Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:28

"Sadə bir iş gördüm, insandan bəhs etdim”


www.oguzatay.net
www.oguzatay.net

-

“Qəhrəmanlarının ipini istədiyi kimi oynadaraq insanlardan kuklalar yaradanların böyük romançılıq qabiliyyəti məndə yoxdur.

Oxucunu savadsız hesab edərək yazmaq istədiklərini sadələşdirməyə çalışan yazıçıların nə üçün oturub yazdığını anlamıram”.

Pakizə Kutlunun Türk romançısı Oğuz Atayla bu müsahibəsi 1972-ci ilin 30 sentyabrında “Yeni Ortam” dərgisində çap olunub.

- 1970-ci ildə “TRT roman mükafatı”nı qazanmış ilk romanınız “Tutunamayanlar”ın üzərindən tənqidçilər sükutla ötdülər. Romanınızı mükafatlandıran TRT münsiflər heyətindəki ədəbiyyatçılarımız da bu sükuta qoşuldular. Bunu nəylə izah edirsiniz?

- Fikrimcə, tənqidçilərimizin, daha doğrusu uzun müddətdir yazmayanların beynində əvvəlcədən təsbit olunmuş, dəqiq sərhədləri cızılmış bir roman anlayışı var.

Bu səbəbdən bir kitabı əllərinə götürəndə ilk növbədə beyinlərindəki roman etalonu ilə müqayisə edərək dəyərləndirirlər. Ola bilsin, mənim yazdığım qatma-qarışıq və qeyri-ənənəvi roman səhifələrini yeni bir qəlibə uyğunlaşdıra bilməyiblər.

- Oğuz Atay, romanınızın quruluş, məzmun və təhkiyənin rəngarəngliyi baxımından fərqliliyi dərhal nəzərə çarpır. Təhkiyədəki özünəməxsusluq, mövzudan mövzuya sıçramalar və sürət romanı oxumağı çətinləşdirmir ki? Bu, oxucu ilə aranızda qurmaq istədiyiniz bağa nəzərən vacib deyilmi?

- Ölkəmizdə oxucuların sayı olduqca azdır. Böyük kütlələrə çatdığı söylənilən romanların belə bir ovuc ziyalıdan başqa elə bir oxucusu yoxdur. Hələ bir ziyalılarımız özləri haqda yazılanları da oxumalıdırlar. Bu səbəbdən mənim kimi yazmağa yeni-yeni başlayan bir yazarı axtarıb tapmaq və alıb oxumaq zəhmətinə qatlaşmış oxucuların, ilk baxışdan yorucu görünən səhifələrdən tezcə usanmayacağına inanıram.

Kitab oxumağa önəm verən yazıçıların az olduğu ölkəmizdə belə, oxucuların bir çox yazıçının təsəvvürünə gətirməyəcəyi dərəcədə mürəkkəb, bənzərsiz mətnləri oxuyub həzm edə biləcəyinə inanıram. Oxucunu savadsız hesab edərək yazmaq istədiklərini sadələşdirməyə çalışan yazıçıların nə üçün oturub yazdığını anlamıram.

- “Tutunamayanlar”la nə etmək, nəyi demək istəmisiniz?

- “Tutunamayanlar”la çox sadə bir iş gördüm, insandan bəhs etdim. Öz dünyasına qapanmış yazarların belə bu cümləyə dərhal etiraz edəcəyini, “Bəs biz nə işlə məşğuluq?” – deyərək qəzəblərini bildirəcəyini də nəzərə alaraq bu sadə həqiqəti deməyə bilmirəm.

Qəhrəmanlarının ipini istədiyi kimi oynadaraq insanlardan kuklalar yaradanların böyük romançılıq qabiliyyəti məndə yoxdur. Bəlkə də, insanlara, xüsusilə də həyatın axarından geridə qalmışlara ehtiramım böyük olduğu üçün onlara acıyıram. Belə böyük miqyaslı məsələlərin məqalələrə, tədqiqatlara, esselərə mövzu olmasının vacibliyini düşünürəm.

