Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:43

"Haqlı olmağını bilmək xoşbəxtlikdir!"


Azərbaycan korrupsiyası Xədicəyə qarşı
Gözlə

No media source currently available

0:00 0:13:17 0:00

Azərbaycan korrupsiyası Xədicəyə qarşı

-

Nəyin bahasına olur-olsun mənə divan tutmaq istəyənlərin mənə qurduğu divanından nə gözləyə bilərəm ki? Əslində prokurorluq və məhkəmə işçilərinin çarəsiz durumuna baxıb onların halına acıyıram. Nə qədər qəribə səslənsə də, bu proseslərdə məhz onları görməkdən fərəhlənirəm.

Bu qanun məmurları ilə müqayisədə nə qədər azad, nə qədər rahat olduğunu düşünmək gözəldir!

Və bir də siz, dostlar! Məhkəməyə gələndə sizi gözümün ucu ilə maşınla qapı arasındakı pilləkəndən gördüm, sevindim. Sevinirəm ki, varsız, ayaqdasınız! Çünki biz ayaqda ikən yalan və oğurluq üzərində duran Əliyev rejimi məğlubdur.

Və hələ ki siz varsınız, biz - siyasi məhbuslar olsaq da, bütün məhkəmə proseslərinin qalibiyik.

Həbs qorxulu deyil. Əlbəttə ki, məhrumiyyətləri də var. Amma yeganə çətinliyim ünsiyyətlə bağlıdır. Sizi - əziz dostlarımı, həmfikirlərimi kitablar əvəzləyir.

Şahvələdin yazılarındakı tükənməz optimizmi indi Viktor Emil Frankl-ın faşist konslaqerləri haqda əsərindən alıram. Frankl öz kitabında holokost dəhşətlərdən çox, əsirlərin xırda məhrumiyyətlərə reaksiyasından yazır. Və bu “xırda məişət qələbələri” içində əlyazmasını qoruya bilməməsinin acısını hiss etdirməməyə çalışır.

Frankl düşərgədə SS-ə xidmət edən məhbusların – “kapo”ların və qaz kameralarını yandırmağa kömək edən əsirlərin əzablarını da unutmayıb. Yazır ki, onlara vicdan əzabından qurtulmaq üçün spirtli içki verilirdi.

Bilmirəm, bizlərin üzünə duran polis nəfərlərinə, bizi ittiham edən prokurorlara və bu ittihamları hökmə çevirən hakimlərə içməyə nəsə verirlərmi, amma əminəm ki, günahsız insanlara pislik etməklə özünün varlığını təmin edən istənilən şəxsin “kapo”lar kimi stress çıxarmağa ehtiyacı olmalıdır.

Əziyyətlərimizi qaz kamerası ilə də müqayisə eləmək istəmirəm. Amma bu yazıqların yerində olmağı düşmənimə də arzulamaram.

Kim olduğuma görə, kimlərlə çiyin-çiyinə durduğuma görə keçirdiyim xoşbəxtlik hissi bütün qanqaraldacaq reallıqları mənasız edir. Leyla xanım, İntiqam müəllim, Seymur, Anar, Bəşir, Rəsul, Nidaçılar və başqa dəyərli insanlarla bir yerdə eyni məhrumiyyətləri hiss etməkdən qürur duyuram. Haqlı olduğunu duymaqdan dolayı keçirdiyin qürur dünyanın bütün əzab-əziyyətlərinə dəyər!

Əzizlərim, möhkəm olun, davam edin, ayaqda qalın!

Nə qədər ki, biz ayaqdayıq, nə dəqər ki, onların bizə sırımaq istədiyi düşüncəni rədd edib, insan ləyaqətinin heç bir pula satılmayan dəyər olduğuna inamımızı yaşadırıq, onlar məğlub olaraq qalacaqlar. Məncə, Əliyev rejimi də məğlub tərəf olduğunu dərk edir və bu çarəsizliyin acısını rejimi sərtləşdirməklə, daha çox adamı həbs etməklə azaltmağa çalışır və bu çarəsizlik bataqlığında getdikcə daha çox batır! Həbsxanada belə prinsiplərimizdən imtina etmirik!

Azərbaycanda geniş yayılmış və sualdan çox təəssüf ifadə edən “bu işlərin axırı nə olacaq?” deyiminə Kürdəxanıda adətən rəqəmlə cavab verirlər: 3 ildən 5 ilədək, 5 ildən 12 ilədək.

Məndən soruşanda deyirəm: axırı olmayacaq!

Xeyirlə şərin mübarizəsi davam edir, edəcək. Əsas olan bu mübarizənin bitməməsidir! O ki qaldı Əliyev rejiminə, oların şəri ilə mübarizə böyük savaşın kiçik bir səhnəsdir. Bu epizodda hələ ki qalibik!

Frankl konslagerdə adamların hər şeyə maraq və yumor hissləri hesabına sağ qaldığını yazır. Yumor hissimiz yerindədir. Marağa gəlincə, özümlə mərc gəlmişəm: “Mən bu sınaqdan necə çıxacağam”. Mərcə siz də qoşulun.

Xədicə.

Kürdəxanı. Yanvar 2015

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG