Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:40

İki rus aktyoru “İslam dövləti” yaraqlılarına qoşulub


Vadim Dorofeyev, 2010
Vadim Dorofeyev, 2010

-

Son bir neçə gündə sosial mediada və bir sıra rus qəzetlərində aktyor Vadim Dorofeyev-in Suriyadakı döyüşlərdə ölməsi xəbəri yayılıb.

Məlumata görə, Dorofeyev İslamı ötən ilin yanvarında qəbul edib. Daha sonra arvadı və iki körpə uşağını Rusiyada qoyaraq Suriyaya yollanıb. Orada “İslam dövləti” yaraqlılarına qoşulub.

Dorofeyev indiyəcən bir neçə rus filmində çəkilib. O cümlədən 2010-cu ildə ekranlara çıxan “Yakuzanın qızı heç vaxt ağlamır” komediyasında. Film yaponiyalı Yakuzanın 10 yaşlı qızının Rusiyada itməsi haqdadır.

2014-cü ildə isə aktyor “Balabol” adlı teleseriala çəkilib.

İKİ DOST

Dorofeyevin İslamı aktyor dostu Leonid Telezhinsky ilə birlikdə qəbul etdiyi bildirilir.

“Komsomolskaya Pravda” xəbər verir ki, Dorofeyev-in 24 yaşlı həyat yoldaşı Yelena son aylarda dövlət orqanlarına müraciət edərək ərinin “pis adamlara qoşularaq Suriyaya getdiyini” bildirib.

"İslam dövləti" bayrağı
"İslam dövləti" bayrağı

Bundan başqa o, televiziyalara da kömək üçün müraciət edib:

“Mən bu məktubu sizə ümidsiz vəziyyətdə yazıram… Belə bir şeyin baş verəcəyini təsəvvürümə də gətirməzdim… İslamı qəbul edəndən sonra ərim və onun dostu Leonid Telezhinsky mənə də təzyiq etdilər. Məni inandırmağa çalışırdılar ki, İslamı qəbul etməyim vacibdir. İstəyirdilər ki, uşaqlarımı da götürüb onlarla birlikdə Suriyaya gedim. Onun məqsədi Allah uğrunda savaş idi… İndi anlayıram ki, onu təbliğatla zombiyə çevirmişdilər”.

BİR CÜMLƏLİK MESAJ...

Yelena deyir ki, ötən il sentyabrın 16-da Dorofeyev ona mesaj yazıb ki, “dostları ilə bir yerdədir”. Sonra deyib ki, telefonuna zəng çətinliklə çatır. Ertəsi gün isə ona mesaj göndərilib ki, Dorofeyev “Suriyaya gedib, əgər Allah-təala məsləhət bilsə, gedişi əbədi olacaq”.

Yelena deyir ki, ərinin ölməsi xəbərini ötən il dekabrın 20-də alıb.

Dorofeyev-in fanatları isə onun VKontakte sosial şəbəkəsindəki səhifəsinə şərhlər yazmaqdadırlar.

"Mən Suriyaya gedib cihadçılara qoşulmaq kimi axmaq və sadəlövh hərəkəti ağlıma da gətirməzdim. Vadim özünə inamsız insan idi və yəqin kiməsə nəyisə sübut etməyə çalışıb” – deyə fanatlardan biri yazıb.

Tair Sadixov adlı şəxs isə yazıb ki, “İslam dövləti”nin tapındığı “vəhhabilik” əsl İslam deyil. Və onlar İslamın, sünnilik məzhəbinin adından sui-istifadə edirlər.

“Islam dövləti”nə simpatiyası olduğu hiss edilən başqa bir fanat isə yazıb ki, “Dorofeyev ölməyib, şəhid olub. Və əslində yaşayır”.

XS
SM
MD
LG