Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:32

Xədicənin həbsi 5-14 dekabr xronikası

Dekabrın 5-də Xədicə İsmayıl həbs olunub. Onu ittiham edirlər ki, Tural Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırıb. Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb. Azad Avropa AzadlıqRadiosu korporasiyasının rəhbərliyi jurnalistin həbsinin arxasında onun peşə fəaliyyətinin durduğunu bəyan edərək, Azərbaycan prezidentinin və digər məmurların qanunsuz biznesini üzə çıxardığına görə Xədicədən qisas alındığını bildirib. Beynəlxalq ictimaiyyət də Azərbaycan hakimiyyətinin əməllərini pisləyib. Hakimiyyət nümayəndələri bu ittihamları rədd edir.

AzadlıqRadiosunun saytında Xədicə İsmayılla bağlı online forum mövcuddur. Burada onun həbsi haqda fikirlərini sən də bölüşə, Xədicəyə sual göndərə bilərsən.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

16:28 9.12.2014
«Xədicə İsmayıla aparılan yemək sovqatı təcridxanada qəbul olunmayıb»

Dekabrın 8-də ailə üzvlərinin jurnalist Xədicə İsmayıla apardığı yemək sovqatı Bakı İstintaq Təcridxanasında qəbul olunmayıb.

Bu barədə AzadlıqRadiosuna jurnalist Əfqan Muxtar məlumat verib.

Onun dediyinə görə, ailə üzvlərinə təcridxanadan bildirilir ki, yemək yalnız həftədə bir dəfə qəbul olunur:

«Xədicə İsmayıl mədəsindən əməliyyat olunub, o, xüsusi pəhrizlə yemək yeməlidir. Həm də ona dünən aparılan sovqat yalnız bir gün üçün nəzərdə tutulmuşdu. Bunların heç biri nəzərə alınmadı. Faktiki olaraq Xədicə bu gün ac qalacaq».

Bununla əlaqədar ailə üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etməyi düşünür.

16:18 9.12.2014
Mehman Əliyev
Mehman Əliyev
«Bu siyasətin əsas məqsədi Azərbaycanda azad fikri boğmaqdır»

«Xədicə İsmayılın həbsi həm vətəndaş cəmiyyətinə, həm də mediaya ciddi zərbədir».

Bunu «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir. O, jurnalistin həbsini peşə fəaliyyəti ilə əlaqələndirir:

«Bəyanatlar yayılır ki, jurnalistlər öz peşələrinə görə həbs edilmirlər. Bəs nəyə görə bu işlər ancaq hakimiyyəti tənqid edən jurnalistlərin başına gəlir?! Bütün bunlar onu göstərir ki, bu bir siyasətdir və bu siyasətin əsas məqsədi Azərbaycanda azad sözü, azad fikri boğmaqdır».

Mehman Əliyev hesab edir ki, 2015-ci ilin yazınadək bütün siyasi məhbuslar azad ediləcək. Çünki:

«Burada bir neçə məsələ var. Ümumilikdə iqtisadi-sosial durum yaxşı deyil. Hər şey neft iqtisadiyyatı üzərində durduğundan ildən-ilə itiririk. Azərbaycan hakimiyyəti üçün qeyri-neft sektorunun işə salınması çox vacibdir. Bunun üçün gərək azad iqtisadiyyat olsun, azad iqtisadiyyat üçün azad məhkəmələr, digər qarantiyalar olmalıdır. İkinci məsələ, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklər var və bunu kənara ata bilməz. Üçüncüsü də, hadisələr var - olimpiya oyunları, seçkilər. 2015-ci ildə Azərbaycan Avropa Şurasına hesabat verməlidir. Ona görə hesab edirəm ki, elə yanvar ayından müsbət addımlar atılacaq və getdikcə artacaq. Hesab edirəm ki, vətəndaş cəmiyyətində dialoq başlayacaq, Xədicə İsmayıl və digərlərinin məsələsi də müsbət həll olunacaq».

Davamı

XS
SM
MD
LG