Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:49

Britaniya kəşfiyyatı İngiltərə futbolu üçün Rusiyaya qarşı casusluq edib


Bu barədə məlumatlar “The Sunday Times” qəzeti tərəfindən Britaniya Parlamenti Mədəniyyət, Media və İdman Komitəsinə təqdim edilib.

-

Britaniya hərbi kəşfiyyatı Mİ6-nın keçmiş casusları 2018-ci ilin futbol üzrə Dünya Çempionatına ev sahibliyini əldə etmək üçün Rusiyanın “korrupsiyaya əl atdığını aşkar ediblər”.

Britaniya mətbuatı xəbər verir ki, İngiltərənın Dünya Çempionatı üçün Müraciət Komitəsi qlobal futbol idarəsi FİFA-nın içərisində korrupsiya hərəkətlərinin aşkar edildiyi barədə məlumat yayıb.

Bu barədə xəbərlərdə deyilir ki, Müraciət Komitəsi, Rusiyanın 2018-ci ilin Dünya Futbol Çempionatı üçün ev sahibliyini necə əldə etməsini öyrənmək məqsədilə özəl kəşfiyyat şirkətlərinin xəfiyyələrinin xidmətlərindən istifadə edib.

Bu da bildirilir ki, Rusiyaya qarşı “futbol kəşfiyyatında” Britaniya xüsusi xidmətlərinin zabitləri də rəsmən iştirak ediblər.

Müraciət Komitəsi iddia edir ki, kəşfiyyat prosesində Rusiya prezidenti Vladimir Putin-in ölkənin ən güclü oliqarxlarını 2018-ci il çempionatının ev sahibliyinin əldə olunmasına səfərbər etdiyinə dair dəlillər əldə olunub.

Bu barədə məlumatlar “The Sunday Times” qəzeti tərəfindən Britaniya Parlamenti Mədəniyyət, Media və İdman Komitəsinə təqdim edilib.

Abramovich-in xüsusi tapşırığı

13 səhifəlik dosyedə bildirilir ki, Chelsea Futbol Klubunun sədri Roman Abramovich-ə 2018-ci ilin futbol çempionatını Rusiyaya “gətirmək” üçün öz sərvətindən və nüfuzundan asılı olan hər şeyi etmək tapşırılıb.

Mİ6 hərbi kəşfiyyat xidmətinin keçmiş zabitlərindən biri qəzetə deyib ki, Abramovich-in Cənubi Afrikada FİFA prezidenti Sepp Blatterlə görüşü izlənib.

“The Sunday Times” qəzetinin dosyesində FİFA rəsmilərinin rüşvət almalarına və səsvermə fırıldaqları etmələrinə dair yeni iddialar irəli sürülür.

Diplomatik missiyaların futbol missiyası

Qəzet iddia edir ki, keçmiş kəşfiyyat xidməti zabitləri 2018-ci ilin Dünya Futbol Çempionatının ev sahibliyinə namizəd olan digər 8 ölkənin müraciət komitələrini də izləyiblər.

Casusluq fəaliyyətinin xərcləri İngiltərə Müraciət Komitəsininsponsorları və şərikləri tərəfindən ödənib.

Dosyedə 2018-ci il çempionatının ev sahibliyinin Rusiyaya verilməsində Abramovich-in müstəsna rolu olduğu iddia edilir.

Britaniya qəzetləri yazır ki, İngiltərə futbolu üçün casusluq əməliyyatlarında həmçinin Britaniyanın müxtəlif ölkələrdəki səfirlikləri də iştirak ediblər.

Bu səfirliklər Rusiya Müraciət Komitəsinin təbliğat məqsədilə müxtəlif ölkələrə səfərlərini izləyiblər.

Mobil telefonlar üçün qurğuşun qutular

Dosyedə deyilir ki, Rusiyanın 2018-ci il Dünya Futbol Çempionatının ev sahibliyi üçün müsabiqənin nəticələrinə korrupsiya yolu ilə təsir etmək cəhdləri 2010-cu ilin ortalarından və şəxsən Rusiya prezidentinin prosesə qoşulmasından sonra başlanıb.

Casusluq əməliyyatı həmçinin Rusiya kəşfiyyatının İngiltərə Müraciət Komitəsini izləyib-izləmədiyini yoxlayırmış.

