Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:54

Terror şübhəlisi olan qadın Türkiyədən Suriyaya keçibmi?


Fransa və Türkiyə təhlükəsizlik xidmətlərinin ehtimalına görə Hayat Boumeddiene Paris aktlarından bir həftə əvvəl qaçıb.

Fransa polisi “Charlie Hebdo” satirik jurnalının redaksiyasına qanlı basqın və yəhudi supermarketində girov götürülməsi ilə bağlı şübhəli şəxslərdən sayılan qadının hələ hadisələrdən əvvəl Suriyaya qaça bildiyi ehtimalını irəli sürüb.

26 yaşlı Hayat Boumeddiene-nin Suriyaya Türkiyədən keçdiyi barədə məlumatlar əldə edilib. Bu ehtimalı Türkiyə, Suriya və Fransa mənbələri dəstəkləyiblər.

Terrorçular polislə atışmada həlak olduqdan sonra Fransa polisi Hayat Boumeddiene-nin fəal axtarışına başlayıb. Polisin dərc etdiyi axtarış elanlarında bu qadın “silahlı və çox təhlükəli” kimi təsvir edilib.

Qadının Türkiyə sərhədini İstanbulda yanvarın 2-də keçdiyini Türkiyənin rəsmi mənbələri də təsdiqləyiblər.

Madrid-İstanbul

Türkiyə mənbəyi bildirir ki, axtarışda olan qadının nişanlarına və zahiri görünüşünə uyğun şəxs İstanbula Madriddən gəlibmiş.

Həmin mənbə bildirib ki, qadını bir kişi müşaiyət edirmiş və onun yanvarın 9-u üçün dönüş bileti olsa da, qayıtmayıb.

Türkiyə təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli rəsmisi bildirib ki, hazırda Ankara və Paris şübhəlinin yaxalanması üçün birgə tədbirlərə başlayıblar.

Bununla belə,rəsmi təəssüflə bildirib ki, qadının İstanbula gəlməsi barədə əvvəlcədən onlara kəşfiyyat məlumatı verilməyib.

“Fransızlar bizə xəbər verən kimi biz onun mobil telefonunda yanvarın 8-i üçün olan siqnalı tapdıq. Düşünürük ki, o artıq Suriyadadır, lakin bunu dəqiq təsdiq edə bilmirik, - deyib adının çəkilməsini istəməyən Türkiyə rəsmisi, - çox güman o artıq Türkiyədə deyil”.

Niqabda və çimərlik paltarında

Fransa və Qərb qəzetləri Boumeddiene-ə aid bir neçə fotoşəkilləri də dərc ediblər. 2010-ci ildə çəkilmiş şəkillərdən birində əynində tam niqab olan qadın oxla təlim məşqi keçir. Təlim yerinin dağlıq Kantal regionu olduğu da müəyyənləşdirilib. Başqa bir fotoda isə çimərlik kostyumunda olan qadın sevgilisini qucaqlayır.

Fransa mediası yazır ki, Hayat ailədəki 7 övladdan biri olub və anasını uşaqkən itirib. Sifarişləri mənzillərə çatdırmaqla məşğul olan atası ailəsini çətinliklə dolandırırmış.Artıq yetkin yaşlarında İslamı qəbul etdikdən sonra qadın özünün kassir işini itirib və niqabı da bundan sonra geyinməyə başlayıb.

Le Monde qəzeti yazır ki, Hayat Boumeddiene 2009-cu ildə Amedy Coulibaly adlı şəxslə kəbinli izdivaca girib. Fransanın rəsmi idarələri kəbin nikahlarını tanımır.

Onların hər ikisi 2010-cu ildə polis tərəfindən dindiriliblər.

Coulibaly 1995-ci ildə Paris nəqliyyatında dəhşətli terror aktı törədən şəxsi həbsxanadan qaçırmaq istəyərkən özü ələ keçmişdi.

Hazırda təhlükəsizlik orqanları digər iki terrorçunun – Fransada doğulmuş Əlcəzair əsilli qardaşlar Cherif və Said Kouachi-lərin səyahət qadağanı siyahısında və polis müşahidəsində ola-ola “Charlie Hebdo” qətliamını necə törədə bildikləri sualına cavab axtarırlar.

Paris şəhərinin baş prokuroru Francois Molins deyib kli, cümə günü keçirilmiş əməliyyat zamanı öldürülmüş qardaşların avtomatik silahlardan - əl pulemyotlarından, tapançalardan və hətta M82 raketatanından ibarət böyük cəbbəxanası olub. Qaradaşlar həmçinin mina tələləri qurublar.

İD və əl-Qaeda izi

Qardaşlardan biri ölümündən az əvvəl əl-Qaeda təşkilatı tərəfindən maliyyələşdirildiklərini bildirdmişdi.

Cherif Kouachi Fransa telekanallarından birinə demişdi ki, o vaxtilə əl-Qaedanın Yəməndəki vaizlərindən Anwar al Awlaki-dən də maliyyə dəstəyi alıb.

Əl-Qaedanın qüdrətli səfərbərçilərindən sayılan Al Awlaki 2011-ci ilin sentyabrında dron zərbəsi ilə öldürülüb.

Paris prokuroru Molins bildirib ki, Cherif Kouachi-nin arvadı ilə hazırda axrtarılan Hayat Boumeddiene arasında müntəzəm əlaqələr olub. Cherif Kouachi-nin arvadı Paris polisi tərəfindən dindirilir.

Coulibaly da ölümündən əvvəl BFM-TV telekanalına zəng edərək İslam Dövləti təşkilatının üzvü olduğunu deyib.

O, fələstinlilərin müdafiəçisi olduğu üçün yəhudiləri hədəflədiyini söyləyib.

Bu arada Fəlsətinin islamçı Həməs qruplaşması Parisdə törədilmiş hadisəni “lüzumsuz terror aktı” adlandırıb.

Polis bildirir ki, adı çəkilən bütün şəxslərin Parisin şimalındakı gizli islamçı qruplaşmanın üzvü olduqları artıq müəyyən edilib.

YouTube saytına əl-Qaedanın Yəmən bölümü tərəfindən yükləndiyi iddia edilən videoda Paris aktlarının peyğəmbərin təhqir edilməsinə cavab olaraq törədildiyi bəyan edilir, lakin təşkilat “Charlie Hebdo” jurnalına basqın üçün məsuliyyəti konkret olaraq öz üzərinə götürmür.

Avropa liderləri sükut yürüşündə

Bu gün Fransada Avropa liderlərinin iştirakı ilə təhlükəsizlik məsələləri müzakirə olunur.

Almaniya kansleri Angela Merkel, Britaniya baş naziri David Cameron və İtaliya lideri Matteo Renzi də daxil olmaqla Avropa liderlərinin Parisdə keçirilən sakit yürüşdə Fransa prezidenti Francois Hollande-la yanaşı addımlayacağı bildirilib.

Bu mərasimə Ərəb Liqasının rəhbərləri, Afrikanın müsəlman liderləri və Türkiyənin baş naziri Ahmet Davutoğlunun da qatılacağı gözlənilir.

Ötən gün ərzində Fransa paytaxtı güclü polis və təhlükəsizlik nəzarətində olub. Fransanın Daxili İşlər Nazirliyi bildirir ki ötən gecə bütün ölkə boyunca keçirilən yuxusuz yadetmə mərasimlərinə 700 min insan qatılıb.

XS
SM
MD
LG