Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:43

«Üç gündür çörək yemirəm ki, Güneli niyə bədbəxt edirlər...»- [video]


Ədilə Səlimova
Ədilə Səlimova

-

«Polis dedi ki, şikayətçi olmasan, məsuliyyət daşıyacaqsan».

Cəmil Həsənlinin qızı Günel Həsənli barəsində çıxarılmış məhkəmə hökmü üzrə zərərçəkmiş qismində tanınan 87 yaşlı Ədilə Səlimova Meydan TV-yə belə deyib.

Ədilə Səlimova Günel Həsənlidən şikayətçi olmaq istəmədiyini bildirib: «Polis İdarəsində mənə dedilər ki, şikayətçi olacaqsan. Mən də dedim ki, heç bir yerim əzilməyib. Şükür Allaha, ayağımla çıxmışam bura, ayağımla düşmüşəm. Polis dedi, şikayətçi olmasan, məsuliyyət daşıyacaqsan».

Ədilə Səlimova hadisə baş verən gün məscidə, ona kömək edəcəyinə söz verən şəxsin yanına gedibmiş: «Yolda da təzyiqim qalxdı, yerə yıxıldım. O da (Günel Həsənlini nəzərdə tutur) yolu keçəndə bir balaca toxundu mənə. Deyim sənə ki, vurdu öldürdü, yox, olsaydı ölərdim də... Yenə də mənə köməklik elədi. Maşına qoydu, apardı, məni rentgenə saldılar. Heç yerdə nə əzintim var, nə çıxığım...».

Hadisə günü həkim Ədilə Səlimovanın ayaqlarını iki dəfə rentgen edib və heç bir sınıq, əzinti aşkar olunmadığını bildirib. Amma hadisədən 12 gün sonra ekspertiza keçirilib. «Ekspertizada dedilər ki, «yalan danışma, gizlədirsən, biz səndən şikayət edərik». Dedim, bax, burada nə var oğlum, məndən şikayət edirsən?! Mən ölməmişəm, yaralanmamışam, bir belə qan tökülməyib məndən, niyə şikayət edə bilərsiniz məndən?!», - Ədilə Səlimova bildirir.

Ədilə xanım Yasamal rayon Məhkəməsinin hökmünü eşidəndən sonra gecələr yata bilmədiyini deyir. O, məhkəmənin Günel Həsənliyə 1 il 6 ay məntəqə tipli cəza verəcəyini gözləmirmiş: «Üç gündür mən çörək yemirəm ki, axı bu qızı niyə bədbəxt edirlər heç nəyin üstündə».

İLHAM ƏLİYEV KOMPENSASİYADAN DANIŞMALIYMIŞ

«Azadlıq» qəzeti sual edir: «Əliyev böhran məsuliyyətini üzərindən niyə atır?».

Qəzet yazır ki, uzun illərin inkişaf vədindən sonra ölkədə böhran yaşanmaqdadır: «Manatın 35 faiz ucuzlaşması, bütün sahələrdəki qiymət artımı, ixtisarların sürətləndirilməsi, iş yerlərinin ləğvi ölkə vətəndaşını çətin duruma saldı. Ən dəhşətlisi isə budur ki, hakimiyyət vətəndaşı aldatdı və «inkişaf xonçası»ndan səfalət çıxdı».

İlham Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub - 24 fevral 2015
İlham Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub - 24 fevral 2015

«Azadlıq» bu gün ölkə vətəndaşının narahatlığından da yazır: «İri ticarət mərkəzlərinin hamısında qiymətlər qaldırılıb. Topdansatış anbarları məhsulla dolu olsa da, mağazalara mal verilmir. Sahibkarlara əlavə vergilər tətbiq edilir. Heç kimə sirr deyil ki, bu ölkədə iri ticarət mərkəzləri də, topdansatış anbarları da, ölkəyə gətirilən mallar da iri məmurların nəzarətindədir. Yəni banandan tutmuş kartofa qədər məmur monopoliyasındadır. O da sirr deyil ki, Ilham Əliyev baş verənlərdən xəbərdardır və yumurtanın qiymətini də bilir. Deməli, son 3-4 gündə müşahidə olunan kəskin bahalaşma və bu bahalaşmanın səbəbləri prezidentə məlumdur. Bahalaşmanı hakimiyyət kürsüsündə oturanlar həyata keçirirsə, İlham Əliyev natəmiz, möhtəkir deyərkən kimi nəzərdə tutur?».

«Azadlıq» hesab edir ki, İlham Əliyev əhaliyə dəyən ziyanını kompensasiyası haqqında da danışmalıydı: «2-5 milyon vətəndaş kredit borcu ödəyir və borcun miqdarı 20 milyarda yaxındır. Üstəlik, banklarəmanətçilərə 9-10 faiz gəlir vəd edirdi ki, indiki vəziyyətdə bu da özünü təsdiqləmir. Gərək vətəndaş uzun illər gözləyə ki, bu gəlirdən faydalana bilsin. Bunu ona görə qeyd edirik ki, ölkədəki banklar hakim ailənin və nazirlərin himayəsindədir. Prezidentin bu məqama toxunmaması o deməkdir ki, heç bir halda hökumət itirmək istəmir və bütün zərər vətəndaşın dalına yüklənir».

