Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:45

İlham Əliyev: «Bizim üçün Rusiya bazarı perspektivlidir»


İlham Əliyev
İlham Əliyev

-

"Rusiya ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir və bütün sahələri əhatə edir. Bizim aramızda həll olunmayan məsələ və problem mövcud deyil. Bütün görüşlərdə münasibətləri, əməkdaşlıq potensialını daha da möhkəmləndirməyin və inkişaf etdirməyin yollarını müzakirə edirik".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Rossiya 24" kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.

RUSİYADAN GƏLƏN TURİSTLƏR ARTIR

Prezident Azərbaycanla Rusiyanın iki qonşu və dost ölkə olduğunu və münasibətlərin inkişaf etdiyini bildirib:

"Bizim neft-qaz və nəqliyyat sahəsində yaxşı potensialımız var. Şimal-Cənub nəqliyyat dəhlizinin işində də maraqlıyıq. Rusiya bazarına kənd təsərrüfatı məhsullarının ixracı potensialını möhkəmləndiririk”.

Prezident qeyd edib ki, turizm sahəsində də yaxşı perspektiv mövcuddur:

“Biz Rusiyadan Azərbaycana gələn turistlərin sayının ildən ilə artdığını görürük. Əlbəttə ki, mədəniyyət və təhsil sahəsində də əməkdaşlıq edirik. Bu bizim münasibətlərin əsasını təşkil edir. Məşhur Rusiya kollektivləri tez-tez Bakıya qastrola gəlir".

“VTB BANKININ AKSİYALARINI ƏLDƏ ETMİŞİK”

Prezident deyib ki, Azərbaycan Rusiya bazarına fəal investisiya qoymaqda davam edəcək:

"Biz, Rusiyanın bank sektoruna sərmayə qoymuşuq, VTB bankının aksiyalarını əldə etmişik, o cumlədən daşınmaz əmlak almışıq. Ona görə də, bizim üçün Rusiya bazarı perspektivlidir və bu bazara fəal investisiya qoymaqda davam edəcəyik”.

Prezident qeyd edib ki, Azərbaycan Rusiyanın da eynilə ölkəmizə investisiya yatırmasında maraqlıdır.

Prezident Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda uğurdan danışa bilmədiyindən təəssüfünü bildirib.

“Səbəb olduqca sadədir, Ermənistan sülh istəmir. Onlar mövcud vəziyyətin saxlanmasını, necə var elə də qalmasını istəyirlər”.

“BAŞQA CÜR OLA BİLMƏZ”

Prezident bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr olduğu ölkələrin prezidentləri dəfələrlə status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər:

“Status-kvo dəyişilməlidir. Status-kvonun dəyişilməsi Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi deməkdir, hansı ki, bu, nizamlanma prosesinin əsas şərtidir".

Azərbaycan prezidenti münaqişənin postsovet məkanında olan digər münaqişələrdən fərqli olduğunu söyləyib:

"Bu fərq ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin qətnaməsi mövcuddur. Bir deyil, dörd qətnamə var. Hansı ki, bu qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və şərtsiz çıxmasının tələb edildiyi yazılıb. Lakin bu qətnamələrə 20 ildən çoxdur ki, əməl olunmur. Təəssüflər olsun ki, bu qətnamələrin həyata keçirilməsini təmin edən mexanizm də yoxdur. Ermənistan sadəcə olaraq bunu rədd edir. Bu qətnamələr münaqişənin nizamlanmasının əsasını təşkil etməlidir. Ona görə ki, başqa cür ola bilməz".

TƏXRİBAT NƏYƏ LAZIM İDİ?

İlham Əliyevi bu il danışıqlar prosesində keçən illərlə müqayisədə daha da intensivlik müşahidə olunduğunu söyləyib:

"Həmsədr ölkələr, prezidentlər səviyyəsində danışıqlar prosesində aktiv iştirak ediblər. İndiyə kimi heç vaxt belə olmamışdı. Avqust ayında Vladimir Putinlə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Sentyabr ayında ABŞ dövlət katibi Con Kerri bizimlə analoji görüş keçirdi. Oktyabrın sonunda isə Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət elədi, bizimlə ikitərəfli və üçtərəfli müzakirə aparıldı.

Münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesində mövzulardan biri də inam mühitinin möhkəmləndirilməsinə aid idi, hansı ki, qoşunların təmas xəttində itkilər azalsın və tərəflər bir-birinə daha çox inansınlar. Həm Azərbaycan, həm də Ermənistan tərəfi Parisdə keçirilən görüşü müsbət qiymətləndirdilər. Düz iki həftə sonra isə Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlər keçirməyə başladı. Hansı ki, bu təlimləri Ermənistanda deyil, hətta Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində də deyil, məhz Azərbaycanın Ağdam rayonunun ərazisində, qoşunların təmas xəttində keçirdilər. Həmin təlimlərdə 47 mindən artıq hərbçi və mindən çox hərbi texnika iştirak edib. Soruşuram, Parisdə keçirilən müsbət görüşlərdən sonra təxribat törətmək nəyə lazım idi?"

BEYNƏLXALQ İNSTİTUTLARIN DEFORMASİYASI

Azərbaycan prezidenti beynəlxalq təşkilatların fəaliyyətindən də danışıb:

"Bu gün dünyada baş verənlər beynəlxalq institutların öhdələrinə düşən vəzifələri yerinə yetirməyi bacarmadıqlarını və onlara olan ümidləri doğrultmadıqlarını nümayiş etdirir. Bu bizimlə bağlı olan vəziyyətə də aiddir. 20 ildir ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edir. Bundan başqa, məsələ BMT-nin kompitensiyasına aiddir. Prinsipcə, dünyada beynəlxalq institutların deformasiyası gedir. Bu çox təhlükəli və narahatedici vəziyyətdir. Hesab edirəm ki, dünyanın aparıcı ölkələri bu barədə öz sözlərini aydın deməlidirlər. Özü də tək bəyanatlarla deyil, qəbul edilən qərarlara hörmət edərək”.

Əlavə mənbə: AzərTac

XS
SM
MD
LG