Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:44

Vəkil: «Həbsxana rəhbərliyi dərmanın dozasını artırmaqla kifayətlənir»


-

Gözlə

No media source currently available

0:00 0:02:58 0:00
Direct-ə keçid

«Həbsdə olan Sirac Kərimlinin səhhətində ciddi problemlər var. Ürək ağrıları günü-gündən şiddətlənir, həbsxana rəhbərliyi dərmanın dozasını artırmaqla kifayətlənir».

Bu barədə AzadlıqRadisouna Sirac Kərimlinin vəkili Nemət Kərimli məlumat verib.

Sirac Kərimli Müsavat başqanının müavini Fərəc Kərimlinin qardaşıdır. Hazırda hər iki qardaş həbsdədir. Fərəc Kərimli bu ilin iyulunda narkotik maddə ittihamı ilə tutulub. Qardaşı Sirac ondan bir neçə gün əvvəl həbs olunub. Müsavat Partiyası qardaşların həbsini siyasi motivli hesab edir.

Fərəc Kərimlinin səhhətindən və saxlanma şəraitindən şikayəti olmasa da, Siracda vəziyyət bir qədər fərqlidir. Vəkili onun müalicə müəssisəsinə köçürülməsi ilə bağlı müraciət etsə də, hələ ki müraciəti cavabsız qalıb:

«Beynəlxalq Xaç Komitəsinə müraciət etmişdim, gəlib görüşüblər onunla. Amma daxili qaydalarına əsasən mənə heç bir məlumat vermədilər. Söz veriblər ki, kömək edəcəklər. Ombudsman aparatına da müraciət etmişəm, amma əməli bir addım görməmişəm. Siracın ağrıları günü-gündən şiddətlənir».

Həbsxanada səhhətindən şikayətçi olan siyasi məhbus təkcə Sirac Kərimli deyil. Ermənistanın xeyrinə casusluqda ittiham olunan Leyla Yunus diabet xəstəsidir. Həbsxanada səhhəti daha da kəskinləşən Leyla Yunus dünən – dekabrın 11-də İnsan hüquqları üzrə Birgə Qrupun üzvləri ilə görüşdən və onların gətirdiyi həkimlərin müayinəsindən keçməkdən imtina edib. Baxmayaraq ki, vəkilin dediyinə görə, xanım Yunusun qara ciyərində artıq parçalanma başlayıb, təzyiqi xeyli aşağıdır.

Səhhətindən şikayətçi olan siyasi məhbuslardan biri də hüquqşünas İntiqam Əliyevdir. Ailə üzvləri vəziyyətin getdikcə daha da ağırlaşdığını deyirlər. İntiqam Əliyevin səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində pisləşmişdi. İstintaq orqanı onu müayinə üçün Onkoloji Mərkəzə aparmışdı. Orada müayinə olunan hüquq müdafiəçisində bir neçə xəstəliyin olduğu aşkarlanmışdı.

İntiqam Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Orxan Eyyubzadənin də səhhətində problem var.

Vəkil Əshabəli Mustafayevin sözlərinə görə, O. Eyyubzadənin mədəsində qanaxma əmələ gəlib:

«Noyabrın 28-də təcridxanada Orxanla görüşdüm. Səhhəti yaxşı deyildi, özünü pis hiss edirdi. Mədəsində yara var. Yara açılıb, ağzından qan gəlir. Bununla bağlı həkimə müraciət edib. Artıq kamera şəraitində müalicə başlanıb».

Orxan Eyyubzadə bu ilin mayında tutulub. Ona polis əməkdaşlarına zor tətbiqetmə ittihamı ilə cinayət işi qaldırılıb. Oktyabrın 15-də Binəqədi rayon Məhkəməsi Orxan Eyyubzadənin 2 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. O, Bakı 2 saylı İstintaq Təcridxanasında saxlanılır.

Bir müddət öncə REAL sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu da həbsdə soyuqdəymədən müalicə alırdılar. Yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, hazırda hər ikisinin səhhəti normaldır.

Rəsmilər, o cümlədən Ombudsman aparatı vaxtaşırı siyasi məhbusların səhhəti ilə bağlı səslənən iddiaları rədd edirlər. Bildirirlər ki, məhbusların durumu daim nəzarətdə saxlanır.

XS
SM
MD
LG