Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:13

Günel Mövlud. Göyərçin kimi ağappaq


Günel Mövlud
Günel Mövlud

-

Bir azdan deyəcəklər uşağınızı evləndirmək üçün icra hakimiyyəti xeyir-dua verməlidir, sonra deyəcəklər kapron corablar geyinə bilməzsiniz.

Sonra paltarların rənglərini özləri seçəcəklər, sonra uzun-qısalığını, sonra gündə neçə dəfə çay içməyinizi, sonra hansı marketlərdən alış-veriş etməyinizi müəyyən edəcəklər...

Günel Mövlud

SİZƏ QOYULAN QADAĞALAR


Markesin «Yüz ilin tənhalığı» romanında bir yer var.

Şəhər rəhbərliyi evini ağ rəngə boyamış Xose Arkadio Buendiyaya xəbərdarlıq edir ki, onun da evi Makondoda hamının evi kimi mavi rəngdə olmalıdır.

Amma münasibətlər nə qədər gərginləşsə də, axırda qələbə ev sahibinin olur. O deyir: «Kim evini nə rəngə istəyir, boyasın. Amma mənim evim göyərçin kimi, ağappaq olacaq!»

Son zamanlar Azərbaycanda qadağalar müntəzəm hal alıb. Ehsan qadağan olunur, siqaret qadağan olunur, bəzi adlar qadağan olunur, maşın nömrələri qadağan olunur. Bəzən elə xırda, elə mənasız şeylər qadağan olunur ki, adama elə gəlir, dövlətin qadağalarla məşğul olan bir qurumu var, orda hamı bekarçılıqdan əsnəyir, çaydan-filandan içir, bir az bilgisayarda oyun oynayır, sonra da deyirlər ki, yaxşı deyil, axı biz də iş görməliyik, gəlin, bir şey tapaq və onu qadağan edək.

Əlbəttə, siz deyə bilərsiniz ki, bəlli yerlərdə siqaret çəkilməsinin, ya da yaslarda israfçılığın qadağan olunmasında, uşaqlara təhqiramiz adlar qoyulmasının qarşısının alınmasında pis olan nə var? Haqlı sualdır. Amma doğrudanmı siz o qədər sadəlövh insanlarsınız ki, hakimiyyətin bu qadağalarla sizin qayğınıza qaldığını düşünürsünüz? Doğrudan buna inanırsınız?

Vətəndaşlarının qayğısına qalan ölkə rəhbərliyi onu kreditlər içində boğarmı? Öz vətəndaşlarına saxta dərmanlar satdırıb, lazımsız əməliyyatlara salıb, səhhətini şikəst günə qoyarmı? Təqaüdçülərini acından öldürərmi? Orduda əsgərlərinin yaşadığı dözülməz şəraitə, zabitlərin özbaşınalığına, oğurluğa göz yumarmı? Ölkəsində azad sözü boğarmı, jurnalistləri, fəalları həbsxanalara doldurarmı? Kitaba düşmən kəsilər, təhsili bərbad günə qoyar, savadsız, kobud, alverçi xislətli müəllimləri məktəblərdə saxlayarmı?

Yox, əlbəttə yox. Hakimiyyətin qadağa siyasətində sizin qayğınıza qalmağın izi-tozu da yoxdur. Qadağalar sadəcə lazımdır. Hətta qoyulan qadağanın hakimiyyətə heç bir xeyri olmasa da lazımdır. Qadağalar olmalıdır. Olmalıdır ki, siz bu qadağalara öyrəşəsiniz. Ən sadə, ən xırda, əhəmiyyətsiz kimi görünən qadağalar sizi təəccübləndirməsin. Qadağalar həyatınızın bir parçasına çevrilsin. Siz ən xırda hərəkətdə, addımda belə hakimiyyətdən, rəhbərlərdən asılı olmağa öyrəşəsiniz.

İndi adlar, ehsan, maşın nömrələri gəlir, bir azdan deyəcəklər uşağınızı evləndirmək üçün icra hakimiyyəti xeyir-dua verməlidir, sonra deyəcəklər kapron corablar geyinə bilməzsiniz, sonra paltarların rənglərini özləri seçəcəklər, sonra uzun-qısalığını, sonra gündə neçə dəfə çay içməyinizi, sonra hansı marketlərdən alış-veriş etməyinizi müəyyən edəcəklər. Sonra hər birinizin evindən rəhbərin gülümsəyən şəkillərini asdıracaqlar, sonra hər səhər-axşam bu portretlərə təzim edəcəksiniz, daha sonra evinizdə xüsusi televizor quraşdıracaqlar və deyəcəklər onu söndürmək olmaz.

Yəqin ki, təəccüblənmirsiniz. Siz hələ indidən, bəri başdan nə olursa olsun, necə olursa olsun, bütün qadağalarla razılaşmısınız.

Sizə vacib olanlar isə hələ ki, varınızdı. Çörəyiniz, «düşmən»iniz və müğənniləriniz. Yeməyinizi yeyib, müğənnilərinizə baxıb, «düşmən»ə nifrət edirsiniz və bunlar sizin üçün hər şeyi əvəz edir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG