Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:28

İmişlidəki Şəhidlər Xiyabanı ətrafında nə baş verir?


Həbs olunan Saleh Qafqarlı
Həbs olunan Saleh Qafqarlı

-

İmişli rayonundakı Şəhidlər Xiyabanında tikinti işlərinin aparılması ilə bağlı avropa.info internet portalının yaydığı xəbər rezonansa səbəb olub. Məlumat bir çox yerli kütləvi informasiya vasitələrində təkrar dərc edilib, sosial şəbəkələrdə paylaşılıb. Xəbəri hazırlayan sayt əməkdaşı Saleh Qafqarlının həbsindən sonra jurnalisti İmişli rayon İcra Hakimiyyəti başçısının cəzalandırması ilə bağlı iddialar səslənir.

İCRA HAKİMİYYƏTİ İDDİALARI RƏDD EDİR

İmişli rayon İcra Hakimiyyətindən bizə bildirildi ki, Saleh Qafarlının həbsi onun peşə fəaliyyəti ilə bağlı deyil:

«İcra Hakimiyyəti və onun başçısı tərəfindən Saleh Qafarlı ilə bağlı polis və məhkəmə orqanlarına müraciət olunmayıb. Bizdə onun həbsi ilə bağlı səhih məlumat yoxdur. Görünür, harada nəsə edib, hüquq-mühafizə orqanları da onu cəzalandırıb».

İcra Hakimiyyətinin sözçüsü həmçinin bildirdi ki, İmişlidəki Şəhidlər Xiyabanının ərazisindən heç bir hüquqi və ya fiziki şəxsin mülkiyyətinə torpaq sahəsi verilməyib:

«Orada yerli əhalinin ümumi istifadəsində olacaq «Mərasim evi» tikilir. Bu işi isə Yalavac bələdiyyəsi görür».​

İmişlidə Şəhidlər Xiyabanı
İmişlidə Şəhidlər Xiyabanı

BƏLƏDİYYƏ SƏDRİ İCRA HAKİMİYYƏTİNİ TƏKZİB EDİR

Yalavac bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov isə tikinti işlərini onların aparmadığını deyir:

«Biz Şəhidlər Xiyabanına və qəbiristanlığa nəzarət edirik. «Mərasim evi» ilə bağlı təşəbbüs kənd camaatının ümumi yığıncağında qaldırılıb. Amma obyektin tikintisi üçün torpaq sahəsi verilməsinə dair yerli özünüidarə orqanının qərarı olmayıb. Biz heç belə bir qərar qəbul etmək səlahiyyətində də deyilik. «Mərasim evi»nin xərcini imkanlı bir şəxs öz üzərinə götürüb».

XİYABANDAKI ƏVVƏLKİ TİKİNTİYƏ DƏ ETİRAZ HƏBSLƏ NƏTİCƏLƏNMİŞDİ

İstefada olan polkovnik, hərbi həkim Habil Şirinov bildirir ki, 2008-ci ildə İmişlidəki Şəhidlər Xiyabanı ərazisinin bir hissəsi inzibati binaların tikintisinə veriləndə, aylarla buna etiraz edib:

Habil Şirinov
Habil Şirinov

«Davamlı aksiyalardan və mətbuatdakı çıxışlarımdan sonra məni də qurama ittihamla həbs etdilər. İndi mətbuatda yazılan xəbərlərdən oxuyuram ki, bu dəfə Xiyabanın arxa hissəsində boş qalan torpaq sahəsini tikinti üçün verirlər. Heç kəs «Mərasim evi» tikilməsi əleyhinə deyil. Amma niyə hamı tərəfindən «toxunulmaz yer» kimi qəbul edilməli olan Şəhidlər Xiyabanın ərazisini tuturlar? Bunu başa düşmək olmur. Orada 54 şəhid uyuyur. Onların məzarı yanında ehsan süfrəsi açarlarmı? Kimin boğazından tikə keçər?!».

Fevralın 19-da İmişli rayon Məhkəməsi Şəhidlər Xiyabanı ilə bağlı məlumatları ilk olaraq mətbuatda və sosial şəbəkələrdə yayan Saleh Qafarlı barəsində 15 sutkalıq inzibati həbs qərarı çıxarıb. O, İnzibati Xətalar Məcəlləsinin 296-cı («avtoxuliqanlıq») maddəsi ilə təqsirləndirilir.

XS
SM
MD
LG