Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:27

«Azərbaycanda insan haqları: Bıçaq sümüyə dirənib»


Avropa Şurasının baş katibi Thorbjørn Jagland
Avropa Şurasının baş katibi Thorbjørn Jagland

-

Britaniyada çıxan «The Guardian» qəzetində Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın Azərbaycanda insan haqlarının vəziyyətinə dair məqaləsi dərc olunub.

Məqalə «Azərbaycanda insan haqları: Bıçaq sümüyə dirənib. Birləşmiş Krallıq biganə qalmamalıdır» adlanır.

Məqalədə deyilir ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki 6 aylıq sədrliyi bu ay başa çatır və bundan sonra Azərbaycan sədrliyi Belçikaya ötürəcək.

Thorbjørn Jagland yazır ki, 2012-ci ildə Azərbaycan paytaxtında «Eurovision» mahnı yarışmasının keçirildiyi vaxt olduğu kimi, ölkənin Nazirlər Komitəsindəki sədrliyi dövründə də QHT-lərə və fəallara Azərbaycanda insan haqları pozuntuları ilə bağlı çoxsaylı problemləri gündəmə gətirmək imkanı verib.

«Bununla belə, Avropa Şurasının özünün bu pozuntulara müqaviməti barədə daha az məlumat verilib» – yazır cənab Jagland.

Avropa Şurasının baş katibi yazır ki, bu ayın əvvəllərində Avropa İnsan Haqları Məhkəməsi tanınmış müxalifət siyasətçisi və şərhçisi İlqar Məmmədovun həbsi ilə Avropa İnsan Haqları Konvensiyasının pozulduğunu təsdiq edib.

HƏBSİN ƏSL SƏBƏBİ SUSDURMAQDIR

«Məhkəmə qərara gəlib ki, həbsin əsl səbəbi İlqar Məmmədovun hökuməti tənqid etdiyinə və onun gizlətməyə çalışdığı informasiyanı dərc etdiyinə görə susdurulması olub» – yazır Jagland.

Məqalədə deyilir ki, Azərbaycan hökumətinin bu işin məhkəmənin böyük palatasına keçirilməsi barədə ricası rədd edilib. Thorbjørn Jagland məqalədə xatırladır ki, Avropa Şurasının 47 üzvü üçün məhkəmənin qərarlarının icrası məcburidir və o şəxsən Azərbaycan hakimiyyətini Məmmədovu ləngitmədən azad etməyə çağırıb.

«Belə kardinal məhkəmə qərarı Azərbaycan ədliyyəsində dərin kök salmış sistematik problemləri bir daha diqqət mərkəzinə gətirib» – yazır Jagland.

VENESİYA KOMİSSİYASINA QULAQ ASMAQ LAZIMDIR

Baş katib qeyd edir ki, o, Azərbaycanda insan haqları müdafiəçilərinə qarşı bir neçə məhkəmə işini də nəzarətdə saxlayır və Avropa Şurasının Bakıda böyük səfirlikləri olan üzv ölkələrindən bu məhkəmələri müşahidə etmələrini istəyib. Baş katibin yazdığına görə, Birləşmiş Krallıq bu ricaya artıq müsbət cavab verib.

Məqalədə deyilir ki, Azərbaycandakı yerli və beynəlxalq QHT-lər hazırkı qanunvericiliyin onların fəaliyyətini əngəllədiyindən şikayətçidirlər. Baş katib qeyd edir ki, Avropa Şurasının konstitusiyalarla məşğul olan Venesiya Komissiyasına Azərbaycanın QHT-lərlə bağlı qanunlarını, onların Konvensiyaya uyğunluğunu nəzərdən keçirməyi tapşırıb.

«BİZ AZƏRBAYCANA DƏFƏLƏRLƏ XƏBƏRDARLIQ ETMİŞİK»

Cənab Jagland bir daha xatırladıb ki, bu komissiyanın hüquqi tövsiyələri qlobal miqyasda tanınır.

«Biz Azərbaycana ölkədə insan haqlarının bərbad vəziyyəti barədə dəfələrlə xəbərdarlıq etmişik. Bu ilin əvvəllərində Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks ölkədə sərbəst toplaşma və ifadə azadlığına dair hesabat hazırlayıb və bu hesabatda onun jurnalistlərə qarşı təqiblərdən və həbslərdən ciddi narahatlığı ifadə edilib. Muižnieks bu yaxınlarda Anar Məmmədli Leyla Yunus da daxil olmaqla həbsxanadakı tanınmış fəallara baş çəkib və Azərbaycanı insan haqları müdafiəçilərinə qarşı repressiyaları dayandırmağa çağırıb» – deyilir məqalədə.

AZƏRBAYCANDAN DOĞAN ÜMİD İŞIĞI

«Lakin ümid işığı da var, - yazır Thorbjørn Jagland, - Üç həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi 80 məhbusun arasında 4 insan haqları fəalı da var. Bu addım ABŞ və Avropa İttifaqı tərəfindən alqışlanıb».

O qeyd edir ki, bu yaxınlarda prezident İlham Əliyevlə təmasda ola bilib - bu, Avropa Şurası ekspertləri ilə Azərbaycan rəsmilərinin 2008-ci ildən bəri ilk görüşündə baş verib. Onun sözlərinə görə, bu qrup vətəndaş cəmiyyəti fəalı ilə Azərbaycan hakimiyyəti arasında yeni danışıqlar barədə təşəbbüslərdə bulunacaq və baş katib ümid edir ki, bu təmaslar daha çox fəalın azadlığa çıxmasına kömək edəcək.

Thorbjørn Jagland bildirir ki, əlavə olaraq Avropa Şurası və Azərbaycan ifadə azadlığı və ədliyyənin müstəqilliyinə dair layihələri ehtiva edən birgə hərəkət planı barəsində razılıq əldə ediblər.

«Almaniyanın xarici işlər naziri Walter Steinmeier kimi vəzifəli Avropa rəsmiləri ötən həftə Bakıda olublar və Azərbaycanı bu imkandan vəziyyəti yaxşılığa doğru dəyişmək üçün istifadə etməyə çağırıblar» – deyilir məqalədə.

«Səylərimizdən əl çəkmək, - yazır Yagland, - ölkənin çabalayan vətəndaş cəmiyyətini tək qoymaq demək olardı. Azərbaycanı istisna etmək, onun 9,4 milyonluq vətəndaşını Avropa qanununun aliliyi ilə təmasdan və Avropa İnsan Haqları Məhkəməsinə fərdi qaydada şikayət etmək hüququndan məhrum etmək demək olardı».

BRİTANİYA KİMİ ÖLKƏLƏR ÖRNƏK OLMALIDIR

Thorbjørn Jagland məqalədə Britaniya ilə bağlı narahatlıqlarını da yazır. O qeyd edir ki, Birləşmiş Krallıq kimi ölkələr daxili səbəblərlə İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından çıxacağı ilə hədələyəndə, bunun Avropadakı gənc demokratiyalara çox mənfi təsiri olur.

Cənab Jagland yazır ki, Britaniyanın mühafizəkar hökumətinin Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmaq barədə tövsiyə xarakterli təklifləri qəbul olunsaydı, bu, heç şübhəsiz, insan haqlarına Birləşmiş Krallıqdan daha az sadiq olan rejimləri yalnız sevindirərdi. Avropa Şurasının baş katibi qeyd edir ki, Avropa onsuz da azlıqların haqları, ifadə azadlığı və ədliyyənin müstəqilliyi məsələləri ilə bağlı aşınmalara məruz qalır və bu qorxulu meylin qarşısı dərhal alınmalıdır.

XS
SM
MD
LG