Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:34

"Bəziləri istəyib ermənilərin karikaturasını çəkim, imtina etmişəm".


Gündüz Ağayev
Gündüz Ağayev

-

"Pulla başqalarının karikaturalarını sifariş verənlər çox olub...

"Bu dəfəki hədəfim Mirzə Fətəli Axundov və Hüseyn Cavid haqqında çəkilən biabırçı filmlər olacaq".

Karikaturaçı rəssam Gündüz Agayevlə müsahibə

- Gündüz bəy, karikatura mövzusu hazırda gündəmdədir. Gəlin, karikaturanın mahiyyətinə, bu gün müzakirə olunan kontekstə adlamadan, bir qədər tarixə baxaq. Karikatura nə vaxt, niyə və necə yarandı?

- Ilk öncə görək, karikatura hardan gəlib və bu sözün mənası nədir? Karikatura yunan dilindəki “carrus” sözündən götürülüb. Mənası şişirtmək deməkdir. Yəni cəmiyyətin nöqsanı və ya hansısa bir içtimai fiqur komik şəkildə bu janr vasitəsi ilə təsvir olunur. Karikaturalar çox vaxt siyasi məzmunlu olur. İlk karikatura Antik dövrdə çəkilib. Əsasən antik yunan vazalarının üzərinə işlənirdi. Orta əsr kilsələrinin divarlarında və sütunlarında, kitablarda da satirik motivli şəkillər vardır. İslahatlar dövründə protestantlığın və katolikliyin tərəfdarları bir-birlərini karikatura ilə tənqid edərdilər. Cəmiyyətlə bağlı karikaturanın inkişafı XVIII əsrdə İngiltərədə baş verir. Əsasən Fransa inqilabından sonra siyasi məzmunlu karikaturalar inkişaf etməyə başladı. Napoleonun hakimiyyəti dövründə onu ən çox İngiltərə karikaturistləri öz işlərində ifşa edirdilər.

Karikaturanın müəllifi: Gündüz Ağayev
Karikaturanın müəllifi: Gündüz Ağayev

Ümumiyyətlə, bu janrın nümayəndələri o dövrdə İngiltərədə çoxluq təşkil edib. Tomas Roulendson, Corc Krukşenk, həm kitablarda, həm də dəzgah rəngkarlığında satirik məzmunlu mövzular işləmiş Uilyam Hoqart kimi rəssamlar var idi. XX əsrdə baş verən içtimai-siyasi proseslər bu janrın yayılmasına təkan verdi. Dünyanın iki qütbə ayrılması karikaturistlərin də mövqelərinə və mövzularına təsir etdi. Solçular, sağçılar, “siyasətə qarışmayan” karikaturaçılar yarandı.

- Ümumiyyətlə, kiminsə karikaturasını çəkmək ehtiyacı nə vaxt, niyə yaranır? Bir adamın karikaturasını çəkmək mahiyyətcə nədir? Dostyana zarafat, adamı ələ salmaq, yoxsa təhqirin bir şəkli?

- Yanaşmalar müxtəlif ola bilər. “Dostluq şarjı” deyilən bir şey var. Hətta mən deyə bilərəm ki, onun özündə də gizli sarkazm olur. Karikatura həm də rəssamın bir fərd kimi cəmiyyətə, içtimai-siyasi proseslərlə bağlı mövqeyini əks etdirir. Ona görə də hər hansı bir içtimai fiqura yanaşmalar da müxtəlif ola bilər. Təhqir məzmunlu karikaturaların yaranması çox zaman, belə deyək,“şikar”ın özünü yaxşı aparmamasından, buraxdığı kobud səhvlərdən baş verir. Bu səhvi radikal karikaturistlər bağışlamırlar. Bu siyahıya əsasən diktatorlar, yaltaq məmurlar, dini şəxslər daxil olur.

