Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Gedmin: "Obama höküməti İlham Əliyevə sərt cavab verməlidir"


Jeffrey Gedmin
Jeffrey Gedmin

Azadliq Radiosunun keçmiş prezidenti "Washington Post" qəzetində Azadlıq Radiosunun Bakı bürosuna təzyiqlər haqda yazıb. Gedmin ABŞ prezidenti Barak Obamanı büronun işinin bərpası və jurnalistlərə basqıların dayandırılması üçün qəti addımlar atmağa çağırıb. O Əliyevlə Bakıdakı görüşündən də yazıb.

-

"Washington Post" qəzetində Azadlıq Radiosunun Bakı bürosuna təzyiqlər haqda yazı dərc edilib.

Jeffrey Gedmin Georgetown Universitetinin Xarici Siyasət Məktəbinin qlobal siyasət və təhlükəsizlik departamentinin direktoru, "World Affairs" İnstitutunun "Transatlantik Yenilənmə" layihəsinin həmdirektorudur. Cənab Gedmin Amerikanın ən nüfuzlu qəzetində Azadlıq Radiosuna olan basqılardan yazıb və Amerika hökümətini qəti addımlar atmağa çağırıb. Yazını ixtisarla təqdim edirik.

BEYNƏLXALQ MÜNASİBƏTLƏRƏ "SINDIRILMIŞ PƏNCƏRƏ" YANAŞMASI

Miladdan bir gün sonra Azərbaycanda paytaxt polisinin silahlı əməkdaşları ABŞ Konqresinin maliyyələşdirdiyi Azad Avropa və Azadlıq Radiolarının Bakı bürosuna reyd keçirib axtarış apardılar.

Bir neçə saatlığına saxlandıqdan sonra radionun jurnalistləri və redaktorları azad edildilər. Amma indiyəcən azı 10 nəfər sorğu-sual üçün prokurorluğa çağrılıb.

Polis radio əməkdaşlarının evlərinə də gedir, gecəyarısı insanları dindirməyə aparır. Azərbaycan hakimiyyəti deyir ki, bütün bunlar qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsi haqda Azərbaycan qanunlarına nə dərəcədə əməl edilməsi ilə əlaqədar hazırda davam edən araşdırmanın tərkib hissəsidir.

Avtoritar lider İlham Əliyevin hökuməti mülki cəmiyyət qruplarına, müstəqil media, xüsusən də Azadlıq Radiosuna qarşı kampaniyasını genişləndirir: Araşdırmaçı jurnalist Xədicə İsmayılova da dekabrın 5-də həbs edilib. Əliyev bilir ki, Azadlıq Radiosu Azərbaycanda qalan tək-tük müstəqil media orqanından biridir. Belə görünür ki, onun hətta buna da dözümü qalmayıb.

Azadlıq Radiosunun Bakı bürosuna reyd
Azadlıq Radiosunun Bakı bürosuna reyd

Birləşmiş Ştatlar bunun cavabını verəcəkmi? Əgər verməsək, bu, Azərbaycan üçün pis xəbər olacaq, ümumilikdə region üçünsə narahatlıq doğuran tendensiya.

Mən Əliyevlə 2009-cu ildə - Azad Avropa və Azadlıq Radiolarının prezidenti olarkən görüşmüşəm.

Azadlıq Radiosunun Bakı bürosu möhürlənib
Azadlıq Radiosunun Bakı bürosu möhürlənib

O zaman bizim jurnalistlərə qarşı təzyiqlərin dayandırılmasına nail olmaq üçün Azərbaycanın paytaxtı Bakıya səfər etmişdim.

Mənim, WikiLeaks məlumatlarında Azərbaycanı 2003-cü ildən bəri "mafiya bossu kimi" idarə etdiyi deyilən Əliyevlə söhbətim sürreal olduğu qədər də nəticəsi öncədən bəlli bir söhbət idi.

Mənə dedi ki, Azərbaycan ABŞ-ın neftlə zəngin strateji müttəfiqi ola-ola, Rusiya və İranla həmsərhəd ölkə ola-ola, o bizim radioda öz hökuməti haqda tənqidləri niyə dinləməli olduğunu anlamır.

Ona görə ki, Əliyev tipli liderlər inanırlar ki, medianın vəzifəsi vətəndaşların hökuməti sorğulamasına yox, hökumətin xalqı sorğulamasına yardım etməkdir.

Məni ABŞ səfiri müşayiət edirdi və mənə qoşularaq izah etməyə çalışırdı ki, Birləşmiş Ştatlar niyə kommersiya, təhlükəsizlik maraqları və insan haqları sahəsindəki narahatlıqları arasında balans saxlamağa çalışır.