FƏZAİL AĞAMALI: «ELNƏN GƏLƏN TOY-BAYRAM OLMALIDIR»

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı «Yeni Müsavat»a prezident çıxışını kifayət qədər nikbin notlar üzərində qurduğunu bildirib:

Fəzail Ağamalı
Fəzail Ağamalı

«Xüsusi olaraq qeyd etdi ki, dövlətin, hökumətin bu gün başlıca qarşısında duran vəzifə əhalinin təhlükəsizliyini və sosial rifahını qorumaq, onu möhkəmləndirməkdir. Bu, kifayət qədər ciddi bir mesaj idi. Həm də hər kəsə məlum oldu ki, yaranmış situasiya Azərbaycan hökumətinin iradəsindən asılı olmayan amillərlə bağlıdır. Bu, dünyada, eyni zamanda MDB məkanında gedən proseslərlə birbaşa bağlıdır. Cənab prezident də bunu ifadə etdi ki, baş verən hadisələrin Azərbaycana bu və ya digər şəkildə təsiri var».

AVP sədri «elnən gələn bəla toy-bayram kimi qəbul olunmalıdır» misalını xatırladıb: «Mən demirəm ki, bu vəziyyəti toy-bayram kimi qəbul edək, sadəcə olaraq, bu hadisələrə təmkinli, səbirli yanaşaq. Ümid edirəm ki, ölkəmizdə ən çətin məqamlarda çıxış yollarını tapan iqtidar, prezident indiki situasiyada proseslərə tam nəzarət edir. İnanıram ki, yaranmış vəziyyət əhalinin durumuna o qədər də ciddi təsir göstərməyəcək. Xalqımıza da yaranmış vəziyyətə görə obyektiv mövqe tutmalı, təmkinli və səbirli münasibət ifadə etməlidir. Düşünməlidirlər ki, hər zaman olduğu kimi, bu gün də ölkə prezidenti Azərbaycan xalqı ilə bərabərdir, ona göstərilən etimadı yüksək səviyyədə dəyərləndirərək bütövlükdə mahiyyət etibarilə Azərbaycan xalqı ilə bərabərdir».

İnsanların alıcılıq qabiliyyəti azalacaq.
İnsanların alıcılıq qabiliyyəti azalacaq.

«ƏHALİNİN İTKİLƏRİ KOMPENSASİYA OLUNMALIDIR»

«Bizim yol» yazır: «Əhalinin itkiləri kompensasiya olunmalıdır. Hökumət maaşları, pensiyaları və müavinətləri artırmasa, Azərbaycanda ciddi sosial gərginlik olacaq».

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev qəzetə deyib ki, 2015-ci ildə daxili tələbata yönəlmiş 90%-lik yerli istehsalat çökəcək: «Çünki gəlirlər indeksasiya edilmədiyi bir halda, təbii ki, insanların alıcılıq qabiliyyəti də azalacaq. Bunun qarşılığında daxili istehsalın özü belə ciddi problemlərlə üzləşəcək, hətta iflaslar cari il üçün gözləniləndir».

R.Atakişiyev yaranmış situasiyada gərginliyi aradan qaldırmaq üçün əhalinin gəlirlərinin indeksasiya edilməsinin mütləq olduğunu bildirdi: «Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqları, sosial müavinətlər artırılmalıdır, istehlak səbətinin dəyəri yenidən Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir, minimum əmək haqqı kimi göstəricilərin hər biri yenidən işlənməlidir. Özəl sektor isə məcburdur ki, işçilərin əməkhaqqını indeksasiya etsin. Əks halda, əmək məhsuldarlığı kifayət qədər aşağı düşəcək, sosial gərginlik insanların iş fəaliyyətinə təsir edəcək. Belə olan halda işadamlarının itirdikləri daha çoxdur, nəinki əmək haqlarını artırmadan öz itkilərini kompensasiya etmək cəhdi».

«İNSANLARI NECƏ QIRDILARSA... MEYİTLƏRİN SAYI-HESABI YOX İDİ...».

«Azərbaycan» qəzeti Xocalı sakini Bəxtiyar Aslanovla faciəni anır: «Xocalının süqutu Dağlıq Qarabağın işğalı üçün açar rolunu oynadı».

Təcili tibb maşınları Xocalıda qətlə yetirilənləri aparır - 1992
Təcili tibb maşınları Xocalıda qətlə yetirilənləri aparır - 1992

O danışır: «Bizim ovaxtkı rəhbərlərimiz başa düşə bilmirdilər ki, Xocalını verməklə digər rayonlardan da əllərini üzməliydilər. O vaxt Xocalının müdafiəsini gücləndirsəydilər, işğalına imkan verməsəydilər, Dağlıq Qarabağın və ətraf rayonların işğalından söhbət belə gedə bilməzdi. Xocalının getməsi, erməni qüvvələrinin birləşməsi, qarşılarındakı maneənin açılması və bizim ovaxtkı rəhbərliyin yarıtmaz siyasəti axırda belə bir nəticəyə gətirib çıxardı.

Xocalıya tam nizamlanmış sovet ordusu yeridilmişdi. Ermənilər sonradan orduya qoşuldu. Mən şəxsən 2-3 nəfəri avtomatla vurdum, güllə dəydi, bir az səndəllədi, sonra yenə ayağa durdu. Bildim ki, əyinlərində «bronejilet» var. Camaatı yığdıq Qarqar çayı istiqamətindəki meşəyə. Ermənilər deyirdilər ki, biz sizə koridor vermişdik. Əksinə, koridor yox idi, bizi tələyə salmışdılar. Amma öz gücümüzlə həmin maneənin bir hissəsini vurub dağıtdıq, heç olmasa, camaatın bir qismini oradan çıxara bildik. Birtəhər Qarqar çayını keçdik. Əsgəran körpüsünə gəlib çıxdıq. Ermənilər burada da tələ qurmuşdular... Bir az irəliləmişdik ki, şumluğa çatanda atışma başladı. Milləti necə qırdılar burada!.. Həmin vaxt biz onların iki postunu yardıq. Yenidən iki BMP və BTR camaatın üstünə şığıdı. İnsanları necə qırdılarsa... Meyitlərin sayı-hesabı yox idi...».

XS
SM
MD
LG