Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:24

Bu xarici ölkəyə 80 min Azərbaycanlı turist səfər edib [fotolar]


-
«Gənclər buraya əylənməyə gəlir. QHT sektoru tədbirlərini keçirməyə gəlir. Sevgililər Bakıdakı kameralı otel qorxusundan bura sevişməyə gəlir»

Ötən il Azərbaycandan Gürcüstana 80 min adam gedib. Bunu Gürcüstanın Daxili İşlər Nazirliyi açıqlayıb. APA Gürcüstan Daxil İşlər Nazirliyinə istinadən xəbər verir ki, 2014-cü ildə Gürcüstanın dövlət sərhədini 5 milyon 500 minə yaxın adam keçib.

Gürcüstana səfər edənlərin sayına görə birinci yeri Türkiyə (81 min), ikinci yeri Azərbaycan (80 min), üçüncü yeri Ermənistan (69 min) tutub.
Elə ötən illərin də statistikasında Gürcüstana səfər edən azərbaycanlıların göstəricisi yüksək olur.
Niyə qonşu ölkə hələ də öz cəlbediciliyini saxlayır? Gürcüstanın nəyi azərbaycanlılara belə xoş gəlir ki, hətta 2-3 günlük istirahətlərini də bu ölkədə keçirməyə üstünlük verirlər?

NİYƏ QARA DƏNİZ, XƏZƏR YOX?

«İki il əvvəl Qara dəniz sahilində, Kobuletidə (Gürcüstanın kurort rayonu-red.) bir gürcü Bakıdan gəldiyimi biləndə təəccüblə məndən soruşdu ki, Xəzəri qoyub 1000 km-i niyə basa-basa bura gəlmişəm», - paytaxt banklarının birində çalışan Nailə Ağayeva AzadlıqRadiosuna deyir:

- Duruxdum, dəniz dənizdir, üstəlik, Xəzərin qumunun daha faydalı olduğunu bilirəm. Amma mən o gürcüyə necə başa salım ki, bizdə dəniz qırağında istirahət üçün milyonçu olmaq lazımdır? Baxın, Şıx çimərliyində giriş pulludur, Novxanı çimərliyinə isə pulsuz girirsən, amma çətir və stol üçün səndən elə məbləğ istəyirlər ki, qalırsan mat-məəttəl. Tutaq ki, sifariş edirəm, qutab yeyəcəm, dəxli yoxdur, stolun da pulunu ayrıca ödəməlisən. Buna görə də neçə ildir yayda gedirəm Kobuletiyə, ya Batumiyə, əsəb-filan olmadan istirahət edirəm, enerji yığıb gəlirəm.

XİDMƏT MƏDƏNİYYƏTİ, POLİS YOXLUĞU

Bakıda tikinti şirkətlərinin birində ayda 700 manat maaşa işləyən Namiq Heydərovun da gözü Gürcüstanı tutanlardandır: «Demək olar ki, son 3-4 ildə bütün tətillərimi Gürcüstanda keçirmişəm. Azərbaycanlıların çoxu Gürcüstana ucuzluq olduğu üçün getdiklərini deyirlər, ancaq məncə, burda başqa bir məqam da var. Məsələ ondadır ki, Gürcüstanda Azərbaycandakı kimi hər yerdə dövlət müdaxiləsi, polis nəzarəti görünmür. Misal üçün, Tbilisidə çox gur gecə həyatı var və sənə dəyib-dolaşan yoxdur. Bakıda gecələr şəhərdə gəzsən, mütləq polis səni saxlayacaq və sorğu-suala tutacaq».

Namiq Heydərovun sözlərinə görə, bundan başqa, Tbilisinin mərkəzi ilə kənarlarında elə də qiymət fərqi yoxdur: «Məsələn, Tbilisinin qədim hissəsi olan «Meydan» ətrafında otellərin qiyməti, şəhərkənarı ilə müqayisədə elə də böyük fərq etmir. Burdakı kafelərdə oturub çay içəndə, zorla ləbləbi, mürəbbə gətirmirlər. Yəni Bakıda bir xanımla gedirsən çay içməyə, sifariş etmədən stolun üstünü doldururlar. Bəlkə heç sənin cibində pul yoxdur? Gürcüstanda isə belə şeylər görməzsən, bir xidmət mədəniyyəti var».

VƏ QİYMƏT UCUZLUĞU...

Müsahibimiz deyir ki, Gürcüstandakı qiymətlər də orta təbəqə azərbaycanlıların cibinə uyğundur:

«Son vaxtlar qışda dağa gedib xizək sürməyə maraq artıb. Şahdağ, ya Tufandağa getmək, orda bir gün qalmaq, xizək kirayə etmək, yemək və digər şeylərin qiymətinə iki-uç gün Bakurianidə qalıb, əylənib, istirahət edib xizək sürmək olar. Orda olanda adam hər şeyi öz qiymətinə alır, heç kim nəyisə bəhanə edib malın, yaxud xidmətin dəyərindən artıq nə isə istəyə bilməz. Adam orda özünü güvəndə və rahat hiss edir».

