Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:43

«Girovların müdafiəsi üçün Ermənistana getmək lazımdır» - Milli Məclis


Deputat Fazil Mustafa
Deputat Fazil Mustafa

-
Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilir. Gündəliyə 21 məsələ daxildir.
Yazı yenilənir, ən son xəbər yazının əvvəlindədir.

Milli Məclisin iclasında Kəlbəcərdə əsir götürülən şəxslərin məsələsi qaldırılıb. YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə girovlarla bağlı məhkləmə prosesindən danışıb:

«İşğal edilən ərazilərdə məhkəməninin qurulması saxta teatrdır. Erməni mətbuatı isə girovların guya günahlarını etiraf etməsi haqda fikirləri tirajlayır. ATƏT-in Minsk qrupu isə bu məsələdə susur. Ayrı-ayrı şəxslər haqda bəyanat verən həmsədr ölkələrin XİN-i bu əsir götürülən iki vətəndaşımızla bağlı susurlar. Mən istərdim ki, onlar məsələyə münasibət bildirsinlər».

«GİROVLARIN HÜQUQLARININ MÜDAFİƏSI ÜÇÜN ERMƏNİSTANA GETMƏK LAZIMDIR»

Deputat Fazil Mustafa isə deyir ki, Bəhruz Məmmədov məhkəmədə girovların hüquqlarının müdafiəsi üçün ora getməyə hazırdır:

«Bəlkə də Azərbaycan vəkilinin ora getməsinə qarşı çıxmaq olar. Lakin Avropada və Rusiyada yaşayan şəxsin də ora getməsinə çalışa bilərik. Məncə, bu, onların səslərinin dünyaya çatdırılması baxımından əhəmiyyətlidir».

İqbal Ağazadə
İqbal Ağazadə

İqbal Ağazadə isə şəxsən özü məhkəmədə girovların çıxış edib onlara vəkillik etməyə razı olduğunu bildirdi. Onun fikrincə, hansısa vəkilin iştirak etməyindənsə, deputatın qatılması daha yaxşı olardı.

Vitse-spiker Bahar Muradova isə bu fikrin əleyhinə çıxıb.

«ÜMUMİ MÖVQEYİMİZƏ XƏLƏL GƏTİRƏN FİKİRLƏRDƏN UZAQ OLMALIYIQ»

Təklifi səmimi qəbul edən Bahar Muradova bildirib ki, heç bir halda bu məhkəməni tanıdıqlarını isbatlayan addımlar ata bilməzlər:

«Mən qondarma bir qurumun qondarma hüquq sisteminin təmsilçilərinin Azərbaycan vətəndaşlarının öz evlərinə getməsini, ərazi bütövlüyünü pozması, onlar üzərində məhkəmə prosesi qurması faktına etiraz etməyi düşünürəm. Ümumi mövqeyimizə xələl gətirə biləcək fikirlər səsləndirməkdən uzaq olmalıyıq. Hər hansı hüquqşünas və deputat həmkarımızın belə o prosesdə iştirakını qeyri-məqbul sayıram. Bu, hüquqi mexanizm deyil, bu, Dağlıq Qarabağ rejimini tanımaq deməkdir. Qətiyyən orda iştirak etmək olmaz. Amma hüquqşünaslarımız beynəlxalq hüquq müdafiə təşkilatlarını bu prosesə cəlb etməlidir. Amma Milli Məclis üzvlərinin qondarma rejimi tanımaq istiqamətində səsləndirdiyi fikirləri qətiyyən müdafiə etmirəm».

Parlamentin spikeri Oqtay Əsədov
Parlamentin spikeri Oqtay Əsədov

Spiker Oqtay Əsədov: «Azərbaycana kiçik dövlət kimi baxırlar. Amma görürlər ki, ölkəmiz necə inkişaf edir. Azərbaycan öz müstəqil siyasətini aparır, bu da onların xoşuna gəlmir. Azərbaycan bərabərhüquqlu ikitərəfli münasibətlər qurur, bunu da onlar istəmirlər. İkili standartlar da buradan irəli gəlir».

«ŞUŞAYA ÖZ EVİMİ ZİYARƏTƏ GEDİRƏM»

«Qrant haqqında» qanuna əlavə ilə bağlı müzakirədə söz alan Zahid Oruc qrantların «siyasi partiyalara qədər gedib çıxan məsələ» olduğunu bildirdi:

«Çünki, bu QHT-dəkilər müxtəlif partiyaların ətrafında təmərküzləşib. Həmin qrantlar partiyaların maliyyələşməsində rol oynayır. Necə oynayır, əvvəlki illərdə biz bunu gördük. Xarcidən daha çox şübhəli QHT-lər maliyyələşir. Məsələn, qoy xarici donorlar belə bir layihəni maliyyələşdirsinlər: Şuşaya öz evimi ziyarətə gedirəm».

«POLİSLƏRİN ELEKTROŞOK VASİTƏLƏRDƏN İSTİFADƏSİNƏ İCAZƏ VERİLMƏLİDİR»

Deputat Əli Hüseynli
Deputat Əli Hüseynli

Polis haqqında qanunun müzakirəsi zamanı Əli Hüseynli bildirib ki, polislərə elektroşok vasitələrdən istifadəyə icazə verilməlidir. Onun sözlərinə görə, təhlükəli vəziyyətlərdə polisin silaha əl atmasındansa, elektroşokdan istifadə etməsi daha məqsədəuyğundur:

«Amma bütün hallarda istifadə edə bilməyəcək. Bunun üçün konkret hallar nəzərdə tutulub».

