Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:41

Kamo Yepremyan: "Mən azərbaycanlı südü əmmişəm"


Kamo Yepremyan
Kamo Yepremyan

-

«Azərbaycanlı oğlanlar «Neftçi», bizsə «Ararat» olub, futbol oynayırdıq»…

Naxçıvanlı Kamo Yepremyanla Günel Mövludun söhbəti

- Kamo, bir az özünüz barədə danışın…

- Mənim adım Kamo, soyadım Yepremyandır. Naxçıvanda doğulmuşam, Bakıda M.F. Axundov adına APİ-də təhsil almışam. Hazırda Ermənistanda yaşayıram. İki uşağım var. Qızım məni baba edib, oğlum isə bu yaxınlarda ailə həyatı qurub. İndi torpaqla, bağ-bağatla məşğulam. Mənim bir meyvə bağım, bir üzümlüyüm var. Hamısını öz əllərimlə əkmişəm.

- Kamo, Azerbaycanda həyat necə idi? Uşaqlığınız necə keçirdi, Naxçıvanla bağlı hansı xatirələriniz var?

- Naxçıvan mənim doğulduğum, böyüdüyüm yerdi. Düzdü, bəzi şeyləri çox dumanlı xatırlayıram, amma elə şeylər də var ki, onları heç vaxt unuda bilmərəm. Doğma yerlər bu günə qədər yuxuma girir. Uşaqlığım bütün sovet uşaqlarının həyatı kimi keçib. Qayğısız həyat, çayda çimmək, balıq tutmaq, futbol. Azərbaycanlı oğlanlarla futbol oynamaq xüsusilə maraqlı idi. Oynayanda azərbaycanlı oğlanlar "Neftçi", biz erməni oğlanlar isə "Ararat" olurduq. Çoxları ilə dost münasibətimiz vardı.

- Həmçinin üç il də paytaxtda, Bakıda yaşamış və təhsil almısınız. Azərbaycan gəncləri lə dostluq edirdinizmi? Münasibətlər necə idi?

- Hərdən davalarımız da olurdu, amma deyə bilmərəm ki, aramızda gərginlik vardı. Belə şeylər, xüsusilə gənclərin arasında tez-tez və hər yerdə olur. Bakıda mənim azərbaycanlı, rus, yəhudi dostlarım vardı. Gözəl münasibətlərimiz vardı, sonralar onları internetdən tapmaq üçün xeyli çalışdım. Qardabanidən Kərimov Firdovsi adında bir azərbaycanlı dostum vardı. Bunu ona görə rahat deyirəm ki, yəqin ki, Gürcüstanda yaşayır. Azərbaycandan da çoxlu dostlarım var, amma onların adını çəkməyə ehtiyat edirəm, qorxuram ki, onlara hansısa narahatlıq, təhlükə yarada bilərəm. Bizdə azərbaycanlılarla dostluğa, yaxşı münasibətlərə görə adama problem yaratmırlar. Amma mən bilmirəm, Azərbaycanda belə olmaya da bilər…

- O illərdə erməni-azərbaycanlı cütlüklər tanıyırdınızmı? Sevgili, evli olanları? Özünüz belə bir münasibət, evlilik təsəvvür edə bilirdinizmi?

- Ərin azərbaycanlı, qadının erməni, ya da əksinə olan xeyli ailələr tanıyırdım. Hamısı da rahat yaşayırdı. Əsas o idi ki, o adamlar bir-birini sevirdilər, başqaları nə deyir, desin, bunun mənası yoxdur. Mənim azərbaycanlı rəfiqələrim vardı, o qızlarla dostluq edirdim, gözəl münasibətlərimiz vardı. Əgər azərbaycanlı qıza vurulsaydım, tərəddüd etmədən, evlənərdim. Niyə də yox?

- Ermənistana köçəndən sonra necə oldu? Nə gördünüz? Bu düşmənçilik necə yaranırdı? Yadımdadır ki, mənim böyüdüyüm bölgədə danışırdılar ki, ermənilər Azərbaycana gətirilən şokoladların içinə lezviya qoyur, bu şokaladlar dili doğrayır. Danışırdılar ki, köçüb-gedən erməni evlərində ilanlar olur, bu ilanları ermənilər qoyur ki, özlərindən sonra onlar bizimkiləri zəhərləyib öldürsün. Yəqin ki belə absurd söhbətlər Ermənistanda da gəzirdi. O dövrün erməniləri üçün azərbaycanlılar necə görünürdü?

