Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

«Xədicə İsmayıl onda gərək çoxdan həbs olunaydı»


Faiq Qurbanov
Faiq Qurbanov

-

Gözlə

No media source currently available

0:00 0:05:36 0:00
Direct-ə keçid

Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsiylə bağlı sualları cavablandırıb:

– Xədicə İsmayılın həbsinə ilkin reaksiyanız necə oldu? Daha bir jurnalist həbsə atıldı.

– Özümü emosional söhbətlərdən kənar saxlamaq istəyirəm. Konkret şəxsin müraciəti olub. Hər bir şəxslə bağlı belə problemlər ola bilər. Heç kəs bundan sığortalanmayıb. Araşdırma gedir. Konkret şəxsin, onunla birgə işləyən şəxsin ittihamı var ortada. Yəqin hansısa problem yaşanıb ki, bu adam cavabdehdir.

– Xədicə İsmayılın həbsi cəmiyyətdə ona görə suallar yaradır ki, o, araşdırmaçı jurnalistdir, korrupsiya araşdırmalarının müəllifidir. Bu fakt belə fikirlərə əsas verir ki, Xədicənin həbsində məqsəd onu susdurmaqdır.

– Bunlar bəhanəyə, qeyri-sağlam düşüncəyə yol açır. Guya kimsə törətdiyi əmələ görə deyil, hansısa fəaliyyətinə görə həbs olunur. Xədicə İsmayıl Azərbaycanda tək araşdırmaçı jurnalist deyil ki? Digər araşdırmaçı jurnalistlər də var. Konkret cinayət törətmirlərsə, heç kəs onları həbs etmir. Konkret onunla bağlı şikayət var.

– Xədicə İsmayıl məhz prezidentin ailə üzvlərinin biznesini üzə çıxaran araşdırmalar müəllifidir. Razısınızmı ki, həbsi məhz həmin yazılarla bağlıdır?

– Təbii ki, bu fikirlə razılaşa bilmərəm. O məntiqlə gərək dərhal həbs olunaydı. Görün araşdırmaları neçə vaxtdır davam edir. Vəzifəli şəxs kimi deyil, bir insan kimi deyirəm, müəyyən iftira xarakterli yazıları da olub. Tək cənab prezident və onun ailəsi ilə bağlı deyil, ümumiyyətlə, cəmiyyətdə olan proseslərlə bağlı.

– Ancaq Xədicə İsmayılın araşdırmaları təkzib olunmayıb.

– Bu araşdırmalarla bağlı danışmıram. Sözümün canı odur ki, həbs-qətimkan tədbiri onun jurnalistlik fəaliyyətindən irəli gəlmir. Ölkə başçısı ilə bağlı yazılara görə onda gərək çoxdan həbs olunaydı. Fikir verin ki, onu ittiham edən öz həmkarıdır. Yəqin hansısa problemləri olub.

– Onda belə deyək. Ötən ilin dekabrında Qarabağ müharibəsi veteranı Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında özünü yandırdı. Bu hadisəyə görə vəzifəli şəxslərin adları çəkildi. İstintaqa cəlb olunan belə olmadı. Yəni belə intihara cəhd hallarını çox sadalamaq olar. Necə olur ki, onu tanıyanların da təsdiqlədiyi kimi, psixoloji problemləri olan bir şəxsin müraciəti əsasında Xədicə İsmayıl saxlanır?

– Özünəqəsd halları ilə bağlı həmişə araşdırma aparılır. Əminsiz ki, həmin hadisə araşdırılmayıb?

– Hər halda ictimaiyyətə heç bir açıqlama verilməyib. O hadisəyə görə cəzalanan olmadı.

– Kim deyir ki, burda cəza labüddür? Mürəkkəb məsələdir, araşdırılmalıdır. Kimsə küçədə üstünə benzin töküb yandırırsa, o demək deyil ki, mütləq qaydada kimsə həqiqətən günahkardır. Psixi vəziyyətdən danışırsınız. Qeyri-adekvat hərəkət ola bilər. Bəlkə heç ona qarşı elə bir haqsızlıq da olmayıb.

– Ancaq kimsə bir «facebook» yazışması yayır, onun müraciəti əsasında jurnalist saxlanır.

– İntihara cəhd adamın qeyri-normal psixi durumu ilə bağlı ola bilər. Hərənin özünəməxsus reaksiya verməsi var. İnsan var təmkinlidir. Kimsə də heç nədən özündən çıxa bilir, özünü yandırmağa cəhd edir. Kimsə intihar edirsə, həmişə haqlıdır?

– Xədicə İsmayılın tək araşdırmaçı-jurnalist olmadığını deyirsiniz. Son bir neçə ayda, özəlliklə Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə onlarla jurnalist, ictimai fəal həbsə atılıb. Ölkədə insan haqlarının durumunu necə dəyərləndirirsiniz?

– Şəxsən mən faydalı peşəylə məşğul olanların həbs yerlərinə düşməsini istəməzdim. Saxlananların konstruktiv mövqeyi yoxdur. Jurnalist etikasına diqqət etsinlər. Həbsdəkilər isə konkret cinayətə görə həbs olunublar.

– Hakimiyyət təmsilçiləri də əsasən bu arqumenti səsləndirir. Ancaq görünən odur ki, hakimiyyət tənqidçiləri susdurulur. Tənqid etdinsə, «antiazərbaycançı», «qərəzli», «qeyri-obyektiv» olursan.

– Tənqid olmalıdır. Ancaq tənqid konstruktiv və ədalətli olmalıdır.

– «Razılaşdırılmış tənqid» demək istəyirsiniz?

– Yox, razılaşdırılmış tənqid tənqidin parodiyası, imitasiyasıdır. Hər şeyi qara tonlarda görmək də düzgün deyil. Açın «Azadlıq», «Yeni Müsavat» qəzetlərini, köşə yazıları, tənqidi yazılar dərc olunur. Onları kim məsuliyyətə cəlb edir? İstər Elnur Astanbəyli olsun, istər Xaliq Bahadur, istər Zümrüd Yağmur. Düşündüklərini də, yuxuda gördüklərini də yazırlar. Qoy yazsınlar, bizdə demokratiyadır, kimsə onlara maneçilik törətmir.

– Son vaxtlar Azərbaycanda insan haqlarının durumuna dair tənqidlər beynəlxalq QHT-lər səviyyəsindən çıxıb, Avropa Şurasının rəhbərliyi də ölkədə insan haqları üzrə bıçağın sümüyə dirəndiyini yazır. Siz necə düşünürsüz?

– Bununla razı deyiləm, məqsəd Azərbaycanı hər cür gözdən salmaqdır.

XS
SM
MD
LG