Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:42

İş otağında güllələnmiş işadamının müəmmalı ölümü


Fizuli Qasımov
Fizuli Qasımov

-

«Yeni Müsavat» qəzeti kabinetində güllələnmiş vəziyyətdə tapılan işadamının ölümünü araşdırıb. Qəzetin 12 mart tarixli sayında yazılır ki, yaxınları biznesmen Fizuli Qasımovun intihar etdiyinə inanmır: «Deyirlər ki, F.Qasımovda silah olmayıb. Bu, şübhələrin heç də əsassız olmadığını söyləməyə əsas verir. F.Qasımovun tikinti obyektlərini əsasən sementlə təchiz etdiyi bildirilir. Qeyd edilir ki, onun tərəfdaşlarından biri ilə aralarında maliyyə məsələləri ilə bağlı ciddi mübahisə yaranıb. F.Qasımov tərəfdaşından yaranmış 500 min dollarlıq borcun qaytarılmasını tələb edib. Borcu ala bilməyəndə isə depressiyaya düşüb. Son günlər ciddi problemləri, daha konkret desək, bəzi biznes tərəfdaşları ilə pula görə mübahisələri yaranıbmış. Həmin tərəfdaşlarının F.Qasımova 500 min dollar borcu varmış. Mübahisə də buna görə yaranıbmış. Bu üzdən o, son vaxtlar dərin depressiyada imiş».

Qəzet xatırladır ki, işadamına məxsus obyekt iki il əvvəl onun əlindən alınıb: «F.Qasımovun rəhbərlik etdiyi «Goranboy Gips» ASC tikinti materialları bazarında xüsusi çəkisi olan müəssisə olub. Müəssisə 1992-ci ildə işə başlayıb, 2001-ci ildə II Özəlləşdirmə Proqramı zamanı özəlləşdirilib. 2006-cı ildə F.Qasımov qondarma ittihamla saxlanılıb, ASC-nin fəaliyyətdə olduğu ərazidəki gips karxanası iki mərhələdə F.Qasımovdan alınaraq «ZQAN Holdinq»ə (hazırda «Garant Holdinq» adlanır) daxil olan «Azbentonit» MMC-yə verilib. Müəssisənin 50 faiz səhmi təzyiqlə ondan alınaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan «ZQAN»a verilib. Bir müddət əvvəlsə ASC-ni Qasımovdan tam almaq üçün qarşı tərəf addımlar atmağa başlayıb.

Əli Həsənov
Əli Həsənov

Bundan sonra iş adamı ilə «Garant Holdinq» arasında məhkəmə çəkişməsi başlayıb», - qəzet yazır.

ƏLİ HƏSƏNOVUN «SABİTLİK RESEPTİ»

«Azadlıq» qəzetinin dərc etdiyi «Əli Həsənovun »sabitlik resepti»» başlıqlı yazıda Prezident Administrasiyasının şöbə müdiri, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun «Kaspi» qəzetinə müsahibəsindən danışılır. Müsahibəsində Əli Həsənov xalqın hakimiyyətdən razı olduğunu vurğulayıb.

«Azadlıq» yazır: «Doğurdan da xalq hakimiyyətdən narazı deyilsə, hakimiyyəti dəstəkləyirsə, bu qədər narahatlığın səbəbi nədir? Xalqın dəstəyindən əmin olan hakimiyyət saxta seçki keçirməyə, siyasi məhbusların sayını artırmağa, müstəqil medianı məhv etməyə, müstəqil QHT-ləri sıradan çıxarmağa ehtiyac duyardımı?

150 manatın girovuna çevrilmiş həkim, müəllim, təqaüdçü hakimiyyətdən necə razı ola bilər? 20 ildir sosial sığortasını ala bilməyən 13 min 500 şəhid ailəsinin hakimiyyətdən razı olması üçün əsas varmı? Kredit borcunu ödəyə bilməyənlərin intihar etməsi, professorların,işadamlarının, sadə vətəndaşların ölkəni tərk etməsihakimiyyətə etiraz deyilmi?».

POLİS MÜŞTƏRİLƏRƏ ESKORT XİDMƏTİ TƏKLİF EDƏNLƏRİ AXTARIR

lent.az saytı yazır ki, Daxili İşlər Nazirliyi internetdə qadın alveri ilə məşğul olan və müştərilərə lüks eskort xidmətləri təklif edən saytla bağlı araşdırma aparır.

Foto: Arxiv
Foto: Arxiv

Saytda müştərilərə yüksək təhsilli gənc qızların pul qarşılığında eskort xidmətləri sadalanır. Bildirilir ki, qızların qiyməti saatı 300 AZN-dən bir sutkası 1500 AZN-ə qədər dəyişir: «Bu, adi həyat tərzi sürən gənc xanımlardır. Onlar bəzən eskort-xidmətlər təklif edirlər, çünki zərif cənabların kampaniyasında olmaq maraqlıdır, onlar səyahət etməyi xoşlayır və istənilən ziyarətçinin həyatını bəzəyə bilərlər. Gənc xanımlar təhsillidirlər, onlardan bəziləri hələ də oxuyur, digərləri isə peşəkar model olaraq çalışırlar».

lent.az yazır ki, Kristina Novikova adlı şəxs tərəfindən qeydiyyatdan keçirilən sayt barədə mətbuatda məlumat yayılandan sonra onun fəaliyyəti dayandırılıb. Sayt qeydiyyata alınarkən verilmiş əlaqə nömrəsinin isə müəyyən edilmədiyi bəlli olub.

GƏNCƏDƏ 100 MİN QIZILGÜL KOLU

«Azərbaycan» qəzeti yazır ki, Gəncədəki Heydər Əliyev Park-Kompleksində minlərlə qızılgül kolunun əkilməsinə başlanıb: «İlk kolların əkilməsinə «Yaşıl marafon» ümumrespublika çərçivəsində İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın əkdiyi 53 mininci ağacın (Xan çinar) olduğu xiyabandan başlanılıb. Şəhər ictimaiyyəti nümayəndələri gün ərzində həmin əraziyə 5 min qızılgül kolu əkiblər. 60 hektar ərazini əhatə edən bu xiyabanın yeni görkəmi buraya istirahətə gələnlərə xoş anlar bəxş edəcək. Çünki Xan çinarla güllərin şahı qızılgülün vəhdəti ecazkar bir gözəllik yaradır».

Qəzet yazır ki, Gəncənin müxtəlif istiqamətlərində 100 mindən çox qızılgül kolunun əkilməsi nəzərdə tutulub.

XS
SM
MD
LG