- Mən belə söhbətlər heç vaxt eşitməmişəm. Bilmirəm, bəlkə də ona görə ki, mənim babam azərbaycanlılarla çox yaxşı dost idi, ona görə ətrafımda belə söhbətlər olmayıb. Müharibəyə qədər Azərbaycandan xeyli adam Ermənistan bazarlarına alverə gəlirdi. Gəncəli bir kişi vardı, babam ona həmişə termosda çay aparırdı. Əgər elə söhbətlər olmasaydı, xalqın qulağını belə zəhərli söhbətlərlə doldurmasaydılar, yəqin ki, qarşılıqlı yaşanan faciələr də olmazdı.

- Azərbaycandan yadınızda qalan ən işıqlı xatirə hansıdır?

Kamo Yepremyan
Kamo Yepremyan

- Ordan gətirdiyim ən işıqlı xatirə Naxçıvandakı qonşumuz Ceyran bacının obrazıdır. Hamımız ona Ceyran bacı deyirdik, qızı Lətafət mənimlə yaşıd idi. Biz doğulanda Ceyran bacı məni də öz qızı ilə birlikdə əmizdirmişdi. O mənim süd anam, qızı mənim süd bacım idi. Yəni mən azərbaycanlı südü əmmişəm. Belə şeyi unutmaq olmaz, Günel.

- Kamo, əgər bir gün uşaqlarınızdan biri «düşmənlə» yəni azərbaycanlı ilə ailə qurmaq istədiyini desə, reaksiyanız necə olardı?

- Kiminlə evlənəcəkləri onların öz işidir. Mənsə bütün bir xalqı düşmən hesab edə bilmərəm. Bütün bir millət heç vaxt düşmən ola bilməz. Yaxşı erməni də var, pis erməni də. Həmçinin yaxşı və pis azərbaycanlılar da var. Bu günlərdə Ermənistan matəm içindədir. Bir rus hərbçisi bir erməni ailəsini güllələyib. Uşaqları süngü ilə öldürüb, böyükləri yatdıqları yerdə güllələyib. İndi mən bu faciəyə görə bütün rus xalqını düşmən hesab eləməliyəm? Murdarın, vəhşinin milləti olmur.

- Bu gün Ermənstanda azərbaycanlılara qarşı düşmənçilik və ya dözümlülük hansı səviyyədədir? Çətin sual olduğunu bilirəm, amma elə bir şey deyə bilərsinizmi ki, ümumi ovqatı göstərsin?

- Ötən il maşınla evə qayıdırdıq. Qarşıdan furqon gəlirdi. Qəfildən furqon sola tərəf döndü və aşdı. Biz tez maşından düşüb, ona tərəf getdik. Ayağımla maşının şüşəsini sındırıb, sürücünü çıxartdım. Ermənicə kim olduğunu soruşdum. Başa düşmədi. Qırıq-qırıq danışığından azərbaycanlı olduğunu başa düşdüm. İran azərbaycanlısı idi. azərbaycanca bir az bilirəm. Ondan azərbaycanca soruşdum ki, necəsən? O qorxdu. Sakitləşdirdim, dedim ki, narahat olma, burda sənə heç kim toxunmaz. Təcili yardım çağırdıq, ətrafdan başqaları maşının ətrafına yığışdı. O sakitləşdi, telefonu çıxarıb, dostlarına zəng elədi. Onu apardılar, bir-iki yüngül sıyrığı vardı, sarıyıb, tez də gətirdilər. O gələnə qədər xeyli cavan adam onun maşının gözlədi ki, kimsə nəsə aparmasın. Bunlar o uşaqlar idi ki, iki il əvvəl əllərində avtomat sərhəddə dayanmışdılar. İndisə onlar azərbaycanlının maşınını qoruyurdular. Mənim gördüyüm, bildiyim ovqat budur.

- - Necə düşünürsünüz, Sizin Vətəniniz haradır?

- Mənim Vətənim heç şübhəsiz ki, doğulub, böyüdüyüm, gecələr yuxuda gördüyüm, işıqlı xatirələrini əzizlədiyim Naxçıvandır.

Söhbətləşdi Günel M.

XS
SM
MD
LG