Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:41

Hafiz Məmmədov: Ödəməli olduğumuz 14 milyon borc var


Hafiz Məmmədov
Hafiz Məmmədov

-

İş adamı, «Baghlan Group»un prezidenti Hafiz Məmmədov «Palmali» şirkətinin prezidenti Mübariz Mənsimovun ona borcu olması ilə bağlı bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamaya aydınlıq gətirib. İş adamı bu barədə «Qafqazinfo»ya açıqlama verib verib:

«18 MİLYON PUL ÖDƏMƏLİYDİM...»​

Hafiz Məmmədov deyib ki, onun Mübariz Mənsimovun ödəməli olduğu pulla bağlı verdiyi açıqlamaya qarşı tərəfdən adekvat reaksiya verilməyib. Onun sözlərinə görə, sentyabrda «Lans» klubunun bank qarantiyası üçün ödəməli olduğu pulun 4 milyonunu ödəyib:

Təsəvvür edin ki, mənim adamlarımı «Lans»dan daşla qovurlar. Görün, mən «Lans»ı nə vəziyyətə qoymuşam, bu durumdan özüm xəcalət çəkirəm...

- Hazırda vəziyyət elə həddə gəlib çatıb ki, durum çox kritikdir. Təsəvvür edin ki, mənim adamlarımı «Lans»dan daşla qovurlar. Görün, mən «Lans»ı nə vəziyyətə qoymuşam, bu durumdan özüm xəcalət çəkirəm. Mən ora 18 milyon pul ödəməli idim, bu pul əvvəlcədən klubun hesabına yatırılmalı idi. Dedim ki, əvvəlcədən pulu ödəmək mənasız olar, biz ödəmələri vaxtı-vaxtında həyata keçirərik. Halbuki, digər klublar vəsaitləri öncədən ödəyirlər. Fransa Futbol Federasiyası bizə güzəşt etdi, lakin vaxtında ödəyə bilmədik. Onlar hər gün bizə güzəştə gediblər. Bu gün bizim ödəməli olduğumuz 14 milyon borc var. Bu pulu ödəməməyin variantı yoxdur. Artıq son gündür, məbləğ ödənilməlidir. Açığı mən niyə bu vəziyyətə düşdüm, əslində ağılsız adam deyiləm. Mənə ümumiyyətlə, biznesdə «Sistem Hafiz» deyirlər. Çünki hər şeyi hesablayaraq görürəm. Məni pis vəziyyətdə qoydular. Kimlər ki, pullarını ödəməli idilər, ödəmədilər. Öz öhdəliklərini yerinə yetirmədilər. Söhbət konkret haqqında danışdığım adamlardan biri «Palmali» şirkətinin prezidenti Mübariz Mənsimovdan gedir.

Mübariz Mənsimov
Mübariz Mənsimov

TƏYYARƏNİN QİYMƏTİ 24 MİLYON İDİ...

H.Məmmədov açıqlamasında bildirib ki, Mübariz Mənsimovdan təyyarə almalı idi və bunun üçün əvvəlcədən 8 milyon ödəyib:

«Daha doğrusu, mən təyyarə istəyirdim, o da satırdı. Bunun üçün 2009-cü ildə onlara 8 milyon pul ödədim. Təyyarənin qiyməti 24 milyon idi, söhbət avrodan gedir. Mən yerdə qalan 16 milyonla Mübariz Mənsimovun İsveçrə bankındakı borcunu bağlamalı idim. Bu söhbət təxminən 6 il əvvəl olub. 8 milyon ödədikdən sonra məlum durumlar yaşandı və mən biznes adamı olaraq problemlərimin yarandığını gördüm. Sonra biz razılaşdıq ki, onlar mənim ödədiyim pulu geri qaytarsınlar. Əvəzində isə mən təyyarəni geri verdim. Bir müddət sonra «Palmali»dən ödədiyim pulun tən yarısı geri verildi, yəni 8 milyondan 4 milyonu. Həmin vaxtdan indiyə kimi günü-günə satmaqla pulumun qalan hissəsini ödəməkdən imtina edirlər. Təyyarəni isə, səhv etmirəmsə 2013-cü ilin iyununda başqa bir şirkətə satıb İsveçrə bankına olan borclarını ödəyiblər. Mənim pulumun qalanını isə geri qaytarmırlar.

Yenə də ümid edirəm ki, Mübariz Mənsimov bir oliqarx olaraq, bu pulu qaytaracaq. Əslində bu, oliqarxa yaraşan hərəkət deyil. Hər kəs biznes etikası və qaydalarına uyğun davranmalıdır...