Bu istiqamətdə İngiltərənin futbol elçilərinə anti-kəşfiyyat tədbirləri barədə məsləhətləri Britaniyanın xüsusi xidmətləri veriblər.

Məsləhətlərə mehmanxana otaqlarında “böcəklər”in olub-olmamasının yoxlanması, habelə danışıqlar zamanı mobil telefonların qurğuşun qutularda saxlanması kimi tövsiyələr daxil idi.

Sibir qazı sövdələşməsi

Lakin bütün bunlara və İngiltərə Müraciət Komitəsinə baş nazir David Cameron-un, futbol ulduzu David Beckham-ın və şahzadə William-ın daxil olmasına baxmayaraq, 2018-ci və 2022-ci illər üçün çempionatlara ev sahibliyini Rusiya və Qətər qazanıblar.

BBC xəbər verir ki, Abramovich-in sözçüsü öz bossunun Rusiyanın ev sahibliyi üçün fəaliyyət göstərməsində heç bir qanunsuzluğun olmadığını deyib.

Bununla belə, xəbər verilir ki, Qətər və Rusiya FİFA səsverməsində biri digərini dəstəkləmək üçün Sibirdəki iri qaz layihələrindən biri barədə sövdələşməyə giriblər.

“The Sunday Times” qəzetinin məlumatında deyilir ki, kəşfiyyat xəfiyyələrinin rəyinə görə bu işdə korrupsiyanın miqyası Rusiya və Qətərdən başqa bütün namizədlərin şanslarını əvvəlcədən heçə endirmişdi.

“The Sunday Times” qəzetinin yeni dosyesində FİFA-ya qarşı əvvəllər gizli saxlanan bir sıra yeni korrupsiya ittihamları açıqlanır.

FİFA-nın keçmiş ABŞ prokuroru Michael Garcia tərəfindən aparılmış öz təhqiqatı Rusiya və Qətərin heç bir qanunsuzluğa yol vermədikləri barədə nəticəyə gəlib.

Lakin cənab Garcia FİFA-nı onun hesabatının tam mətnini açıqlamamaqda ittiham edib.

Picasso rüşvət qismində

İngiltərə Müraciət Komitəsinin əldə etdiyi kəşfiyyat məlumatına görə, Rusiya komitəsi UEFA-nın rəhbəri Michel Platini-yə Rusiyanın ev sahibliyinə səs verməsi üçün Picasso-nun tablosunu bağışlayıb. Bu tablonun Sankt-Peterburqdakı Ermitaj Dövlət Muzeyindən çıxarıldığı bildirilir.

Həmçinin əlavə olaraq bildirilir ki, bahalı hədiyyəni FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü Viacheslav Koloskov çatdırıb.

Cənab Koloskov-un habelə başqa bir rəsm əsərini Belçika nümayəndəsi Michel d’Hooghe-a verdiyi bildirilir.

O həmin rəsmi Brügge şəhərindəki ziyafətdən sonra Koloskov-dan qəbul etdiyini boynuna alıb, lakin əlavə edib ki, “bu eybəcər rəsmi” evinin çardağına “tullayıb”.

Cənab Platini isə Rusiyanın 2018-ci il ərizəsi ilə bağlı olan kimdənsə heç bir hədiyyə almayıb.

Defamasiyadan yayınma fəndi

Dosyedə həmçinin Almaniya futbolunun keçmiş rəsmisi Franz Beckenbauer-ə qarşı korrupsiya iddiaları irəli sürülür. İngiltərə Müraciət Komitəsinin mənbələrindən biri onu “bütün bu dəstədə ən çox korrupsiyalaşmış şəxs” adlandırır.

Britaniya mətbuatı yazır ki, FİFA-dakı korrupsiya halları iddialarına dair müxtəlif hesabatlar, habelə FTB-nin ABŞ-da FİFA-ya dair apardığı təhqiqat hələkik cənab Blatteri postundan tərpətmək üçün kafi olmayıb.

“The Sunday Times” qəzeti isə öz dosyesini parlament komistəsi vasitəsi ilə ona görə açıqlayıb ki, özünü defamasiya ittihamlarından qoruya bilsin.

Mövcud qanunlara görə parlamentin internet saytından təkrar dərc olunmuş materiallara görə defamasiya məsuliyyəti daşınmır.

XS
SM
MD
LG