Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Naxçıvanda sığorta ödəməyənə su vermirlər


Arxiv foto
Arxiv foto

-

Naxçıvanın sığorta agentlikləri payızlıq taxıl əkini sahələrinin sığortalanması işini davam etdirir. Bu haqda Muxtar Respublika Ali Məclisinin rəsmi orqanı olan «Şərq qapısı» qəzeti yazır. Məlumatda bildirilir ki, «əkin sahələri sığortalandıqdan sonra yanğın, dolu, sel, daşqın və ya şaxtavurma zamanı məhsula dəyə biləcək maddi zərərlər sığorta agentlikləri tərəfindən ödəniləcək».

Əkin sahibləri isə AzadlıqRadiosuna bildirirlər ki, təbii fəlakətlər baş verdikdə ödədikləri sığorta haqlarının qarşılığında kompensasiya ala bilmirlər. Üstəlik, onlar deyir ki, bu sığorta icbari olmasa da onlardan müxtəlif üsullarla məcburi yığılır.

«SIĞORTA ÖDƏMƏSƏN, SU DA YOXDU...»​

Babək rayon Nehrəm kənd sakini Məhəmməd Məmmədov deyir ki, hər il 10 hektara yaxın taxıl əkir. O bildirir ki, hər dəfə də ondan müxtəlif yollarla sığorta pulu alıb, əvəzində heç bir sənəd təqdim etmirlər:

«Hər dəfə taxılı suvaranda hektara 10 manat sığorta, 6 manat da supulu alırlar. Verməsən, su da vermirlər, əkin yanır. Məcbur olub veririk. Oturub orada, deyir ki, verməsən su da yoxdu. Bu pulu da qeyri-qanuni alırlar. Heç bir sənəd təqdim etmirlər. Keçən il mən şikayət etmişdim, dedilər sən qarışma. Əgər, nəyəsə qiymət qoyulursa, nazirlər kabinetinin, yaxud prezidentin bununla bağlı qərarı olmalıdı. Həmin qərarı istəyirəm, vermirlər. Bizdən aldıqları pulun qarşılığında sənəd vermirlər ki, ziyan dəyəndə də gedib əvəzin alaq. Belə hal olanda deyirlər ki, bizimlə müqavilən yoxdur deyə, heç nə ödəyə bilmərik. Deyirəm, o zaman gəlin müqavilə bağlayaq. Deyirlər ki, başımıza hava gəlməyib ki, müqavilə bağlayaq, onsuz da həmin pulu əkinçilərdən alırıq . Bir neçə dəfə təbii fəlakətlər olub, camaat gedib konpensasiya ala, verməyiblər. Qeyri-qanuni pulu alıb qoyurlar ciblərinə, deyirlər xoş getdin».

«SIĞORTA PULUNU ÖDƏ, SONRA...»​

Təhlükəsizliyi baxımından adının çəkilməsi istəməyən digər sakin deyir ki, istər əkin sahələri, istərsə də digər sığortanı onlar qanunsuz inzibati əngəllərlə qarşılaşırlar:

«Sığortanı ödəməyəndə, icra nümayəndəliklərindən lazım olan sənədləri ala bilmirik. Yaşayış yerindən arayış, yaxud digər bu kimi sənədlər istəyəndə, deyirlər ki, sığorta pulunu bizə ödə, sonra verək. Bunu verməyəndə həmin sənədləri də vermirlər. Ehtiyac olanda ödədiyimiz sığortanın əvəzini də ala bilmirik».

RƏSMİLƏR TƏKZİB EDİR...

Babək rayon İcar Hakimiyyətindən rayon sakinlərinin iddiası ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədilər.

Naxçıvan Muxtar Respublika Dövlət Baş Sığorta Agentliyindən isə əkinçilərin iddialarını rədd edirlər. Agentlikdən bildirdilər ki, Naxçıvanda sığrtaların yığılması və kompensasiyanın ödənilməsi qanunvericiliyə uyğun həyata köçürülür.

Qanunvericiliyə əsasən, əkin sahələri sığorta olunarsa, təbii fəlakət zamanı dəyən ziyanın yarısı sığorta agentlikləri tərəfindən ödənilməlidir.

XS
SM
MD
LG