Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Anar Məmmədli: «20 kvadratmetrlik kamerada dünyadan təcrid olunmağı daha üstün sayıram»


Anar Məmmədli
Anar Məmmədli

-

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, vicdan məhbusu, Václav Havel İnsan Hüquqları mükafatının laureatı Anar Məmmədli müstəqil Azərbaycan Respublikasının 23-cü ildönümü ilə bağlı məqalə yazıb. «Postsovet mentalitetinin təntənəsi: Siyasi azadlıqların imitasiyasından imtina...» adlanan məqalədə ölkədə insan haqlarının və QHT-lərin durumu diqqətdə saxlanır.

«KEÇMİŞ SOVET İDARƏÇİLİK METODUNUN DOMİNANTLIĞI»

Müəllif müstəqilliyin növbəti ildönümünün Azərbaycanda əvvəlki illərdən xeyli fərqli şəraitdə qarşılanmasına, həbsdə olan hüquq müdafiəçilərinin çoxalmasına diqqət çəkir və yazır: «Bank hesabları bağlanmış, hər gün mənəvi terrora məruz qalan və öz ofislərini saxlaya bilməyən, bir sözlə «qanundankənar» elan olunmuş həmkarlarımın düşdüyü durumu xatırlayanda, 20 kvadratmetrlik kamerada dünyadan təcrid olunmağı daha üstün sayıram». Anar Məmmədli məqaləsinin «Keçmiş sovet idarəçilik metodunun dominantlığı» adlandırdığı 1-ci bölümündə insan hüquqları və demokratiya baxımından Azərbaycanda geriləməni şübhəsiz sayır. «Ədalətin pulsuz təmin olunması nadir və təəccüblü hadisədir» deyən müəllif: «23 illik müstəqillik dönəmində nə sovet adamlarından, nə də müstəqilliyin övladlarından yeni - azad və müstəqil vətəndaşlar toplusu formalaşdırılmamasından» təəssüflənən Anar Məmmədlinin fikrincə: «Əvvəlcə siyasi ideyalar, platforma və qrupların dəyərsizləşməsi üçün inzibati-hüquqi və siyasi-psixoloji repressiya aparıldı. Buna paralel olaraq siyasi həyatda iştirak haqqı o qədər zəiflədi ki, 2003-cü ildə ölkədəki seçici fəallığı son 10 il ərzində iki dəfə azaldı». Jurnalistlərə qarşı repressiyalar aparıldığını düşünən müəllif qeyd edir ki, «ölkə rəsmiləri müxbirlərin uzatdığı mikrofona cavab verən məmurdan media kapitanlarına müşavirə keçirib direktiv verən instansiyaya» çevriliblər.

«VƏTƏNDAŞ CƏMİYYƏTİNƏ TƏZYİQLƏRİN LEGİTİMLƏŞDİRİLMƏSİ CƏHDLƏRİ»

Anar Məmmədli məqalənin 2-ci bölümündə «Vətəndaş cəmiyyətinə təzyiqlərin legitimləşdirilməsi cəhdləri»nə toxunur. Müəllif belə cəhdlər sırasında iki istiqamətə diqqət çəkir:

1. Hakimlər siyasi sifariş əsasında hökm çıxarır;
2. Hakimiyyət beynəlxalq qurumları, o cümlədən xarici donor təşkilatlarını şantaj edir.

Anar Məmmədli hakimiyyətin birinci istiqamətdə davranışlarına belə səciyyələndirir: «Yalan və böhtan yolu ilə siyasi opponentləri, müstəqil jurnalist və hüquq müdafiəçilərini gözdən salmaq texnologiyası Sovet İttifaqından miras qalmış iyrənc metod kimi indi də dəbdədir. Bu cür təbliğatı Stalin də Lenin-in ölümündən dərhal sonra Leon Trotsky-yə qarşı istifadə edirdi... Müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına ictimaiyyətin etimadını sarsıtmaq yönündə yalanlar uydurulur... Müstəqil ictimai xadimlər və hüquq müdafiəçiləri barədə gah ermənipərəst, gah xarici agent, gah da qrant vəsaitlərini mənimsəyən rəyi yaratmağa çalışıblar».

