Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:59

Bəzəkli ilan və ya qisas


Şəhriyyə Eyvazova
Şəhriyyə Eyvazova

-

Aman Allah, Ibad əminin bədəni yarıyacan ilanın ağzında idi. Var gücümlə qışqırmağa başladım...

Şəhriyyə Eyvazova

BƏZƏKLİ İLAN VƏ YA QİSAS

-Göydən bir ulduz sürüşüb düşdü.

-Əlini aç, ovcuna düşsün. Qorxma, əlini yandırmaz.

-İçindəki rənglərə bax. Uzaqdan göründüyü kimi deyil. Dünyanın bütün rəngləri toplaşıb bir ulduzun içində.

-Bax, mənim rəngim də var.

-Hansı rəngdi elə?

-Pəmbə.

-Çəhrayıdır onun adı.

-Mənə eynək ver, işığı gözümü qamaşdırır.

Ulduzun göydəki yeri qırmızı zolaq kimi qalmışdı. Çox vahiməli görünürdü. Diqqətlə baxanda ilana bənzəyirdi. Ilanın başı insan başı idi. Kinayəli gülürdü.

-Bacı, bəlkə, bu, əsərlərdə oxuduğumuz mifik qüvvələrdi?

-Bilmirəm. Bəlkə də.

Ulduzun axması yavaş-yavaş zülmət qaranlığı gətirdi. Zülmət içindəki sonsuz ümidlər də ölürdü. Yaşanmış hər şey bitdi. Ruhlar cisimləri tərk edib göydəki ulduzun yerini aldılar. Səmadan yenicə yaranan dünyaya tamaşa edirdilər. Bu ruhların arasında mən də varammı?

Səhər yuxudan ayılanda çox gümrah idim. Doyunca yatmış, bədənimdəki bütün yorğunluqları çıxarmışdım. Yuxudan ayılan kimi gözlərim dərhal açıldı. Bu mənim üçün görünməmiş hal idi. Yatağımda artıq qalmaq istəmədim. Pəncərədən gün otağa şığıyırdı. Yerimdən durub vanna otağına keçmək istəyəndə stolun üstündəki kitaba gözüm sataşdı. Üstündə “Ölüm” yazılmışdı. Kitab “məni al, vərəqlə” deyirdi. Kitaba yaxınlaşana kimi beynimdə bir neçə sual doğdu. Bu kitab burda hardandı? Niyə belə gözəl havada heç kim yuxudan oyanmayıb? Kitabı əlimə aldım. Üstündə qırmızı ilan şəkli vardı. Kitabı vərəqlədim. Səhifələri ağ idi. Heç bir yazı yox idi. Maraq məni daha da bürüdü. Bir anlıq yuxuda olduğumu düşündüm. Özümü çimdiklədim. Yoxsa bu realdır?

-Bacı, hardasan? deyə səsləndim. Səsimə səs verən olmadı. Qapını açıb dəhlizə çıxdım. Sakitçilik hökm sürürdü. Dəhlizin içindən yeni bir qapı peyda oldu. Diksindim. Bu nədir axı?

-Bacı, çox qorxuram. Hardasan? Yanıma gəl, noolar.

Bir anda divarlarda qırmızı ilanların süründüyünü gördüm. Mənə baxıb gülürdülər.

-Gəlməyin yanıma. Mənə toxunmayın -deyib ağlamağa başladım. Tez qapını çırpıb evdən eşiyə çıxdım. Küçələrdə heç kim yox idi. Binaların dibi ilə qırmızı ilanlar sürünürdülər. Qarşıdakı dükan açıq idi. Tez qaçıb özümü dükana saldım.

-Salam, Ibad əmi. Mənə çörək ver də .

-Salam, oğlum, necəsən?

Başımı qaldırıb piştaxtanın arxasına boylandım. Ibad əminin özünü görə bilmədim. Yalnız səsi gəlirdi.

-Ibad əmi, pulu götür- deyib pəncəm üstə qalxıb əlimi uzatdım. O, piştaxtanın arxasından göründü. Sanki oturmuşdu, ayağa qalxırdı. Bir anlıq onun daha çox yuxarı qalxdığının fərqinə vardım. Aman Allah, Ibad əminin bədəni yarıyacan ilanın ağzında idi. Var gücümlə qışqırmağa başladım.

Yuxudan oyananda bir müddət çarpayıdan dura bilmədim. Ayaqlarımın məni üstündə saxlamayacaqlarını hiss edirdim. Çarpayının yanındakı güzgünü götürüb özümə baxanda dodaqlarımın şişdiyini gördüm. Qorxudan dodaqlarım uçuqlamışdı. Çox səssiz idim. Özümə qapanmışdım. Mənə verilən suallara başımla cavab verib keçirdim. Sanki başqa bir insan idim. Özümü belə tanımırdım. Həyət başmaqlarımı geyinib bağçaya çıxdım.