- “Tutunamayanlar”dakı Səlim İşıq kimdir?

Oğuz Atayın məzarı
Oğuz Atayın məzarı

- Səlim İşıq tutunamayanların ümumiləşmiş obrazıdır. Ona bənzər, intihar etmiş Ural adlı bir dostum vardı, amma Səlim İşıq Uraldan tamam fərqlidir. Bəlkə də mən özüməm (bu cümləni yazmayın). Adlarını çəkmək istəmədiyim xeyli dostlarım var.

Hər kəsin “tutunan” olmaq istədiyi bir ölkədə tutunamayanlığı özünə peşə seçən Səlim İşıqla tanışlığı olmaq bəzilərini narahat edər deyə, onların kimliyini açıqlamayacağam. Səlim öldü. səlimlik də artıq ölüb. Bir dəfə hardasa “uğurun insanı maraqsızlaşdırdığını” yazmışdım, ancaq “tutunamamağın” maraqlılığını da heç kimin buna can atmamasında görürəm. Niyə can atsınlar ki? Bir dostum deyir ki, roman başdan-ayağa uğursuz adam olmağa çağırışdır. Hələlik çağırışıma cavab almamışam.

- Bəs Tuqut Özben necə?

- Turqut Özben bir az fərqlidir. Turqut nə qədər səy göstərsə də tutuna bilmir. Bu baxımdan Səlim ondan daha ağıllıdır. Bəlkə də Turqut bütün tutunamayanların şahzadəsi kimi ortaya atılıb, onların uğrunda sonuna qədər dözmək üçün malikanələrdən, maşınlardan və kiçik burjua nemətlərindən könüllü imtina edir. Səlim öldükdən sonra bir səfərə çıxır. Onu son dəfə bir qatarda görürlər, bəlkə də hələ də səfəri bitməyib.

- Bu yaxınlarda “Yeni Dərgi”nin 1972-ci il sentyabr sayında sizin bir hekayəniz yayınlandı. Roman və hekayə arasındakı yaxınlığı necə görürsünüz? Sizcə onları eyni növlər hesab etmək olarmı?

- Elə bu günlərdə hekayələr yazmaqla məşğulam. Qısa yazmaqdan başqa bir yolum yoxdur, çünki 60 səhifəlik bir hekayə yazanda, dərgilərdə çap etdirmək çətinləşir. Bu romanımda şeir, pyes, məqalə (təbii ki, hamısı xəyal məhsuludur) kimi bir çox növdən istifadə edə bilmişəm.

Bu baxımdan romanın imkanları əlbəttə daha genişdir. İkinci romanım “Təhlükəli Oyunlar”da xüsusi olaraq pyes parçalarından istifadə etmişəm. Bu iki növ arasında başqa nə isə fərqlər də varsa, bu haqda tənqidçilər məndən yaxşı bilərlər.

- Sizin yazıçılarınız kimlərdir? Nə üçün sevdiyinizin səbəbini də deyin lütfən.

- İndi ən sevdiyim yazarların Kafka və Dostoyevski olduğunu desəm, yəqin “Tutunamayanlar”ı oxuyanlar üçün təəccüblü gəlməz. İnsanı, həm də elə bizim Səlim İşığı tərk edənlərin dünyasında, belələrinin ətəyindən də yapışmasaq axırımız necə olacaq? Bir dövr Qonçarovun “Oblomov”u hamımızı sarsıtmışdı. Stendal, Laklos, Corc Eliot, Henri Ceyms, Melvill, Nabokov kimi usta yazarlardan da xeyli təsirlənmişəm.

Yazıçılardan hansısa biri deyib ki, “İnsan roman yazmağa, mütləq başqa yazarların romanlarından həyəcanlanaraq qapılır”. “Həyatı roman” olanlarda bu elə də görünmür.

XS
SM
MD
LG