BURA ONA GÖRƏ GƏLİRLƏR Kİ...

Günel Mövlud
Günel Mövlud

Bir müddətdir ailəsi ilə birgə Tbilisidə yaşamağı seçən yazar Günel Mövlud da öz müşahidələrini AzadlıqRadiosu ilə bölüşür: «Əsasən gənclər bura əylənməyə gəlir. QHT sektoru tədbirlərini keçirməyə gəlir. Sevgililər Bakıdakı kameralı otel qorxusundan bura sevişməyə gəlir. Yaradıcı adamlar Mirzə Cəlil, Axundov, Mirzə Şəfi kimi sələflərinin ruhunu hiss etməyə gəlir. Belə ümumilikdə götürəndə bütün azərbaycanlılar bura rahat nəfəs almağa gəlir. Bahalıqdan, təqibdən, nəzarətdən, gərginlikdən azad olmağa, özlərini insan kimi hiss etməyə gəlirlər. Tbilisi Bakı kimi meqapolisə çevrilməyib, beton şəhər olmayıb. Tbilisi özünün əsl şəhər ovqatını qoruyub, burda insanlar geyinir, üzləri gülür. Bir sözlə, Tbilisi Azərbaycan adlı həbsxanada yaşayan üçün nəfəslikdir».

İLLİK GƏLİR 100 MİN DOLLAR OLANA QƏDƏR...

Ancaq deyəsən Gürcüstan təkcə QHT-yə, gənclərə, sevgililərə, yaradıcı adamlara yaramır, biznes üçün də diqqət çəkir. Bu günlərdə yerli mətbuat Bakıda bir özəl tibb klinikasının rəhbərinin biznesini Tbilisiyə köçürdüyündən yazmışdı. Tural Qurbanlı Tbilisidə iş quran azərbaycanlılardan biridir. Gürcüstan paytaxtında Şərq üslubunda otel açan Tural deyir ki, biznes qurmaq baxımdan Gürcüstanla Azərbaycanın arasında fərq çox böyükdür:

Əgər siz tanımadığınız yerlərdə azıb qalsanız, polis öz maşını ilə sizi istədiyiniz yerə gətirir. Hətta bunu bilən azərbaycanlılar bəzən polisdən taksi kimi də istifadə edir

«Gürcüstan şirkət açmaq istəyən, iş qurmaq istəyən insanlar üçün olduqca əlverişlidir, elə yaşamaq üçün də Azərbaycanla müqayisədə əladır. Burda şirkəti bir gündə qeydiyyatdan keçirmək olur, illik gəlir 100 min dollar olana qədər dövlət gəlir vergisi almır».

Polislərin mədəni davranışı da azərbaycanlılar üçün cəlbedicidir.

«Əgər siz tanımadığınız yerlərdə azıb qalsanız, polis öz maşını ilə sizi istədiyiniz yerə gətirir. Hətta bunu bilən azərbaycanlılar bəzən polisdən taksi kimi də istifadə edir», - deyə Tural əlavə edir. Onun sözlərinə görə, hər hansı bir dövlət qurumunun rüşvətə meyl etməməyi biznesin inkişafına yardım göstərir.

XARİCİ VƏTƏNDAŞA VERGİ GÜZƏŞTLƏRİ

Tbilisidə gözəllik salonu açmış Zərintac Əliyeva deyir ki, biznesini quranda çətinlik çəkmir:

Natiq Cəfərli
Natiq Cəfərli

«Vergi ilə bağlı hər şey çox şəffafdır. Yəni dövlət əsl mənada bürokratik maneələrdən uzaqdır. Üstəlik, xarici vətəndaş olduğun üçün sənə güzəştlər edilir. Qiymətlər şişirdilmir və daimi gəlirin varsa, yaşamaq çox rahatdır”.

İqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli deyir ki, Gürcüstanı azərbaycanlılara cəlbedici edən bu amillərdir: «Qiymət fərqi, azadlıq hissi, əyləncə müxtəlifliyi».

Ekspert əlavə edir ki, turizmin inkişafı azərbaycanlı turistləri bu ölkəyə cəlb etdiyi kimi əlverişli biznes mühiti də diqqətdən qaçmır: «Gürcüstanda biznes qurmaq istəyən azərbaycanlıların sayı artır, çünki orda müəssisə qeydiyyatı bir neçə dəqiqə alır, vergi güzəştləri var, dövlətin müdaxiləsi yox səviyyəsindədir, korrupsiya və inhisarçılıq yoxdur, rəqabətli mühit var».​

XS
SM
MD
LG