Nənəm həmişəki kimi çəpərdə nəsə qurdalanırdı. Axsaq ayağı ilə haralardansa çör-çöp yığıb çəpərə dürtürdü.

-Ay nənə, səhər tezdən nədir yenə özünü işə vermisən? -deyib ona yaxınlaşdım.

Nənəm deyinə-deyinə danışmağa başladı.

-Neyləyim, mən etməyim kim etsin? Yekə kişisən də gəl mənə kömək et. Əgər mən də sizin kimi günortaya kimi yatsaydım, bu torpağı qonum-qonşu çoxdan əlimdən almışdı. Mənəm ki, kişi kimi onlarla dirəşdim, bir əlçə yer də vermədim onlara. Yoxsa başsız qadın görüb hamısı torpağıma göz dikmişdi.

Nənəm danışdıqca qızışır, elə tez-tez çör-çöpü çəpərə soxurdu ki, o, yeri hardan tapırdı hələ də anlamıram.

-Yaxşı, ay nənə, az deyin. Səhər hələ indi açılıb. Günorta hardan oldu?

Nənəm çönüb üzümə baxanda birdən diksindi.

-Oy nənən ölsün. Noolub sənə? Xəstələnmisən? Günün altında durma, keç evə.

Nənəm bir əliylə əl ağacını, bir əliylə də məni tutub öz-özünə deyinirdi “Səhər tezdən də belə isti olar? Elə bil günün günortasıdır. Əsl ilan qaynaşan vaxtdır”.

Ilanın adını eşidən kimi elə bil məni də ilan sancdı. Yuxunun təsirindən ayıla bilmirdim.Yemək də yemədən otağıma çəkildim. Kitab rəfindən kitablardan götürüb vərəqləməyə başladım. Əslində yeni bir kitab yox idi, hamısını oxumuşdum. Sadəcə nə iləsə başımı qatmaq istəyirdim. Gözüm yuxuda gördüyüm kitabı axtarırdı “ Ölüm”. “ Bəlkə, məndə belə bir kitab var, xatırlamıram?” Dəli kimi kitabların arasından kitabı axtarırdım. Yox idi. Yerimdə bir qərar tuta bilməyib yenidən bağçaya çıxdım. Həyətin ortasında böyük bir qoz ağacı vardı. Illər öncə dayım ağacın kölgəsində yuxuya getmişdi. Ondan sonra halı pisləşdi. Iki günün içində dünyasını dəyişdi. Dərdini də bilən olmadı.

Kəndin qoca qarıları “qoz ağacının altında yatmaq olmaz, insana ölüm gətirir” deyirdilər. O gündən sonra nənəm o ağacı kəsdirdi. Yerində iri bir kötük qalmışdı. Doğrudan da, o kötüyün üstündə belə oturanda insanı yuxu tuturdu.

Gəlib kötüyün üstündə oturub dayımı düşündüm. Onunla gözəl günlərimiz keçmişdi. Birdən gözüm qamaşdı. Elə bildim gözümə güzgüdən işıq saldılar. Əllərimlə üzümü tutdum. Gözümü açanda qarşımda iri, bəzəkli bir ilan dayanmışdı. Nitqim qurudu. Bütün bədənim keyidi. Gözümü ilandan çəkə bilmirdim. Bir anlıq düşündüm ki, ilana üstündə bütün rənglərdən bəzək çəkilmiş qırmızı atlas geyindiriblər. Əlim-ayağım boşalmışdı. Ilanın gözləri insan gözünə bənzəyirdi. Mənə dikilib qalmışdı. Qorxudan nəfəsimi saxlamışdım.Gözümü yumub dərindən bir ah çəkdim. Allahımdan kömək istəyirdim. Gözümü açanda ilanın sürüşüb çəpərdən qonşu həyətə keçdiyini gördüm. Bilmirdim qorxudan ağlayım, ya sağ qaldığım üçün sevinim. Məni gülmək belə tutdu. Deməli, çəpərdə hələ də çör-çöp soxmağa yer var.

Ayağa durub evə getmək istəyəndə Ibad əmigildən qışqırıq səsləri gəldi. Qoca anası “ilan qardaşlarının qisasasını balamdan aldı” deyib ağlayırdı.

Qışqırıq səsləri yaxınlaşırdı. Qapının bərk döyülməsinə yuxudan ayıldım.

-Ay bala, gün günorta oldu. Bəs biz bazara nə vaxt gedəcəyik?

Qışqıran Ibad əmi idi. Tez paltarımı geyinib qapını açdım.

-Bağışla, əmi, yatıb qalmışam. Gəl gedək.

Qapıdan çıxdıq.Çəpərin yanından keçərkən gözlərim qamaşdı. Görəsən, bu da mı yuxudur?

XS
SM
MD
LG