Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:37

Quma dini təhsil dalınca gedən 2 gənc ağır casusluq ittihamları ilə üzləşib


Arxiv fotosu
Arxiv fotosu

-

Azərbaycan məhkəməsi ETTELAAT-la əməkdaşlıq ittihamı ilə iki gənci cəzalandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Faiq Qurbanovla Seymur Rzazadəni mühakimə edib. Lənkəran sakinləri olan hər iki gənc İran xüsusi xidmət orqanlarına casusluqda ittiham olunurdular. Məhkəmə fevralın 5-də Faiq Qurbanova 14, Seymur Rzazadəyə 13 illik həbs cəzası kəsib.

İttiham aktına görə, gənclər ETTELAAT-la əməkdaşlığa cəlb olunublar.

“Əlmehdi” mədrəsəsinə belə qəbul olurlar...

İstintaqın qənaətinə görə, 12 il əvvəl Faiq Qurbanov ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə tanış olub. Ona İranın Qum şəhərində fəaliyyət göstərən “İmam Xomeyni” mədrəsəsində təhsil alan azərbaycanlı tələbələrin istifadə etdikləri mobil telefon nömrələri, onların Azərbaycanda olduqları müddətdə MTN-in rayon şöbələrinə çağırılmaları, mədrəsədə təhsil alan şəxslər barədə məlumat toplamaq tapşırığı verilib:

"2008-ci ildə ETTELAAT-ın Miri ləqəbli başqa əməkdaşı ilə də tanış olub. O, mədrəsədə təhsil alan tələbələr və müəllimlər barədə Mirini məlumatlandırıb. Miri ona əsasən Lerik, Astara və Lənkəran rayonlarından olan gəncləri ETTELAAT-la məxfi əməkdaşlığa cəlb olunmaları üçün dini təhsil adı altında İrana gətirmək barədə tapşırıqlar verib.

Faiq Qurbanov Lerik rayonundan olan Araz Hüseynova İranda dini təhsil almağı təklif edib. Araz Hüseynov razılaşandan sonra Faiq Qasımov Seymur Rzazadə ilə telefon əlaqəsi saxlayaraq Arazı İrana aparmağı tapşırıb. Seymur Rzazadə Arazı Qum şəhərində “Camiətül Mustafa” dini Mərkəzinin inzibati binasında əvvəlcə ETTELAAT-ın İzzət adlı əməkdaşıyla, sonra Qəffari adlı əməkdaşla görüşdürüb. Faiq Qurbanovun Arazla bağlı farsca yazdığı zəmanət məktubunu həmin şəxslərə təqdim edib."

Bundan sonra Arazın “Camiətül Mustafa” dini mərkəzinin nəzdindəki “Əlmehdi” mədrəsəsinə qəbul olunduğu bildirilib.

“Allah ordusuna əsgər seçilirəm”

İstintaq sənədlərinə görə, digər təqsirləndirilən şəxs Seymur Rzazadə ETTELAAT-ın əməkdaşı Qəffari tərəfindən 12 il əvvəl məxfi əməkdaşlığa cəlb edilib. “Mən Rzazadə Seymur Şahəddin oğlu Allah ordusuna əsgər seçilirəm” məzmunlu iltizam verdikdən sonra Qəffaridən Lənkərandakı möminlərin vəziyyəti ilə maraqlanmaq tapşırığı alıb.

"Lənkəran dindarları ilə İran kəşfiyyatçısı arasında məlumat mübadiləsini həyata keçirib. İstintaq sənədlərinə görə, Seymur Rzazadə Lənkəranın polis rəisi, sərhəd qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsi, Sumqayıtdakı hərbi hava qüvvələri və orada olan hərbi texnika-helikopter və təyyarələrinin sayı, Şeyxülislam Allahşükür Paşazadənin cənub bölgəsinə səfərləri, Türkiyənin Lənkərandakı fəxri konsulluğu, Hərbi Hava Qüvvələrinin Sumqayıt yaxınlığında yerləşən hissələri və oradakı hərbi texnikalar haqda məlumatlar toplayaq Qaffariyə ötürüb.

Bundan başqa, ona Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin “Alfa” qrupunun rəhbəri barədə məlumatlar toplamaq tapşırılıb. Təqsirləndirilən şəxs əldə etdiyi məlumatları 1 il əvvəl Tehranda olarkən ETTELAAT-ın əməkdaşlarına verib."

Hər iki gənc bu ittihamlarla dövlətə xəyanətdə təqsirləndiriliblər. Amma onlar 3 ay davam edən məhkəmə zamanı özlərini təqsirsiz biliblər və Qum şəhərinə yalnız dini təhsil dalınca getdiklərini deyiblər.

Məhkəmə bir sıra sənədləri elan edərkən məlum olub ki, gənclər Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən uzun müddət izləndikdən sonra saxlanıblar.

Hər iki gəncin yaxınları bildirib ki, məhkəmə hökmündən apellyasiya şikayəti verəcəklər.

XS
SM
MD
LG