Əli Hüseynlinin dediyinə görə, ictimai təhlükəli əməl - odlu silah işlədilərsə, məhbus həsbdən qaçarsa, insan həyatına qəsd törədilərsə, yaralanan şəxs silahlı müqavimət göstərərsə, odlu silah başqası tərəfindən ələ keçirilərsə, adama hücum edən və real təhlükə yaradan heyvanı məhv etmək lazım olarsa polis elektroşokdan istifadə edə biləcək.

Çingiz Qənizadə elektroşok vasitələrin üzərində istifadə hüququ xüsusi icazəsi olan polislərə veriləcəyini bildirib.

«Polis silahdan istidafə etsə, başqalarına zərər vura bilər. İctimai sabitliyin qorunmasında polislərin rolu böyükdür. Elektroşok vasitələrindən istifadəyə insan haqqlarının pozulması kimi baxmaq düzgün deyil. Bir çox inkişaf etmiş ölkələrin polisi də bundan istifadə edir».

Aqil Abbas isə təklif edib ki, polisə xəbərdarlıq hüququ olmadan atəş açmaq hüququ verilsin.

«ELEKTROŞOKUN TƏTBİQİ ANTİ-HUMANİST TƏDBİRDİR»

Gövhər Baxşəliyeva isə elektroşokun tətbiqini anti-humanist tədbir sayıb. Onun fikrincə cinayətkarın ayağından vurmaq daha yaxşıdır, nəinki ona qarşı elektroşokdan istifadə etmək. O qanunda belə dəyişikliyə səs verməyəcəyini bildirib.

«Bu, həmin adama fiziki, mənəvi, psixoloji zərbə vuracaq. Cəmiyyətimiz bunu bağışlamayacaq».

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev Gövhər Baxşəliyevanın rəyinə cavab olaraq bildirib ki, elektroşokun tətbiqi humanizmdən qaynaqlanır.

«Tutaq ki, hər hansı cinayətkarın əlində bıçaq var, ona ya silah tətbiq olunmalı, ya da elektroşokdan istifadə olunmalıdır. Hansı daha yüngül metoddur?»

Qüdrət Həsənquliyev Milli Şuranın üzvü Eldəniz Quliyevin son vaxtlar DİN əməkdaşları haqqında yazılarını xatırladaraq, onun təxribatçı olduğunu vurğulayıb:

«Nazir onu məhkəməyə verməklə düz edib. Eldəniz Quliyev təxribatçıdır. O Azərbaycan türkü ola-ola talışların hüquqlarını müdafiə komitəsi yaratmışdı. Bəs, indi yaratmır? Deməli, o zaman xaricdən sifariş almışdı. Bu adam peşəkar təxribatçıdır».

«AZƏRBAYCAN QADINI MÜXTƏLİF LİBASLARA BÜRÜNMƏLİDİR?»

Zahid Oruc Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təhsillə bağlı tənqidlərinə toxunub. Bildirib ki, Milli Məclis cənub bölgəsində qızların 80 faizinin təhsil almadığını təhlil etməlidir:

«Təhlil etməliyik ki, niyə 20-ci əsrin əvvəllərində Sevilin timsalında Azərbaycan qadını çadranı atdı, amma bu gün Azərbaycan qadını müxtəlif libaslara bürünməlidir?»

Zahid Oruc Təhsil Naziriliyinin, digər aidiyyatı dövlət qurumlarının rəhbərliyini parlamentə dəvət edib bu məsələləri müzakirə etməyin vacibliyini bildirib.

«ÖZ CİBLƏRİNİN PULUNU XƏRCLƏMƏLİ OLURLAR»

Deputat Musa Quliyev
Deputat Musa Quliyev

Deputat Musa Quliyev ezamiyyətə gedən azərbaycanlıların tibbi sığortası ilə bağlı məsələyə toxunub:

«Ezamiyyətə gedən Azərbaycan vətəndaşları xəstələnəndə xaricdə həkimə müraciət edə bilmirlər, ya da öz ciblərinin pulunu xərcləməli olurlar. Təklif edirəm ki, müvafiq qanunvericiliyə, konkret Əmək Məcəlləsinə, Dövlət qulluqçuları haqqında qanununa, deputatlarla bağlı, miqrasiya haqqında qanunlara ezamiyyətə gedənlərin tibbi sığortası ilə bağlı əlavələr edilsin. Hesab edirəm ki, bu o qədər də böyük məbləğ olmayacaq».

«ATƏT HƏMSƏDRLƏRİ ELƏCƏ TURİST SƏFƏRİNƏ GƏLİB-GEDİRLƏR»

Deputat Siyavuş Novruzov
Deputat Siyavuş Novruzov

«Bugünlərdə Ukraynada parlament seçkisi keçirildi. Seçkinin mürəkkəbi qurumamış Amerika bəyanat verdi ki, bu seçki demokratik olub. Buna görə də, biz Krımın Ukraynaya qaytarılmasına yardım edəcəyik».

Bu sözləri Milli Məclisdəki çıxışında Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzovun sözlərinə görə, 20 ildən artıq ATƏT-in həmsədri kimi ABŞ bugünədək Azərbaycanala bağlı belə rəy verməyib:

«Bir dəfə də deməyiblər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bütövlüyü çərçivəsində həll olunsun. Deməyiblər ki, BMT-nin qətnamələrinin icrasına görə Amerika birbaşa məsuliyyət daşıyır. ATƏT həmsədrləri eləcə turist səfərinə gəlib-gedirlər, gedib bir mərifətli, düzgün informasiya da vermirlər».

S.Novruzov ATƏT həmsdərlərinə bir daha müraciət etməyi təklif etdi:

«Müraciət edək ki, hər ölkəyə bərabər baxsınlar».

XS
SM
MD
LG