Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:18

Ukrayna səfiri AŞ PA-da Rusiyaya dəstəyə görə Bakını tənqid edir


Azerbaijan -- The flags of Ukraine and Azerbaijan, undated
Azerbaijan -- The flags of Ukraine and Azerbaijan, undated

.


Fevralın 3-də “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Maydandan Maydana” kitabının təqdimatı olub. Tədbirdə iştirak edən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mishenko çıxış edib. O, Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Rusiyanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı səsvermədə qərarın əleyhinə çıxmasına etirazını bildirib.

“Azadlıq” qəzeti yazır ki, bu zaman ciddi qalmaqal yaranıb:

“Ukraynalı səfir Azərbaycanın tutduğu mövqeyin düzgün olmadığını deyib və "Putin kimi hərbi xuntanı dəstəkləməkdə" ittiham edib.

Bu isə toplantıda qalmaqal yaradıb. İştirakçılardan bəziləri səfirin dediklərini narazılıqla qarşılayıblar”.

Ancaq Elxan Şahinoğlu AzadlıqRadiosuna deyib ki, tədbirdə qalmaqal yaşanmayıb, sadəcə sərt fikir mübadiləsi olub:

“Təhqir səslənmədi, qalmaqal olmadı, bunu sərt polemika adlandırmaq olar. Səfir Azərbaycan nümayəndə heyətinin addımından çox narazı idi. Ola bilsin qeyri-diplomatik ifadələr işlətdi. O özü də bunu etiraf etdi. Tədbirə gələn ekspertlərdən Azərbaycanın mövqeyini müdafiə edən də oldu, bitərəf qalan da.

Səfiri narahat edən odur ki, niyə nümayəndə heyəti yekdilliklə bu qərarın əleyhinə səs verib? Axı bitərəf qalanlar da ola bilərdi. Bu məqamda mən də onunla razıyam. Səfir həm də onu dedi ki, ikili standartlardan şikayətlənən Bakı özü ikili standart aparır...”

Ukraynanın Bakıdakı səfiri Aleksandr Mishenko
Ukraynanın Bakıdakı səfiri Aleksandr Mishenko

“Minval.az” səfirin çıxışından bəzi məqmaları verib:

“Azərbaycan Ermənistanla birgə AŞPA-da Ruisyanın lehinə səs verdi. Niyə? İşə bax ki Ermənistan bitərəf qaldı, bununla daha yumşaq davranmış oldu. Azərbaycan yenə ikili standartlardan narazıdır. Doğrudur. Təcavüzlə üzləşən ölkəni qırağa itələyib, təcavüzkarla razılaşmaq olmaz. Təcavüzkar xoşbəxtdir, məmnundur.

Ədalət Azərbaycan tərəfdədir, amma Ukraynanın mətləbə nə dəxli? Sizin deputatlarla danışanda soruşuram, Ukraynanın bu işlərə nə qarışacağı var? Belədisə, gəlin AŞPA-nın gələn sesisyasında biz də Azərbaycan əleyhinə səs verək. Siz yenə bizi dəstəkləməyəcəksiniz. Bəs sonra? Bu yol deyil.

Mən hər zaman ölkələrimizin gücünü birləşdirməyi təklif etmişəm. Bəli, Ukrayna, Azərbaycan probleminə yetərincə diqqət ayırmayıb....

Mənə deyirlər ki, Ukraynanın ərazi bütövlüyü haqda qətnamə olsaydı rəsmi Bakı mütləq Kiyevi dəstəkləyərdi. Cürbəcür nağıllar danışırlar, danışıqlar üçün əlyeri qalmalı olduğunu deyirlər. Biz demirik ki, gəlin, Qarabağ ətrafındakı 7 rayonu unudaq”.

Səməd Seyidov
Səməd Seyidov

Səfir həmçinin deyib ki, yerli KİV-ə Putinin işğalçı siyasəti haqda yumşaq yazmaq barədə göstəriş verilib:

“Mən çıxıb deməliyəm ki, Bakıda mənə senzura qoyublar? Hansısa univeristetə gedəndə mənə deyirlər ki, Rusiya haqqında danışma. Ölkəsi işğal olunan Ukrayna səfiri nədən danışmalıdır bəs?”

Yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil edən deputatlar Rusiyanın bu qurumda səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qərarın əleyhinə səs vermişdilər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Moskvaya dəstək qərarını "Bugünki Avropa Şurası məhz Rusiya bu beynəlxalq təşkilatın üzvü olduğu üçün mövcuddur. Rusiyanı təcrid etmək cəhdləri böyük ziyan vuracaq və bəlkə də bu beynəlxalq təşkilata son qoyacaq. Ona görə də bu cəhdlər əvvəldən iflasa məhkumdur" - kimi fikirlərlə izah edib.

XS
SM
MD
LG