Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:44

Kamran Həsənlidən tənqidlərə cavab: «Televiziyanın tənəzzülündə mənim rolum varsa...»


Kamran Həsənli
Kamran Həsənli

-

Qulu Məhərrəmli:

- Kamran Həsənli qədər Azərbaycanda televiziyaların tənəzzülünü lakmus kimi göstərən ikinci aparıcı yoxdur.

Kamran Həsənli:

- Televiziya niyə tənəzzüldədir? Qulu müəllim bunun səbəbini məndən çox yaxşı bilir...

İlhamiyyə Rza:

- Televiziyadan xitab edən insanın məzmunu da olmalıdır, mütaliəli olmalıdır.

Televiziya aparıcısı mütləq ədəbi dildə danışmalıdı, yoxsa ləhcədə, kütlənin dilində də danışa bilər? TV-lərin dilini nizamlamaq lazımdırmı?

AzadlıqRadiosunun “Pen klub” verilişindəki debata teleaparıcı Kamran Həsənli, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin rəhbəri Qulu Məhərrəmli, telejurnalist İlhamiyyə Rza, araşdırmaçı yazar Şirvani Ədilli qatılıblar.

“AZƏRBAYCAN DİLİNİ BU ŞƏKİLDƏ AYAQLAR ALTINA SƏRİB TAPDALAMAQ OLMAZ”

Qulu Məhərrəmli:

- Biz televiziyaların monitorinqini aparırıq. Nəticəsi təxminən 10 gün sonra Milli Teleradio Şurasında élan olunacaq. Müxtəlif istiqamətlər üzrə dil problemlərini araşdırırıq, ədəbi normadan yayınmalar nə dərəcədədir, səbəbləri nədir, biz bunları təhlil etməyə və televiziyalara tövsiyələr hazırlamağa çalışırıq. Neçə ildi bu haqda danışılır, təəssüf ki, vəziyyət yaxşılaşmaq əvəzinə pisləşir. Çünki dilə çox soyuq və məsuliyyətsiz bir yanaşma var. Bunun çox səbəbi var.

Qulu Məhərrəmli
Qulu Məhərrəmli

Əsas səbəb televiziyaya son 10 ildə xeyli savadsız insanın gəlməsidir. Peşəkar aparıcılara tələbat xeyli azalıb… Televiziya açıq bazar təsiri bağışlayır, xüsusi tələblər olmadan aparıcılar işə qəbul olunur, müəyyən subyektiv fikirlərlə adamlar verilişə buraxılır. Dövlətin dil haqında qanunu var və orda xüsusi olaraq aparıcıların dilinə tələblər qoyulur. Amma o televiziyanın rəhbəri, o aparıcını efirə buraxan baş redaktor, prodüser, rejissor o tələblərə sanki məhəl qoymur, bəlkə də bilmir.

Tələbkarlıq yoxdur, efirə buraxılanların lazım olan səviyyəsi yoxdur. Dili daim gərək cilalayasan, daim gərək oxuyasan, öyrənəsən, mütaliə edəsən. Bizim aparıcıların dili o qədər məhduddur. Keçən il Türkiyədə dil qurumu araşdırma aparıb və məlum olub ki, televiziya və qəzetdə izahlı lüğətdə olan sözlərin təxminən 70 faizi işlənir. Bunu Azərbaycana gətirəndə daha solğun və bəsit rəqəm alınır. Bizdə çox az sözdən istifadə olunur. Biz reallığı ifadə etmək üçün çox bəsit söz toplusundan istifadə edirik. Bu biabırçılıqdır. Dilin, təfəkkürün qurumasıdır. Azərbaycan dilini bu şəkildə ayaqlar altına sərib tapdalamaq olmaz.

Kamran Həsənli:

- Efirdə sadə xalq dilində danışmaq olmaz. Təbii ki kitab cümlələri ilə də danışmaq olmaz. Bir orta xətt var, xalqa yaxın dildə danışmalısan, şivəsiz, ləhcəsiz. Bizdən əvvəl ədiblər bu dildə yazıblar, indi də yazırlar. Aparıcı xalqa yaxın olduğundan elə danışmalıdır ki, onu yaxşı anlasınlar. Amma şivəylə, ləhcəylə danışmaq qəti qadağandır. Bizdən əvvəl də bu dil – televiziya dili var idi, böyük, məşhur Rafiq Hüseynovda, Roza Tağıyevada, Şərqiyyə Hüseynovada və s… Tembr qulağa yaxın olmalıdır, sonra gəlir intellekt, söz baqajı və s.