- Bizim insanlarda qəribə bir vərdiş var. Məsələn, şairlə tanış olan kimi soruşurlar ki, mənim barəmdə şeir yaza bilərsən? Yazıçı olduğunu biləndə deyirlər ki, həyatımı danışım, roman yaz. Rəssam görəndə, deyirlər mənim portretimi çək. Bəs, karikaturaçı görəndə heç deyən olur ki, mənim karikaturamı çək?

Karikaturanın müəllifi: Gündüz Ağayev
Karikaturanın müəllifi: Gündüz Ağayev

- Əslində, mənim ixtisasım rəngkarlıqdır. Ona görə insanlar biləndə ki rəssamam, ən çox “Mənim portretimi çək” terroru ilə üz-üzə qalırdım. Lap yeniyetmə yaşlarımda imtina edə bilmirdim. Sonralar bu məni bezdirdi və asanlıqla “həvəsim yoxdur” cümləsi ilə bu problemi həll etdim. Karikaturalarım tanınandan sonra isə belə hallarla az rastlaşmışam.

Karikaturanın müəllifi: Gündüz Ağayev
Karikaturanın müəllifi: Gündüz Ağayev

Çox insan şarj anlayışını bilmədiyi üçün “karikaturamı çək” deyirlər. Məclislərin birində bu baş verdi. Bir-iki adam rəsmən mənə dedilər ki, “necə çəkirsən çək, lap təhqir elə, amma bizi karikaturanda çək”. Əlbəttə onların məqsədi mənim karikaturamın vasitəsi ilə gündəmdə qalmaq, məşhurlaşmaq idi. Yəni belə hallar da olur.

Amma bu cür hallar demək olar ki, çox azdır. Çünki heç kim istəmir ki, onun karikaturasını çəksinlər. Bu çox ağırdır. Kiminsə haqqında tənqidi yazı yazılsa, həmən adam özü fəxrlə deyər ki, məni filankəs yazısında tənqid edib, məclislərdə onun haqqında olan tənqidi yazıdan rahatlıqla söz aça bilər. Amma “mənim karikaturamı çəkiblər” deməsi çox əzablı və alçaldıcıdır. Heç kim karikatura qəhrəmanına çevrilmək istəməz. Yazı tənqiddirsə, karikatura bir başa sillədir, üzünə tüpürməkdir. Bu təhqirə dözmək asan məsələ deyil. Hər hansı bir içtimai fiquru və ya cəmiyyəti karikatura ilə hirsləndirmək, qıcıqlandırmaq çox asandır.

- Sizin karikatura hədəfini seçmək siyasətiniz necədir? Bu təhlükə adətən kimləri gözləyir? Məşhurlar, dövlət xadimləri və başqaları nə etməlidir ki, sizin karikatura həvəsinizə tuş gəlməsin?

Karikaturanın müəllifi: Gündüz Ağayev
Karikaturanın müəllifi: Gündüz Ağayev

- Karikaturalarım əsasən ölkədə baş verən hadisələrlə bağlı olur. Bu işdə deyə bilərəm ki, bir qram da əziyyət çəkmirəm. Çünki gülməli mövzular o qədər boldur ki, bəzən çatdıra bilmirəm. Hətta elə hadisələr baş verir ki, o reallıqda daha məzəlidir, heç cür karikaturaya sığışmır.

Karikaturanın müəllifi: Gündüz Ağayev
Karikaturanın müəllifi: Gündüz Ağayev

Hərdən iki ay və ya bir il əvvəlki mövzulara üz tuturam. Buna baxmayaraq, yenə də maraq doğurur, paylaşılır. Bundan belə nəticəyə gəlmək olar ki, cəmiyyətimizin karikaturaya ehtiyacı var. Sanki onların fikirləşdiyini sən açıq şəkildə, yumorla deyirsən və onlar özlərini tək hiss etmirlər. Karikatura həm də cəmiyyətə mübarizlik, güc verir.