Müəllifin fikrincə, hakimiyyət vətəndaş cəmiyyətinə təzyiqlərini legitimləşdirmək üçün beynəlxalq qurumları gözdən salmağa çalışır: «Çünki, hakimiyyət 5-6 QHT-nin «qanundankənar» olduğunu «sübuta» yetirdikdən sonra (a) beynəlxalq təşkilatları antimilli QHT-lərlə əməkdaşlıqlardan imtina etməyə; (b) beynəlxalq təşkilatlar, o cümlədən, xarici donorları Azərbaycandakı proqramlarını hökumətlə razılaşdırmağa məcbur etmək istəyir».

«VƏTƏNDAŞ CƏMİYYƏTİ DƏ TƏSLİM OLARSA...»

Məqalənin «Vətəndaş cəmiyyəti də təslim olarsa...» adlanan 3-cü bölümündə Anar Məmmədli «təbii ki, son repressiyalar vətəndaş cəmiyyətində ağır mənfi təsirlər buraxacaq» deyə düşünərək, siyasi monopoliyaya can atanların problemlərlə üzləşəcəyini bildirir:

«Əvvəla, vətəndaş cəmiyyəti təşkilatlarının dövlət qeydiyyatına alınmaması, bu qurumların rəhbərlərinin həbsi və ya digər məhdudiyyətlər heç də vətəndaşların problemlərini arxa plana keçirməyəcək... İkincisi, vətəndaşların istəkləri, problem və baxışlarını sivil qaydada təmsil edən QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması, yalnız hökumətyönlü QHT-lər üçün fəaliyyət imkanının saxlanılması dövlət-vətəndaş münasibətlərindəki etimadsızlığı aradan qaldırmayacaq. Əksinə, vətəndaşların yerli və mərkəzi dövlət orqanlarına ildən-ilə artan etimadsızlığı onların öz problemlərinin həlli ilə bağlı sivil və dinc qaydada mübarizəyə də inamını sarsıdacaq». Müəllifin fikrincə, «ölkədə qeyri-ənənəvi dini icmalar, radikal qruplar, mütəşəkkil cinayətkar dəstələr və mafioz qurumlar» getdikcə çoxalır: «Bu cür tendensiya isə, təbii ki, ölkənin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə mənfi münasibət bəsləyən bəzi qonşu dövlətlərə sərf edir... Hazırda vətəndaş cəmiyyətinin məhvi planı hakimiyyətə... yaxın məsafədə sərf etsə də, strateji anlamda bu cür siyasət ölkənin milli maraqları və gələcəyinə zərbədir».

«AZƏRBAYCAN İQTİDARININ REPRESSİV ADDIMLARI BAŞADÜŞÜLƏN DEYİL»

Müəllif müstəqil vətəndaş cəmiyyəti qurumlarının sıradan çıxarılmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə də mənfi təsir göstərəcəyini düşünür və niyəsini belə əsaslandırır: «Çünki əsas siyasi azadlıqların kobud qaydada məhdudlaşdırılması ilə müşayiət olunan son repressiyalar Qərb dövlətləri üçün fundamental səciyyə daşıyan dəyərlərin təqib olunması da sayılır. Bu proses Dağlıq Qarabağ münaqişəsi üçün beynəlxalq diqqətin artdığı şəraitə təsadüf etdiyindən Azərbaycan iqtidarının repressiv addımları başadüşülən deyil. Axı elə bir vəziyyət yaranıb ki, həm Dağlıq Qarabağ münaqişəsi üzrə Qərb dövlətlərinin dəstəyinə ümid edilir, həm də vətəndaş fəalları repressiyalara məruz qalmaqla beynəlxalq təşkilatlar və Qərb dövlətləri ilə münasibətlər pisləşdirilir».

Məqalənin sonunda Anar Məmmədli həbsdə və azadlıqda olan ictimai fəalların üzərinə düşən missiyanı xatırladır və yazır ki, bu missiya «milli tariximiz, demokratiya və vətəndaş cəmiyyətinin gələcəyi naminə baş verənlərə müqavimət göstərmək və xalqımızın sivil dəyərlərə etimadını gücləndirməkdən ibarət olmalıdır. Son repressiyalar heç bir halda bizi doğru bildiyimiz amallardan çəkindirməməli, bizi xalqımızın gələcəyi ilə bağlı qayğılardan və cavabdehlikdən uzaqlaşdırmamalıdır».

XS
SM
MD
LG