Əliyevi inandırmaq mümkün olmadı. Bu gün o, qaba şəkildə azad sözə qarşı hörmətsizlik edir.

Dövlət Departamenti deyir ki, Azərbaycanda baş verənlərdən "narahatdır". Əlbəttə, narahat olmağa əsas var. Sözçü Jeff Rathke deyib ki, dövlət katibi John Kerry dekabrın 21-də Əliyevlə telefonla danışıb və Azərbaycanda mülki cəmiyyətə qarşı basqılarla bağlı narahatlığını dilə gətirib. Dekabrın 26-dasa Azadlıq Radiosunun Bakı bürosuna reyd edilməsi və büronun bağlanması Əliyevin ABŞ-ın narahatlıqlarına necə yanaşdığını göstərir.

J.Gedmin və İlham.Əliyev üz-üzə
J.Gedmin və İlham.Əliyev üz-üzə

Bizim zəif cavablarımızın əks-sədası Azərbaycanın hüdudlarından kənarda da eşidilir. Hər yerdə avtoritar liderlər ABŞ və onun demokratik müttəfiqlərindən umurlar ki, onlar, necə deyərlər, daha xırda məsələləri arxa plana keçirsinlər, beləcə həmin liderlərin daha iddialı macəralarına münbit zəmin yaranmış olsun.

Biz bu ilin sentyabrında - prezident Obamanın paytaxt Tallində nitq söyləməsindən cəmi 2 gün sonra - Estoniya ərazisində bu ölkənin kəşfiyyatçısını oğurlayan Rusiyaya da lazımi cavab vermədik. Payızda Rusiyanın sualtı qayığı Stokholma yaxın sularda peyda olanda da çaşıb-qaldıq. Rusiyanın xırdaca dövlət olan Moldovanı necə qorxutması da, qərbyönümlü siyasətindən imtina etməyə məcbur etməkdən ötrü onun mallarına məhdudiyyət qoyması, qazını kəsməklə hədələməsi də bizi elə də narahat etmədi. Belə nümunələr yetərincədir. Rusiya baş nazirinin müavini Dmitry Rogozinsə bu ilin avqustunda Obamaya rişxənd edərək Amerika liderinin küçük, Putinin isə gepard ilə şəklini yanaşı şəkildə tweet etdi - "Bizim fərqli dəyərlərimiz və müttəfiqlərimiz var" yazaraq.

Amma heç kəs belə tweet-lərə müharibə elanı kimi baxmır. Ya da ki, orda-burda baş verən başqa xırda düşmənçilik hərəkətlərinə. Yəqin ki, Bakıdakı reportyorların xırda bürosunun bağlanmasına da münasibət belədir.

1982-ci il tarixli "Atlantic Monthly"dəki məqalələrində James Q. Wilson və George L. Kelling özlərinin "asayişin qorunmasında "sındırılmış pəncərə" nəzəriyyələri"ni təqdim edirlər. Bildirirlər ki, hüquq-mühafizə orqanları və sakinlər yaşayış məntəqəsində baş verən xırda hadisələrə diqqət etməldirlər - zir-zibilə, sındırılmış pəncərəyə., metrodakı turniketdən biletsiz keçilməsinə. Ona görə diqqət etməlidirlər ki, cinayətlərin artmasının və daha ciddi cinayətlərin baş verməsinin qarşısı öncədən alınmış olsun.

Xarici siyasət haqda da eyni şeyi demək olar. Təkcə Ukrayna yox, adına Şərqi Avropa və keçmiş Sovet İttifaqı deyilən yaşayış məntəqəsi getdikcə daha çox, 1970-ci illərdəki cinayət girdabına batmış Nyu-Yorka oxşamağa başlayır. Ona görə ki, Obama administrasiyası və bizim avropalı müttəfiqlərimiz xırda şeyləri gözdən qaçırmaq kimi üzücü bir səhv ediblər.

Bu yaxınlaracan bizim Avropa haqda - "bütöv və azad Avropa" təsəvvürlərimiz mövcud idi. Əgər bu təsəvvürlərin yenidən gündəmə gəlməsini istəyiriksə, bundan ötrü böyük strategiyaya ehtiyac yoxdur. Kiçik işlərdən başlayın. Birləşmiş Ştatlar israr etməlidir ki, Azərbaycan Azadlıq Radiosunun Bakı bürosunun açılmasına dərhal icazə versin, ölkə boyu jurnalistlərə qarşı təzyiq və təqiblərə son qoysun.

XS
SM
MD
LG