Qaldı ki mənim karikaturama tuş gəlmək istəməyən adamlara, qoyduğum şərtlər onlara baha başa gələr. Şərtlərim çox ağırdır. Və anlayıram ki, mənim karikatura qəhrəmanlarım bu şərtlərin öhdəsindən heç bir zaman gələ bilməyəcəklər. Mənim isə onları utandırmaqdan başqa çarəm qalmır. Vəziyyət belədir.

- Heç elə olub ki, hansısa varlı adam, ya bir məşhur insan sizə təklif eləsin ki, filankəsdən zəhləm gedir, onun karikaturasın çək, hörmətini edərəm?

- Bəli, olub. İşlədiyim müəssisədə məndən karikatura çəkməyimi istədilər. Amma mövzu məni qane etmədi. Mövqeyim ilə üst-üstə gəlmirdi. Mən sifarişdən imtina etdim. Bir neçə dəfə belə hallar olub. Bəzi saytların sifarişlərini yerinə yetirməmişəm. Elə də olub ki, mənim çəkdiyim karikatura saytda senzuraya məruz qalıb və mənimlə işbirliyindən imtina ediblər. Bunu asanlıqla həzm edib oradan uzaqlaşmışam.

- Bəzi karikaturalarınız var ki, Maral Tahirqızı, İlhamə Quliyeva, Qənirə Paşayeva kimi insanlara olduqca açıq eyhamlar vurulur. Bu səbəbdən həmin insanlardan reaksiya görmüsünüz? Ümumiyyətlə, qadınlar daha çox karikaturaya həssas olur, yoxsa kişilər?

Karikaturanın müəllifi: Gündüz Ağayev
Karikaturanın müəllifi: Gündüz Ağayev

- Maral Tahirqızını karikaturamda çəkməmişəm. Qalanlarını isə bir-neçə mövzularda işləmişəm. Onlardan da reaksiya olmayıb. Düşünürəm ki, kişilər daha çox karikaturaya həssas olurlar. Bunun bariz nümunəsi Tağı Əhmədovun 28 may metrosunda Zəhər Tuluğu ilə sürüşən karikaturama reaksiyasıdır.

Karikaturanın müəllifi: Gündüz Ağayev
Karikaturanın müəllifi: Gündüz Ağayev

- Parisdə Karikaturaçıların öldürülməsi ilə bağlı məlum hadisə sizə necə təsir etdi? O hadisədən sonra sizdə özünüsenzura yaranılbmı? Ümumiyyətlə, təhdidlər, hədələmələr tez-tezmi olur?

- Parisdə baş verən hadisə bir daha dünya karikaturistlərini terror mövzusuna diqqət ayırmağa səslədi. Xeyli müzakirələr oldu. Yazılar yazıldı. Karikaturalar çəkildi. Bir çox insanların maskaları yırtıldı, terrora qarşı mənfi münasibətlərinin qeyri-səmimiliyinin üstü açıldı. Guya milyonlarla müsəlmanın inancını təhqir olunması bunlara toxunub.

Dini mövzulardan bir az ehtiyat edirəm. Çalışıram ki, qırmızı xətti keçməyim. Bəzi adamlar məni qınayır ki, nə üçün xalqımızın dininə sataşırsan, düşmən mövqedə dayanmısan, bəziləri lap erməniləri karikaturamda əks etdirməyimi istəyirlər. Hətta pul ilə sifariş verənlər də olub. Əlbəttə ki imtina etmişəm. Bu mənə aid mövzular deyil. O boyda Rəssamlar İttifaqında Karikaturaçılar Birliyi var. Gedin, deyin, onlar işləsin. Belə mövzular onlar üçündür.

- Növbəti karikatura hədəfiniz kimdir? Bir anons verə bilərsiniz?

Tam olaraq mövzunu açıqlamaq istəmirəm. Qoy surpriz olsun. Bu dəfəki hədəf Mirzə Fətəli Axundov və Hüseyn Cavid haqqında çəkilən biabırçı filmlər olacaq. Bu mövzu beynimdə çoxdandır ki, ilişib qalıb. Görək nə alınır.

Sohbətləşdi: Günel M.

XS
SM
MD
LG