Aramızda bununla bağlı yüzlərə məktublaşma həyata keçirilib. Orada söz veriblər ki, borclarını ödəyəcəklər. Halbuki, mən bu pulu onlardan istəməməli idim. Onlar mənim vəziyyətimi görüb özləri gətirib ödəməli idilər. Gör, durum nə yerə çatıb ki, onların ödəməli olduğu pulu çıxıb mətbuat vasitəsilə istəyirəm. Mübariz Mənsimov da, onun qardaşları da Azərbaycan üçün dəyərli insanlardır. Lakin mən də bu pulu cibimə qoymaq üçün istəmirəm. Azərbaycan üçün çox əhəmiyyətli olan bir sahəyə qoyduğumuz yatırımla bağlı ödəniş etməliyəm. Bu gün axırıncı günümdür, saat 6-ya kimi vaxtımız var. Yenə də ümid edirəm ki, Mübariz Mənsimov bir oliqarx olaraq, bu pulu qaytaracaq. Əslində bu, oliqarxa yaraşan hərəkət deyil. Hər kəs biznes etikası və qaydalarına uyğun davranmalıdır.

Arxiv fotosu
Arxiv fotosu

Mənim açıqlamamdan sonra replika veriblər ki, guya onlara ödədiyim pul təyyarə üçün beh olub və yerdə qalan vəsaiti ödəyib təyyarəmi gedib götürə bilərəm. Halbuki 8 milyondan beh olmaz və təyyarə alış-satışındakı beynəlxalq biznes qanunlarına görə də behin batmaq söhbəti yoxdur. Beh geri qaytarılmalı olan borcdur. Əgər məsələ behdən gedirsə, o 8 milyonun 1 milyonu öncədən beh kimi ödənilib, digər 7 milyonunda isə halallaşmışıq. Yenə də deyirəm ki, pulu geri ödəməməyin alternativi yoxdur».

İş adamı həmçinin, dəfələrə mətbuatda maddi durumunun kritik olması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

«Bu dəqiqə dünyada ən zəhləm gedən söz «darıxma yaxşı olacaq»dır. Belə sözləri demək olar ki, hər gün eşidirəm. Həm «Bakı Taxsi», həm də «Bakı Avtobus»un operatoru mənim şirkətimdir. Bayaq dediyim kimi, həyatda belə dərs almamışdım, hamını tanıdım. Yanımda olan insanlar da çox oldu. Xüsusilə «PaşaBank», «Mərkəzi Bank» və «Kapitalbank»a minnətdarlığımı bildirirəm. Onlar məni vəziyyətdən çıxardılar. Demək olar ki, bir çox borclarımı bağladılar. AFFA-nın «Bakı» klubuna ödədikləri vəsait də bizim öz pulumuzdur».

ÖLKƏNİN RƏHBƏRLİYİ DEYƏ BİLƏR...

H.Məmmədov “Lans” və “Bakı” klubunun Anar Məmmədov tərəfindən əlindən alınması ilə bağlı mətbuatda yazılanlara da münasibət bildirib:

Anar Məmmədov
Anar Məmmədov

«Guya «Bakı» klubunu əlimdən aldılar, hansısa evimi girov götürdülər. Bütün bunların mənası yoxdur. Yəni mən o günə qalmışam ki, 100 min tapıb «Bakı»nın işçilərinin maaşını verməyim? Qəti olaraq bildirmək istəyirəm ki, mən nə «Lans»ı, nə «Bakı» klubunu heç kimə verən deyiləm. Nə etməli olduğumu yalnız bu ölkənin rəhbərliyi deyə bilər. Əgər məsləhət olsa, mənim dövlətimin rəhbərliyində olan şəxslər deyərlər ki, bu addımı at, mən də ataram. Ancaq kiminsə gəlib mənim əlimdən klub alması, yerimə keçməsi həyatda mümkün deyil. Mənim Hafiz Məmmədov olmağım və insanlara verdiyim sözlərə necə sadiq olmağım tezliklə məlum olacaq. Yetər ki, bizim biznes tərəfdaşlarımız, alver etdiyimiz insanlar üzərlərinə götürdükləri öhdəlikləri vaxtında yerinə yetirsinlər».

Hafiz Məmmədov sonda qeyd edib ki, ola bilsin ki, barəsində çoxlu şayiələrin yayılmasına səbəb vaxtı-vaxtında mətbuata çıxmaması olub: «Əslində mən vaxtaşırı olaraq mətbuata çıxmalı və durumu dəqiq ifadə etməli idim».

Palmali şirkəti Hafiz Məmmədovun açıqlamalarına hələ heç bir açıqlama verməyib.

XS
SM
MD
LG