Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:24

Venesiya Komissiyası: «Düzəlişlər QHT-lərin fəaliyyətini məhdudlaşdırır»


Avropa Şurası
Avropa Şurası

-

Avropa Şurası Venesiya Komissiyası (VK) Azərbaycanın QHT-lər haqqında qanuna etdiyi dəyişikliklərə rəyini açıqlayıb.

Dekabrın 15-də açıqlanan rəydə qeyd olunur ki, bu il sentyabrın 29-da Avropa Şurasının baş katibi Thorbjørn Jagland Komissiyadan həmin düzəlişlərə rəy hazırlamağı xahiş edib. Rəyi hazırlayan məruzəçilər prezidentin noyabrın 14-də imzaladığı dəyişiklikləri də nəzərə alıb.

SƏFƏR NİYƏ TƏXİRƏ SALINDI

Məruzəçilər noyabrın ortasında Bakıya səfər etməli olsa da, səfər təxirə salınmış, heç bir səbəb açıqlanmamışdı. Komissiya bu təxirəsalmanı belə izah edir:

«2014-cü il oktyabrın 15-də hakimiyyətə göndərdiyi məktubda Katiblik səfərə dəstək və yardım istəyib. İlkin olaraq səfərin tarixi razılaşdırılsa da, səfərin proqramı barədə heç bir məlumat verilməyib və heç bir dəvətnamə gəlməyib. Təəssüf ki, səfər də təxirə salınmalı olub. Nəticədə bu rəy planlaşdırılmış səfərdə əldə oluna biləcək informasiyasız hazırlanıb. Təəssüf ki, rəyin əhatə etdiyi yeni dəyişiklikləri hələ rəy hazırlanmaqda ikən prezident imzalayıb».

Rəydə qeyd olunur ki, hazırda Azərbaycanda 2 min 700 qeydiyyata alınmış, 1000 qeydə alınmamış QHT var.

VK bildirir ki, müstəqil insan haqları QHT-ləri və təmsilçiləri son illər repressiya dalğasına məruz qalıb, durum pisləşib. Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks 2013-cü il avqustun 6-da yaydığı hesabatında həmin il fevralın 15-də qəbul olunmuş dəyişikliklərin «Azərbaycanda QHT-lərin fəaliyyətini daha da məhdudlaşdırdığını» qeyd edib.

ƏVVƏLKİ TÖVSİYƏLƏR NƏZƏRƏ ALINMAYIB

Rəydə deyilir ki, QHT qanununa son düzəlişlər bəzi məhdud müsbət dəyişikliklərə səbəb olub. Məsələn, QHT-lərə 30 gün verilir ki, icra hakimiyyətinin onların diqqətinə çatdırdığı, iddia olunan pozuntularını düzəldə bilsin. QHT-lərlə bağlı inzibati orqanlara və ya məhkəmələrə müraciət etmək hüququ qanun tərəfindən aydın şəkildə müəyyən olunub:

«Ancaq bu müsbət dəyişikliklərə baxmayaraq, Venesiya Komissiyasının 2011-ci ildə verdiyi rəydəki tövsiyələrin çoxu nəzərə alınmayıb. QHT-lərin qeydiyyat proseduru sadələşdirilməyib. Xarici QHT-lərin filialları və təmsilçiliyi spesifik, problemli nizamlanmaya məruz qalır. QHT-lər pozuntulara görə bağlana bilər, halbuki həmin pozuntular bu sərt sanksiyaya əsas vermir».

Venesiya Komissiyasının iclası
Venesiya Komissiyasının iclası

«Bundan başqa, xarici QHT-lərin filialları və təmsilçilikləri digər QHT-lərə nisbətən daha əlverişsiz durumdadır: onlardan əlavə hesabatlılıq tələb olunur, xüsusi cərimələr qoyulur, hökumətlə bağlanan müqavilələrinə vaxt məhdudiyyəti təyin olunur».

İLK BAXIŞDA POZUNTU GÖRÜNTÜSÜ YARADIR

«Qrant və ianələrin alınması və hökumətə hesabatlılıq sahəsində də QHT-lər üzərinə yeni öhdəliklər qoyulur. Ancaq bu öhdəliklərdən bəziləri ilk baxışda sərbəst birləşmə azadlığını pozmaq görüntüsü yaradır».

VK-nın mövqeyinə görə, bu sərt tələblər vətəndaş cəmiyyətinə mənfi təsir göstərəcək. Özəlliklə də insan haqları, demokratiya və hüququn aliliyi məsələləri ilə məşğul olan qurumlara. Komissiya düzəlişlərin, ümumilikdə, «Azərbaycanda QHT-lərin fəaliyyətini daha da məhdudlaşdırdığını» bildirir.

VK bildirir ki, QHT-lərin qeydiyyat prosesi sadələşdirilməlidir. Qeydiyyat müddətinin qısaldılması üçün proses mərkəzsizləşdirilməli; qanuni tələblərə tam hörmətin təmin olunması üçün konkret addımlar atılmalı, qeydiyyat sənədlərinin düzəldilməsini tələb edən lüzumsuz korrektələr dayandırılmalıdır:

«Beynəlxalq QHT-lərin yerli filial və təmsilçilik yaratmaq və qeydiyyata almaq ehtiyacına yenidən baxılmalıdır. Onların qeydiyyatına, fəaliyyətinə qoyulan hərtərəfli məhdudiyyətlər ləğv olunmalıdır».

XARİCİ MALİYYƏYƏ İCAZƏ VERİLMƏLİDİR

«QHT-lərin xaricdən maliyyələşməsini əngəlləyən dəyişikliyə yenidən baxılmalıdır, aydın və spesifik səbəb yoxdursa, xarici maliyyəyə icazə verilməlidir. Qrant vermək hüququnu əldə etmək proseduru aydın kriteriyalara, qanunvericiliyə dayanmalıdır».

Əli Hüseynli
Əli Hüseynli

QHT-lərin hesabat öhdəlikləri kimi daxili muxtariyyətinə qanunsuz müdaxiləyə, eləcə də QHT-lərin daxili strukturu və funksiyasına dövlət nəzarətinə imkan verən düzəlişlər ləğv olunmalıdır.

VK bu və digər sahələrdə Azərbaycan hakimiyyətinə yardım etməyə hazır olduğunu da bildirib.

HAKİMİYYƏTİN QHT ARQUMENTİ

Hakimiyyət təmsilçiləri QHT qanunvericiliyinə dəyişikliklərin şəffaflıq məqsədi güddüyünü deyir. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin fikrincə, «xarici donorların indiyədək ayırdığı vəsaitlərin çoxu məqsədəuyğun xərclənməyib, başqa məqsədlərə xidmət edib, çox ciddi pozuntular olub».

Xaricdən qrant almaq istəyən təşkilatın müvafiq icra hakimiyyətindən rəy almasına gəlincə, Hüseynli deyirdi ki, həmin layihənin Azərbaycanda həyata keçirilməsinin zərurəti olmalıdır:

«Bəzən ehtiyac olmayan layihələrdən, məsələn, İŞİD kimi terror təşkilatı yaranır. Məsələn, müxtəlif təşkilatlar Qərbdə bir sıra layihələri həyata keçiriblər, nələrisə, hansısa ideyalarısa zərurət oldu-olmadı maliyyələşdiriblər və nəticədə İŞİD kimi bir terror təşkilatı ortaya çıxıb. Yəni, layihənin ideya baxımından zərurəti əvvəlcədən müəyyənləşməlidir».

Venesiya Komissiyasının son rəyinə hələlik hakimiyyətdən mövqe açıqlanmayıb.

XS
SM
MD
LG