KAMRAN HƏSƏNLİ: “-DIR, -DİR MƏSƏLƏSUNƏ TOXUNMAYACAM”

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı

Ş.Bəylərqızı:

- Şirvani Ədilli sizinlə bağlı məqalə yazmışdı, razılaşırsızmı o deyilənlərlə?

K.Həsənli:

- Mən eşitməmişəm, gərək baxım. Amma mən verilişimdə rus sözləri işlətməmişəm. Hər halda, çalışmışam rus sözü işlətməyim. Adamın tənqidi fikri ola bilər, bu fikrə də hörmət edirəm.

Şirvani Ədilli:

- Mənim Kamran Həsənlinin savadına, biliyinə şübhəm yoxdur. Savadlı aparıcılardan biridir. Sadəcə, Kamran bəyin nitqinə qarşı iradım, tənqidim onun ismin xəbər şəkilçisini (-dır, -dir, -dur, -dür) şəkilçisini işlətməməsi ilə bağlıdır. Mənə qəribə gəlir, nəyə görə bunu işlətmir? Bu, Türkiyə türkcəsində belədir və məncə, həmin türkcədə çatışmazlıqdır. Ola bilsin Avropa dillərinin də təsrindəndir. Bunu sual kimi qoymuşdum ki, niyə Kamran Həsənli ismin xəbər şəkilçisindən imtina edib? Başadüşülən deyil. Eyni zamanda Kamran bəyin bir fikri var ki, alışqan sözü Azərbaycanda işlənmirsə “zajiqalka” sözündən istifadə edilməlidir. Təxminən demişdi ki, televiziyaya göstərən demiriksə, “zajiqalka”ya da alışqan deməyə ehtiyac yoxdur. Mən buna qarşı çıxmışdım, alışqan təmiz türk sözüdür, ədəbi dildə də qəbul olunub. Sovet ənənələrinin təsiri altında əhali bunu işlətmirsə bu o demək deyil ki, həmin sözdən imtina etməliyik, bununla razılaşmalıyıq. Biz bunu danışıqda, canlı ünsiyyətdə işlətməliyik. Olsun alışqan, nəfəslik sözü var. Bizdən sonra gələnlər üçün nümunə ola bilərik ki, təmiz danışsınlar.

K.Həsənli:

- “- dır, dir” məsələsinə toxunmayacam, bəllidir. Alışqan məsələsinə gələndə, mən demişdim ki, bəzi əşyalar Rusiyadan, Avropadan gəldiyi üçün onların yerinə söz düzəldiriksə, ağılla düzəltməliyik. “Zajıqalka”ya heç kim alışqan deməyəcək, çaxmaq sözü var, onu uğurla təbliğ etsəydik, hamı belə deyəcəkdi. Amma heç vaxt “veşalka”ya asılqan deməyəcəyik, “rozetka”ya şəbəkə deşiyi deməyəcəyik, “fortoçka”ya nəfəslik deməyəcəyik, mümkün deyil! Amma “raskladuşka”ya aç-yat deyə bilərsən. Təbliğ olunsa işlənər, dilə yatımlıdır, ağlabatandır.

“KAMRAN HƏSƏNLİ QƏDƏR AZƏRBAYCANDA TELEVİZİYALARIN TƏNƏZZÜLÜNÜ LAKMUS KİMİ İFADƏ EƏDN İKİNCİ APARICI YOXDUR”

Q.Məhərrəmli:

- Dil mühafizəkarlığı sevir. Bu qaydalar onun üçündür ki, əməl edək. Küçədə svetofor olmasa, böyük xaos yaranar, dildə də qaydalar olmasa, anlaşılmazlıq yaranar. İstər ingilis, istər türk dilinin təsiri olsun, bunu kənara qoymaq lazımdır, dilin qaydalarını qorumaq, şəkilçiləri yerində istifadə etmək lazımdır. Kamran bəylə uzun illərin tanışıyq. Savadlı, ağıllı, türk düşüncəsi olan adamdır. Eyni zamanda, Kamran Həsənli qədər də Azərbaycanda televiziyaların tənəzzülünü lakmus kimi ifadə edən ikinci aparıcı yoxdur. Bizim normal televiziyalar, normal layihələr olsaydı, bu cür aparıcılar böyük problemləri həll etmiş olardılar. Amma bu gün bir çox aparıcılar televiziyanın qüsurunu özlərinə çəkirlər. Niyə? Bəzən özlərini auditoriyaya uyğunlaşdırmaq ehtiyacı yaranır, bəzən televiziya rəhbərliyi ciddi şərtlər qoyur. Söz yaradıcılığı məsələsində bəzi məqamlarda onunla razılaşmıram. Xüsusən alışqan məsələsində, ola bilər ilkin işlənəndə qəribə səslənsin. Amma dediyi “aç-yat”ı mən eşitməmişdim, çox gözəldir. Niyə Kamran bəy bunu yaymasın? Aparıcının bir missiyası da söz yaradıcılığı ilə bağlıdır, dilə rəng vurmasıdır. Demirəm özbaşına yaradıcılıq olsun. Dilə sevgi olmasa, dilin qaydalarını bilməsək, hər şeyə mız qoyacağıq, dilimizi çılpaq şəklə salmış olacağıq.

Ş.Bəylərqızı:

- Kamran bəylə bağlı bir ifadə işlətdiz…

Q.Məhərrəmli:

- Kamran bəy Azərbaycan televiziyalarının tənəzzülünü çox parlaq ifadə edir. Kamran məndən inciyə bilər. İnsanın bu qədər intellektual potensialı var, aparıcılıq qabiliyyəti, dərin düşüncəsi var. Təsəvvürümə gətirəndə ki, o, şounun dərinliklərinə gedir, qaydaları pozur, o Kamran yadlaşır mənim üçün prosesdə. Kamran Həsənli bəzi hallarda nümunə olmalıdır, amma bəzən qırmızı xətti keçir, xüsusən dil norması baxımından.

K.Həsənli:

- Mən çox şadam ki, sizin verilişinizin mövzusu Kamran Həsənlidir. Təşəkkür edirəm. Qulu bəyin sözündə həqiqət var. Televiziya bir çox sahələrdə olduğu kimi tənəzzüldədir, kino kimi, dramaturgiya kimi və s… Amma inanın ki, nə teatrın, nə kinonun tənəzzülündə Kamran Həsənlinin heç bir rolu yoxdur. Bu televiziyanın tənəzzülündə mənim rolum varsa və məni dəvət edibsinizsə, məni müzakirə edirsizsə çox sevinirəm. Televiziya niyə tənəzzüldədir? Qulu müəllim bunun səbəbini məndən çox yaxşı bilir, bu başqa mövzudur. Ola bilsin qüsurlarım var, sevinirəm ki, Qulu müəllim məni diqqətlə izləyir, baxır, bu qüsurları bir yerdə müzakirə edəriksə qəbul edərəm. Tənqidi fikirlərinə görə təşəkkür edirəm.

İLHAMİYYƏ RZA: “TELEVİZİYADAN XİTAB EDƏN İNSANIN MƏZMUNU DA OLMALIDIR”

İlhamiyyə Rza, Arxiv fotosu
İlhamiyyə Rza, Arxiv fotosu

İlhamiyyə Rza:

- Mənə bəzən elə gəlir ki, aparıcıların necə danışması artıq heç kimi narahat etmir. Əminəm ki, normal ədəbi dildə danışmaq üçün kifayət qədər vəsait, nümunələr var. Öyrənəcək resurslar, alimlər var. Təəssüf ki, bu istək – öyrənmək istəyi yoxdur. Dil daim inkişaf etməlidir, inkişafı, dəyişikliyi televiziyanın dilindən almalıyıq. Təəssüf ki, son dövrdə kifayət qədər populyar aparıcıların nitqində nəinki nitq qüsurları, dil kasadlığı hiss edirəm. Televiziyadan xitab edən insanın məzmunu da olmalıdır, mütaliəli olmalıdır, dünyagörüşü olmalıdır, deməyə sözü olmalıdır. Məndə belə təəssürat yaranıb ki, aparıcılar efiri doldurmaqla məşğuldurlar. Xüsusən də radioda belədir. Iki nəfər oturub öz aralarında söhbət edirlər, düşünürlər ki, dinləyicilər üçün maraqlıdır. Bu belə deyil. Hətta qıcıq doğurur. Şəxsən mən nə radioda, nə televiziyada heç bir verilişin daimi dinləyicisi deyiləm.

Debatı tam izlə

XS
SM
MD
LG