da şələ-küləsini qoltuğuna verə bilmişdi.

Haiti prezidenti Jean-Claude Duvalier və həyat yoldaşı Michèle Bennett
Haiti prezidenti Jean-Claude Duvalier və həyat yoldaşı Michèle Bennett

“The Economist” yazır ki, Jean-Claude-un artıq dəbli geyimlərə və qəşəng avtomobillərə zövqü vardı və Michèle-lə evlilik təkcə 1981-ci ilin üç ayı ərzində büdcədən 16 milyon dolların çırpışdırılmasına səbəb olmuşdu. Pullar xəz dərilərə, zinət əşyalarına, Paris bazarlıqlarına, Givenchy əlbisələrinə, şampan məclislərinə, vanna otaqlarının qızıl və lacivərd daşları ilə bəzədilməsinə gedirdi. Bu elə bir vaxtda baş verirdi ki, haitililərin nə kanalizasiyaları, nə də asfalt yolları vardı. Ölkəyə gələn xarici yardımlar ustalıqla Duvalier-lərin cibişdanına axırdı.

İBLİSLƏ RƏQS

“Bəzi haitililər belə düşünürdülər ki, Michèle onu cadu etdirib” – “The Economist” yazır.

“Bu qadın nə etmişdisə, vudu cadugərliyi sarayı başına götürmüşdü. Onun anası gecə mərasimlərində divanə kimi rəqs edir, atası isə Duvalier-ləri hakimiyyətdə saxlamaq üçün, deyilənlərə görə İblislə ittifaqa girmişdi.”

Məqalədə qeyd olunur ki, Jean-Claude-un özünün belə şeylərlə maraqlanmaq üçün vaxtı yox idi. O bundansa, hovuzda üzməyə, kart oynamağa, göyərçin vurmağa və ya ağır gövdəsini Harley-Davidson motosikletində çəmənliklər boyunca gəzdirməyə üstünlük verirdi.

LOUIS VUITTON ÇANTALARI

“Görünür elə ruhlara biganəliyi və ucdantutma oğurluq nəticəsində 1980-cin illərin ərəfəsində Haiti iqtisadiyyatı çökdü, minlərlə insan qayıqlara minib Floridaya qaçdı və nəhayət ərzaq qiyamlıarı 1986-cı ildə Jean-Claude və Michèle-in ölkəni tərk etməsinıə səbəb oldu. Onların Louis Vuitton çantaları sənət əsərləri, gümüşlə və Mərkəzi Bankdan oğurlanmış pullarla elə doldurulmuşdu ki, paltarlarına yer qalmamışdı”.

Məqalədə deyilir ki, ər-arvad Amerika təyyarəsində qaçırdılar. O Amerikanın istədiyi bir dost deyildi, lakin hələ də faydalı ola bilərdi.

Nekroloqda bu, onunla izah edilir ki, ABŞ biznesi 1970-ci illərdən bəri haitililərin simasında zibil qiymətinə işçi qüvvəsi tapmışdı və həm də Haiti, necə deyərlər, kommunist Kubasının qulağının dibində idi.

DEYİRDİ Kİ, XALQA KÖMƏK ETMƏK İSTƏYİR

“Xaricdən təzyiqlər olanda, o azacıq islahatlar həyata keçirər, mətbuat üzərinə basqıları azaldar, əlaltı makutlarına ağac əkdirər, tezcə də işdən qovmaq üçün daha liberal nazirlər təyin edər və xəlvətə düşən kimi yenidən opponentlərini öldürərdi” – deyilir məqalədə.

“Nə qədər gicbəsər görünsə də, o, Birləşmiş Ştatlarla özünün dəbdəbəli sarayının salonlarında çaldığı skripka kimi usta bir ehtiyatla oynamağı bacarardı” – məcmuədə qeyd olunur.

O 2011-ci ildə hamını mat qoyaraq qayırmışdı. Deyirdi ki, sürgün onu sındırıb.

Məqaləyə görə onun bank işlərinin “sındığını” dəqiq demək olardı.

Michèle 1993-cü ildə ondan boşananda bütün pulları, daha doğrusu Haitinin pullarını özü ilə aparmışdı.

O ölkəyə 300 min insanın ölümünə bais olmuş dəhşətli zəlzələnin ardınca gəlmişdi və xalqa kömək etmək istədiyini deyirdi.

“Amma faydalı bir iş görmədi, - yazır “The Economist” – yenə də restoranlarda yeyib-içir və Porto Prinsin təpəliklərində sürətli avtomobillərini sürürdü. Haiti hakimi ona qarşı bütün ittihamlara etibarlılıq müddətinin keçdiyinə görə xitam vermişdi”.

XS
SM
MD
LG