Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:25

Qubad İbadoğlu: «Azərbaycanda pis təcrübə var»


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

Gözlə

No media source currently available

0:00 0:05:41 0:00
Direct-ə keçid

Müsavat partiyasında bir müddət öncə başa çatmış başqan seçkisinin keçirilməsi ilə bağlı müzakirələr hələ də yekunlaşmayıb. Narazılar partiya daxilində fraksiya yaratmağı təklif edirlər. Bununla bağlı başqanlığa keçmiş namizəd Qubad İbadoğlu AzadlıqRadosuna müsahibə verib:

- Qubad bəy, Müsavat daxilində fraksiya yaradılması məsələsi gündəmə gətirilib. Fraksiya nədir, nəyi hədəfləyir?

- Əvvəla, fraksiya təklifini mən yox, Müsavat partiyası üzvləri irəli sürüb. Oktyabrın 6-da keçirdiyimiz görüşdə bu təklifi səsləndirdilər, o vaxt biz bunu geniş müzakirə eləmədik. İndi bu məsələ yenə gündəmə gəlib. Açığı, fraksiya yaradılması ilə bağlı öz mövqeyimi ortaya qoymamışam, tərəddüdlərim var. Çünki hesab etmirəm ki, partiya daxilində azlığıq. Başqa ölkələrin təcrübələrində fraksiya partiya daxilində ideoloji müstəvidə fikirləri ayrı olan bir qrupun partiyanın idarəolunması və partiya daxilində fəaliyyət platformasıdır. Belə nümunələrin olduğu ölkələrdə artıq siyasi partiyaların uzun inkişaf tarixi var, burda sivil siyasi münasibətlər formalaşıb. Məsələn, ABŞ, Böyük Britaniya kimi ölkələrdəki partiyalarda hətta bir neçə fraksiyalara rast gəlinir. Onlar bunu rəsmi, şəffaf şəkildə elan edirlər.

- Azərbaycanda da belə təcrübə varmı?

- Azərbaycandakı təcrübə uğurlu deyil. AXCP-də belə bir fraksiya vardı, sonradan partiya iki yerə parçalandı. Azərbaycan təcrübəsindən yararlanmaq mümkün deyil. Mən Müsavat partiyasının bütövlüyünün və güclənməsinin tərəfindəyəm. İstəyirəm, elə format seçək ki, bu, partiyanı parçalamasın.

- Fraksiya yaradılsa, bu partiyanı parçalamaqmı deməkdir?

- Narahatçılığım, tərəddüdümün bir səbəbi də budur ki, partiyada iki fərqli qrup olacaq. Belə bir qərar verilməyib, hələ ki, müzakirələr gedir. Müzakirələrin əleyhinə deyiləm və özüm də fikrimi bildirirəm. Ancaq hesab edirəm ki, bu istiqamətdə fəaliyyətimiz bizə bəzi çətinliklər yarada bilər. Məsələn, Müsavat Partiyasını tərk eləyənlər və öz müstəqilliklərini qoruyan, başqa siyasi birliklərə qoşulmayan bəzi adamların bizimlə olmasını istərdim. Bəzi tərəfdarlarımızı partiyadan çıxarıblar. Halbuki onların Müsavatda fəaliyyət göstərmək üçün potensialları vardı. Bu adamların da yanımızda olmasını istərdim. Bu mənada, fraksiya formatı fəaliyyətimizi məhdudlaşdıra bilər. Digər tərəfdən, bütün başqanlığa keçmiş namizədlər fraksiya yaradılmasına razılıq versələr, o halda, idarəçilik, partiyaya üzvlüklə və bəzi məsələlərlə bağlı qaydalar olmalıdır. Fraksiya yaradılması ciddi məsələdir.

- Qubad bəy, bəzi partiya üzvləri fraksiya yaradarsa, hansısa üstünlükləri, imtiyazları olacaqmı?

- Bu, partiya nizamnaməsində tənzimlənməlidir.

- Müsavatın nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmur, eləmi?

- Nəzərdə tutulmayıb. Amma heç qadağa da qoymur. Amma fraksiyanın üstünlükləri nizamnamə ilə tənzimlənməlidir. Nizamnaməyə dəyişiklik üçün də qurultay çağırılmalıdır. Amma fraksiya yaradılmasının nizamnamədə olub-olmaması bu gün məni qayğılandırmır. Bizi bu dəqiqə bizim fəaliyyət imkanlarımızın gücləndirilməsi və Müsavatın bütövlüyü məsələsi qayğılandırır. Nizamnamədə nəzərdə tutulmamağı fraksiya yaradılmasına əks-arqument ola bilməz, amma nizamnamədə yoxdursa, hansı üstünlüklərdən söhbət gedə bilər? Üstəlik, partiyanın yeni rəhbərliyi fraksiya yaradılmasının əleyhinədir. Hələlik, hesab edirəm ki, fraksiya üstünlükləri ilə bağlı müzakirə açılması tezdir.

XS
SM
MD
LG